2011-ci il ölkədə özlərinə "ənənəvi müxalifət" adı verən radikal müxalifətin ciddi uğursuzluğu ilə yadda qaldı. Əgər xronoloji ardıcıllıqla baxsaq, 2011-ci ilin əvvəlindən dağıdıcı müxalifət parlament seçkilərindən sonra yaranmış "İctimai Palata"nı ictimaiyyətə sırımağa cəhd etdi.
İlk əvvəllər müxalifət liderlərində bu quruma qarşı "böyük ümidlər" də yaranmışdı. Hətta bəzi radikal dairələr seçkidən narazı ayrılmış namizədlərin yaradacağı qurumu "alternativ parlament" kimi xarakterizə edirdilər. Amma sonra bu addımın olduqca təhlükəli olduğunu anladılar və yeni qurum "alternativ parlament" deyil, "İctimai Palata" adlandırıldı. "Ənənəvi müxalifət" ideya və təşkilati baxımdan dəyişə bilmədiyindən "İctimai Palata" da müxalifətin bildiyi şəkildə formalaşdı. Yəni keçmiş "Demokratik konqres" kimi. Lakin "İctimai Palata" ilboyu iclas keçirmədən o yana gedə bilmədi.
Yazda ərəb dünyasında baş verən hadisələr radikal müxalifətdə yenidən pafos yaratdı. Çünki baş verənlər ümumdünya prosesi olduğundan bütün ölkələrə təsirsiz ötüşməyəcəkdi. Amma məsələ burasındadır ki, "ərəb baharı" Azərbaycandan fəqli olaraq, yalnız iqtisadi baxımdan axsayan, əhalisinin sosial rifah halı aşağı olan, demokratik sabitliyi olmayan ölkələrə təsir edə bilərdi və etdi də. Yəni radikal müxalifət "ərəb baharı"nın pafosunu Azərbaycana təsir edib-etməyəcəyini düzgün hesablaya bilmədi. Nəticə isə sözügedən pafos özünü mart-aprel fiaskosunda göstərdi.
Onsuz da 2003-cü ilin 15-16 oktyabr prezident, 2005-ci ilin 25 noyabr parlament seçkilərindən sonra düşərgə daxilində yaranmış çəkişmələr dağıdıcı müxalifəti cəmiyyətin gözündən salmışdı. Hətta bir neçə il radikal təxəyyüllü müxalifətin qaragüruhçu partiya sədrləri bir-birilərinə qarşı "qara piar" arardılar, bir-birilərinin sosial bazasını sıradan çıxarmağa çalışdılar. Hədəf əsasən Müsavat idi. AXCP (i) ALP və digər müttəfiqləri Müsavata qarşı qurşaqdan aşağı öldürücü zərbələr vurdular. Amma parlament seçkilərində Müsavatla AXCP (i) bir yenidən siyasiləşmiş teatr səhnəsi fonunda araya gəlmək məcburiyyətində qaldılar. Bunu isə ayrı-ayrılıqda partiya funksionerləri və sıravilər qəbul etmədi. Hətta azsaylı elektorat Müsavatla AXCP(i)-nin "İctimai Palata"da bir araya gəlməsinə də ciddi nəzərlərlə baxmırdı. "Palata" daxilində münasibətlər o qədər qeyri-səmimi və artistlik səviyyəsində idi ki, hətta radikal müxalifət kütləvi aksiyalar məsələsində də ümumi razılığa gələ bilmədi. Belə ki, Müsavat öz icazəsiz aksiyasını təkbaşına keçirdi. Aşkar görünürdü ki, cəmiyyət "İctimai Palata"ya qarşı hiddətlidir.
Daxili rəqabət, partiyaların bir-birini vurması, parçalamağa çalışması da öz təsirini göstərirdi. Yaz aylarında Müsavat partiyasını tanınmış funksionerlər tərk etdi. Sülhəddin Əkbər, İbrahim İbrahimli və Qabil Hüseynli bəyanat verərək partiyadan getdilər (Adil Qeybulla da istefa verənlər arasında idi, amma sonra müəyyən vədlər və məbləğ xatirinə geri qayıtdı). O zaman AXCP (i) öz müttəfiqinin yanında olmaqda, gedənlərə tribuna verdi, onları Müsavatın elektoratını parçalamağa həvəsləndirdi. Bütün bunlar "İctimai Palata" daxilində münasibətlərin heç də yüksək səviyyədə olmadığını göstərirdi. Aprel ayında radikal müxalifətin (öncə bu qərarı AXCP (i) çıxardı) kütləvi aksiyalara son qoyması barədə çıxardığı qərar "İctimai Palata"nın fiaskoya uğradığını göstərdi. Apreldən müxalifətçi elektoratın daha da passivləşməsi başlandı. Hazırda "İP" adlı qurumun yarandığı günlər olduğu kimi, indinin özündə də siyasi proseslərə təsiri sıfırdır.
Bu arada sabiq spiker Rəsul Quliyev özünü ortaya atdı. "Milli Hərəkat" adlı qurumun yarandığını elan etmiş eks-srikerin ən böyük rəqibi isə "İctimai Palata"dır. Hazırda isə "İP"-in nəzarətində olan mətbuat orqanları R.Quliiyevə qarşı amansız müharibə ararırlar.
Siyasi analitiklər hesab edir ki, nə sabiq spiker, nə də "İctimai Palata"da cəmləşən partiyalar siyasi proseslərin önünə çıxa bilməyəcəklər. "İctimai Palata"nın dağılacağı, müxalifətdə isə yeni, sağlam və daha konstruktiv siyasi qüvvələrin ortaya çıxacağı gözlənilir.
Rövşən