"KXCP" sədri Mirmahmud Fəttayev müxalifət daxilində yaranmış parçalanmadan istifadə edərək, öz dividendlərini təmin etməkdən ötrü hərəkətə keçməyə başlayıb. Belə ki, "İctimai Palata"ya və digər müxalifət qurumlarına alternativ yaratmağı planlaşdıran M.Fəttayev özünə yeni qurum- "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı"nı yaradıb ki, bu, onsuz da dağılmaq və parçalanmaq həyatı sürən müxalifət düşərgəsinə ciddi zərbə kimi qiymətləndirilir. Məlum olduğu kimi, adıçəkilən "hərəkat"da "Aydınlar" partiyasının sədri Qulamhüseyn Əlibəyli, "Azadlıq" partiyasının sədri Əhməd Orucov, "Açıq Cəmiyyət Partiyası"nın sədri Vaqif Mahmudov və Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev cəmləşib.
Digər tərəfdən Mirmahmud Fəttayev iddia edir ki, onun yaratdığı "hərəkat", əslində, müxalifət düşərgəsindəki başqa siyasi qurumlara qarşı alternativdir və onların qurumu daha güclüdür. Ancaq nəzərə alsaq ki, bu günə qədər radikal müxalifət düşərgəsində neçə-neçə bu kimi "hərəkatlar" yaranıb və yarandıqları gündən də iflasa uğramağa başlayıb, onda bu cür söyləntilərin heç bir əsası olmadığını görərik. Yəni irəli sürülən hər bir fikir yalnız fərziyyələrdən ibarətdir. Ona görə də M.Fəttayev fərziyyə edir ki, "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkat"ı sən demə bu günə qədər yaradılanlar arasında ən güclüsüymüş: "Mən elə deməzdim ki, müxalifətin daha geniş birliyi olmadı. Ən azından indiyə qədər olan birliklərin, bu gün səhnədə olan müxalifət birliklərinin ən genişi bizim "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatıdır" (?)
"KXCP" sədri burada keyfiyyəti deyil, kəmiyyəti düşünür desək, yanılmarıq. Çünki M.Fəttayev bu kimi qurumları partiyaların sayı ilə ölçür: " Hər kəsin haqqı var ki, təmsil olunduğu qurumun daha güclü olduğunu iddia eləsin, biz buna bir söz demirik. Orda iki partiya, namizədlər və s. var. Bizim hərəkatda da kimlərin və hansı qüvvələrin olduğu ortadadır".
Ancaq hansı partiyalarla dedikdə, bəlli olur ki, adları çəkilən hər bir partiya bir sədrdən, bir də qovluqdan ibarətdir. Ona görə ki, adları çəkilən partiyaların heç bir sosial dayaqları və elektoratları mövcud deyil. Onu da nəzərə alsaq ki, "İctimai Palata" adlı qondarma qurum bu günə qədər heç bir qazanc əldə edə bilməyibsə, demək, M.Fəttayevin qurumu ümumiyyətlə heç bir şey etmək bacarığında olmayacaq. Çünki bu qurum da digərləri kimi şəxsi mənfəət güdməklə məşğuldur. Ona görə də partiyaların sayı heç bir rol oynamır.
"KXCP" sədrinin bir az da irəli gedərək, yaratdıqları qurumdan "fil" düzəltmək ambisiyaları istehza doğurur: "Bu yöndə bizim də fəaliyyətimizi görəcəksiniz və mən hesab edirəm ki, burda kimlərsə qarşılaşdırmaq və müqayisə aparmaq doğru deyil. Heç kəs də narahat olmasın. Biz indiyə qədər olan müxalif qurumlara, bloklara qarşı alternativik".
M.Fəttayev "İctimai Palata" yetkililərinin onları düşərgəni parçalamaqda ittiham etmələrinə münasibətini açıqlayarkən, onu da deyib ki, onlar müxalifəti parçalamaq məqsədi güdmürlər.Amma hər şey göz önündədir.
R.Kamalqızı