Radikal müxalifət partiyaları yenə də nəyəsə ümid edərək, qarşıdan gələn prezident və parlament seçkilərinə köhnə taktikaları ilə hazırlaşmaqda "israrlı" olduqlarını sərgiləməyə cəhdlər göstərirlər. Belə ki, bu dəfə də əvvəlki kimi hər bir müxalif siyasi təşkilatı özünü "müxalifətin hərəkətverici qüvvəsi" hesab etməklə ambisioz çıxışlar edir, guya bununla öz "gücünü" göstərir. Məhz bu və bu kimi digər səbəblərdəndir ki, radikal müxalifət daxilində "vahid namizəd" olmaq üstündə ciddi qarşıdurmalar başlayıb. Artıq neçə illərdir ABŞ-da məskunlaşan, siyasət amilinə aidiyyatı olmayan, kitab yazaraq hərdən digər müxalifət liderlərinin ünvanlarına təhqiramiz ifadələr işlədən Rəsul Quliyev belə, öz təbirincə, "siyasi fəallıq" nümayiş etdirməyə başlayıb.
Ancaq bütün bu çabalara, əl-ayaqdan getmələrə baxmayaraq, bir müxalifət "lideri" də mövcuddur ki, onun adı hər kəsə bəllidir: Əli Kərimov... Bu cəhətlər onun son zamanlar atdığı addımlarda da açıq-aşkar hiss olunur. AXCP (i) sədri hazırda "İctimai Palata"da söz sahibi olmaq üçün dəridən-qabıqdan çıxır. O, "palata"nın keçirdiyi son toplantılarda ardıcıl qaydada iştirak edir, hər dəfə son sözü deməyə cəhdlər sərgiləyir. Yəni əl-qolunu ölçə- ölçə etdiyi çıxışlarda müxalifətin radikal qanadının azsaylı elektoratının "ürəyini fəth edəcək dərəcədə sərt" olmağa səy göstərir. Ancaq onun hədəfləri arasında digər müxalifət liderləri də olur. Məsələn, Ə.Kərimov son toplantılardan birində İsa Qəmbərov, Rəsul Quliyev və digər müxalifət liderlərinin limitinin bitdiyini, AXCP (i)-nin isə "ana müxalifət" olduğunu və proqnozlaşdırdığı "xalq hərəkatına" yalnız özünün rəhbərlik edəcəyini iddia edib. Məhz buradan da hiss olunur ki, Ə.Kərimov həm ictimaiyyətə "demokrat" kimi sırınan radikal düşərgənin, həm də digər dövlətlərin təsiri altında olan radikal dindar kəsimində "ürəyini qazanmağa" çalışır. Məsələn, o, son müsahibələrində bu cür şəxslərin mövqelərinə uyğun gələn açıqlamalar verməkdədir. Hətta o da hiss olunur ki, Ə.Kərimov bir sıra gəncləri də öz ətrafında birləşdirmək amacı ilə bütün alçaq addımlar atmağa necə qadir olduğunu nümayiş etdirir. Onun ADP-nin qərargahında gənclərlə keçirdiyi görüş də bu baxımdan diqqəti cəlb edir. Belə görünür ki, 20 ildən artıq bir müddətdə nostalji hisslərdən qurtula bilməyən AXCP (i) sədri yenə də keçmişə qayıtmaq, hətta gəncləri də bu prosesə cəlb etmək niyyətindədir.
Bütün bu hərəkətlər Kərimovun radikal müxalifətin "anası" olmaq üçün ciddi şəkildə hərəkətə keçdiyini göstərir. Və şübhə yoxdur ki, onun bu fəallığı müxalifət düşərgəsində onsuz da möhkəm olmayan birlik işartılarını darmadağın edə bilər. Yəni şübhə yoxdur ki, Ə.Kərimov radikal müxalifətin heç də bütün qüvvələri tərəfindən birmənalı qəbul edilmir. Onun demək olar ki, müxalifət düşərgəsindəki əksər tanınmış simalarla, eləcə də, siyasiləşmiş ictimai birlik rəhbərləri ilə tükənməyən şəxsi problemləri mövcuddur. Hətta "İctimai Palata"nın koordinasiya şurasında təmsil olunan şəxslərin də çoxunun onunla münasibətləri heç də normal səviyyədə deyil.
Başqa yöndən baxdıqda isə digər müxalifət liderlərinin onun iddiaları ilə razılaşacağını düşünmək, təbii ki, sadəlövhlük olar. Bunun nəticəsidir ki, Müsavat başqanı İsa Qəmbərov məhz müxalifətin "vahid lideri" olmaq xülyasını nəzərə alaraq partiyasının başqanlığından getmək niyyətindən yan keçib. Onunla Ə.Kərimov arasında qaynaqlanan şəxsi münasibətlər də normal səviyyədə deyil. Sadəcə, bir məsələni xatırlatmaq kifayətdir ki, İ.Qəmbərov hələ keçən ilin ortalarında AXCP (i) sədrini öz partiyasının qərargahından qovub. Xeyli diqqət yetirsək, görərik ki, məhz həmin vaxtdan etibarən AXCP (i) sədri öz görüşlərini daha Müsavat qərargahında deyil, ADP qərargahında keçirir.
Mühacirətdə yaşayan Rəsul Quliyev də son vaxtlar açıq şəkildə seçkilərdə iştirak etmək niyyətlərini ortaya qoyur. Bu, o deməkdir ki, Əli Kərimovun da onunla ulduzu barışmayacaq.
R.RƏSULOV