AXCP (i) sədri Əli Kərimovun ADP-nin qərargahında "gənclərlə görüşü" rüsvayçılıqla müşayiət olunub. Belə ki, partiya funksionerlərinin və AXCP (i) gənclər təşkilatının ciddi- cəhdlərinə baxmayaraq, tədbirə cəmi 40-a yaxın partiya funksionerinin övladını, qohum-əqrəbasını cəlb etmək mümkün olub.
Ə.Kərimov eyforiyaya, pafosa və özünütərifə digər müxalifət liderlərinə qarşı da ittihamlar irəli sürüb. O, öz fəaliyyəti, "mübarizliyi" haqqında danışaraq, şəxsini (şəxsiyyətsizliyini) gənclərə "nümunə" kimi göstərməyə cəhd göstərib. Məsələ ondadır ki, AXCP (i) sədri İsa Qəmbərovun, Rəsul Quliyevin və digər müxalifət liderlərinin limitinin bitdiyini, partiyasının da "ana müxalifət" olduğunu və qondarma "xalq hərəkatı"na yalnız özünün rəhbərlik edəcəyini deyib.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikrincə, müxalifət düşərgəsində "liderlik" uğrunda mübarizə həmişə özünü qabarıq büruzə verib. Təsadüfi deyil ki, onlar həmişə bir-birinə qarşı kampaniya təşkil ediblər, bir-birini aşağılamağa, gözdən salmağa çalışıblar və Ə.Kərimovun mövqeyi bu halın hələ də davam etdiyini açıq göstərir. "Düşünürəm ki, Ə.Kərimov reallıq hissini itirib və bu, onun üçün heç də yaxşı nəticə vəd etmir. Azərbaycanda radikal müxalifətçilik bir ənənə kimi artıq tarixin arxivinə gömülüb".
Ölkədə konstruktiv, ümummilli məsələlərin həllinə yönəlmiş sivil siyasi münasibətlər sistemi formalaşdığını deyən E.Musayev onu da qeyd edib ki, nostalji hisslərdən qurtula bilməyən "cəbhə" sədri və onun kimilər keçmişi reanimasiya etmək, üstəlik, gəncləri bu prosesə cəlb etmək niyyətindədirlər: "İnanmıram ki, Azərbaycan gəncliyi onun imkanlarından, gücündən, potensialından öz siyasi ambisiyalarının reallaşması üçün sui-istifadə etməyə çalışan insanların ardınca getsin, onlara meydan versin".
ADMP sədri bir daha vurğuladı ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizdə baş verən köklü dəyişikliklərin, müasirləşmə prosesinin fəal iştirakçılarıdırlar və sözün həqiqi mənasında, dövlətin qayğısını, dəstəyini hiss edirlər: "Azərbaycan gəncliyinin mövqeyi birmənalıdır və onu dəyişmək əli kərimovların işi deyil".
RÖVŞƏN