Bu günlərdə ölkə rəhbəri tərəfindən atılmış əhəmiyyətli humanist addım Azərbaycan xalqı tərəfindən çox sevinclə və rəğbətlə qarşılandı. Bu mühüm addımın Dünya Azəbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində atılması bir çox yüksək məqamları ehtiva edir ki, bunlardan da ən əsası məhbusların bayramqabağı öz yaxınlarına, doğmalarına, ailələrinə qovuşmasıdır.
Ancaq necə deyərlər, ölkə rəhbərliyinin növbəti müdrik, humanist addımı da radikal müxalifət ağzıgöyçəklərinin dilində tikanlı qanqal otu çıxarıb. Dil-boğaza qoymayan xəbis düşüncəli insanlar (onlara insan demək də düzgün deyil!) gah bir, gah da digər forma və üslublarda xəbisliklərini, qısqanclıqlarını aşkar şəkildə büruzə edirlər. Hələ üstəlik, şadlıqlarına şitlik edib, bir sıra "Amnesty İnternational" tipli xarici ermənipərəst təşkilatların hesabatlarından sevinc hissləri keçirirlər. Nədi-nədi, həmin adıçəkilən təşkilat verilən əfvi "yetərli" hesab etmirmiş (?!) Amma bunlar nə edirlərsə etsinlər, çünki kor-kor, gör-gördür. Kor olan onlar, görən isə bizlərik. Bizlər isə onlardan fəqli olaraq xalq çoxluğuyuq. Özü də prezidentinin, dövlətinin, dövlətçiliyinin ətrafında sıx birləşən xalq çoxluğu!
Lakin gəlin mövzunun daha da dərinliyinə gedib, amnistiya aktından yararlanan AXCP (i) gənclər təşkilatının üzvü, narkotik maddələrin saxlanması və istifadə edilməsi kimi cinayət tərkibli əməlinə görə həbs olunmuş Cabbar Savalanlı barədə fikir bildirək. Bu adam indi də durub iddia edir ki, bəs guya həbsxanada bit-birə sayarkən, əfv olunmağı üçün ərizə-filan yazmayıbmış (?!) Həə, bax, burada deyirik STOP!
Yəni, ay Cabbar, sən bu qədər düşüncəsiz insansan və bilmirsən ki, ərizə yazılmasa, əfv olunanların siyahısına düşmək qeyri-mümkündür? Yəni, sən o qədər səysən və anlamırsan ki, öz əllərinlə 2011-ci ilin 10 avqust tarixində əfv olunmağınla bağlı ərizə ilə müraciət etmisən? Sən o qədər böyük qələt sahibisən ki, pentensiar xidməti yanında ictimai komitə ola-ola, millətin üzünə durub ağ yalan danışırsan? Axı sənin yazdığın ərizə bu gün-sabah mətbuat vasitəsilə ictimailəşdiriləcək. Bax, onda qalacaqsan suyu süzülə-süzülə ki, məni məcbur etdilər, mənə Əli Kərimov tapşırmışdı ki, belə edim. Ancaq onda da gec olacaq. Çünki bu qədər böyük addımın qarşısında bu qədər cılızlıq göstərməyin özü elə Savalan dağı boyda olan nəhəng qələtdir!
Bu gün C.Savalanlıdan qondarma, yaxud da müqəvva "qəhrəman" düzəltmək istəyənlər də bilməlidirlər ki, onların bu günə qədər törətməyə cəhd göstərdikləri hər bir xəbis addım lənətlənir və pislənir. Hər halda, bu kimi idbar siyasi fəaliyyətlə məşğul olmaqdansa, gedib vaxtilə tökdükləri zir-zibilli əməllərini təmzilənsinlər. C.Savalanlının isə hələ ki, vaxtı var. Qoy səhvini düzəltsin, ağıllansın və həqiqətən də, onu pis əməllərə sövq edən sədri Ə.Kərimovdan haqq-hesab sorsun. Daha xalqın qarşısında üzəduranlıq etməsin. Unutmasın ki, kişilik deyilən məfhum var və bu məfhumda üzəduranlıq qəbul olunmur. Amma neyləyəsən ki, C.Savalanlı kimi üzəduranın Ə.Kərimov kimi üzdəniraq sədri var. Allah birinə ağıl, o birinə isə qeyrət versin. Lakin bir tərəfdən də sən demə, arxadan atılan daş topuğa dəyirmiş...
RÖVŞƏN