PDF Oxu

Müxalifət

  • 13

“İctimai Palata”da qiyam gözlənilir

“İctimai Palata”da qiyam gözlənilir

Azərbaycanın radikal müxalifətində "birləşmə" cəhdləri ilə bağlı vəziyyətdə ciddi dəyişiklik hiss olunmur. "İctimai Palata", "Qarabağ" bloku və "Üçlər" qrupu müxalifət düşərgəsindəki müxtəlif qüvvələrin "güc mərkəzləri" olduqlarını bəyan edir, həmin təşkilatlarda təmsil olunmayan digər müxalif siyasi qurumlar isə belə bəyanatların əsaslı olmadığını, yararsızlığını vurğulayırlar. Bu müstəvidə daha ciddi tənqidlərə məruz qalan isə parlament seçkilərindən sonra yaradılan "İctimai Palata"dır. Belə ki, müxalifət düşərgəsində təmsil olunan bir sıra partiya nümayəndələrinin fikrincə, sözügedən qondarma struktur, əslində, AXCP (i) və Müsavatın tam nəzarətində və inhisarında olan bir qurum kimi müxalifətin nəinki geniş, hətta dar çərçivədəki birliyini təmsil edə bilməməkdədir.

Bunu qurumda təmsil olunan müxalifət funksionerləri də dolayısı ilə etiraf edirlər. Məsələ ondadır ki, Müsavat partiyasının divan üzvü, Adil Qeybullanın fikrincə, "İctimai Palata" davranış və mövqelərinə yenidən baxmalıdır: " Müxalifət düşərgəsində müəyyən qüvvələr və partiyalarda xırda maraqlar, ifrat ambisiyalar, reallığın nəzərə alınmaması indiyədək çox ciddi problemlər yaradıb. Bu gün də həmin vəziyyəti müşahidə edirik. Hesab edirəm ki, hər kəs özünə tənqidi yanaşmaqla bu problemin həlli yollarını aramalı, müxalifətin geniş koalisayasına can atmalıdır. Belə olmasa, əvvəlki uğursuzluqlar daha betər təkrarlanacaq".

Müsavat yetkilisinin fikirlərindən də aydın olur ki, o, burada "qarmağı" AXCP (i) sədri Əli Kərimova, eləcə də, öz başqanı İsa Qəmbərova atır. Yəni "ifrat ambisiya" dediyi zaman məhz hər iki partiya sədrini nəzərdə tutur. Çünki "İctimai Palata" hər ikisinin monopolist düşüncəsi altında yox olmaqdadır. Digər tərəfdən A.Qeybulla hesab edir ki, müxalifət qüvvələri arasında kimin hegemon, kimi də zəif olması araşdırılmamalıdır: "Ümumiyyətlə, "İctimai Palata"da siyasi partiyaların təmsilçiliyinə çox diqqətlə yanaşılmalıdır". Yəni onun sözlərinə görə, "İctimai Palata" qapılarının hər kəsin üzünə açıq olduğunu desə də, müxalifətin birləşməsi məsələsi gündəmə gələndə, növbəti dəfə problemlər yaranır. Həmin problemləri isə Ə.Kərimovla İ.Qəmbərov yaradır. Daha dəqiq desək, A.Qeybullanın fikrincə, məqsəd və hədəflərdən yayınma üsullarında AXCP (i)-Müsavat qarşıdurması da müəyyən rol oynamaqdadır. Onlar öz maraqları naminə müxalifətin parçalanmasını sürətləndirirlər: "Əsas məsələ "İctimai Palata"da təmsil olunan partiyaların maraqlarının təminatıdır. Mən də hesab edirəm ki, həmin partiyaların maraqları tam təmsil olunmalıdır. Ümumiyyətlə, "İctimai Palata"nın ən böyük yanlışlıqlarından biri ilkin bəyan edilən məqsəd və hədəflərdən sonradan yayınmasıdır".

Göründüyü kimi, "İctimai Palata"da təmsil olunmayan partiyalar kimi, həmin qurumda fəaliyyət göstərən partiya funksionerləri də artıq öz etiraz səslərini qaldırmağa başlayıblar. Müsavat partiyasının divan üzvü Adil Qeybullanın bu barədə danışması isə yaxın günlərdə istər, ümumilikdə, radikal müxalifət düşərgəsində, istərsə də "İctimai Palata" daxilində bir etiraz dalğasının, qiyamın baş verməsinə olan işarə kimi də dəyərləndirilə bilər.


R.RƏSULOV

Digər xəbərlər