PDF Oxu

Müxalifət

  • 10

RADİKALİZM VƏ QARAGÜRUHÇULUQ

RADİKALİZM VƏ QARAGÜRUHÇULUQ

Bu gün radikal müxalifət düşərgəsinin qondarma "təmərküzləşməsi" prosesi tamamilə fərqli məcrada "inkişaf" etməkdədir. Bu "inkişaf"ın görünən və görünməyən tərəfləri mövcuddur ki, hazırda onun ətrafında bəzi müxalifət mətbuat səhifələrində, müxtəlif müxalifətyönlü siyasi dairələrdə bəzi mülahizələr aparılır. Ancaq hansı istiqamətdə olmasından asılı olmayaraq, bu mülahizələr yalnız bir nöqtəyə doğru yönlənir - daxili xofdan doğan iflasa doğru. Və maraqlıdır ki, sözügedən xof nədən yaranıb ki, radikal müxalifət, xüsusilə, "İctimai Palata" və bu kimi "palataya" alternativ qurumlar yenidən gecə-gündüz "inqilab eyforiyasından" dəm vururlar və hansı "zərurətdən", hansı məqsədlə?

Əslində, bu kimi suallara cavab axtarmaq elə də çətinlik yaratmır. Bu gün Azərbaycanda gedən davamlı inkişaf və tərəqqinin, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasının, quruculuq və abadlıq işlərinin geniş vüsət almasının arxasında, təbii ki, gözügötürməzliklər və digər bu kimi əlamətlər var. Həmin əlamətlərin bir mikrob, rüşeym kimi yoluxucu xarakter alması isə radikalizm ünsürlərinin daxili aləmlərində bir qorxu, bir xof yaradır. Bəli, məhz qorxu və xof.


AZƏRBAYCANI BAŞQA

ÖLKƏLƏRLƏ SƏHV SALANLAR


Bu günlərdə "İctimai Palata"nın rəhbərliyi yenidən bir yerə toplaşaraq siyasi ölüm xofundan necə qurtulmaları ətrafında müzakirələr keçirmək istəyiblər. Hətta məsələlər ətrafında daha hansı "mövzuların" onlara "sərf" etməsi də məlum olmur. Yəni sözügedən faktor əsassızlıq üzərində "formalaşır". Gah "gənclər siyasəti", gah "sosial-şəbəkə çağırışları", gah da "məişət siyasəti" üzərində var-gəl edən radikal müxalifət qaragüruhçuları bütün mənalarda "üstünlüklərini" nümayiş etdirməyə cəhdlər göstərirlər. Guya bütün bu manevrlərin haradan, nəyin bahasına qaynaqlanmasını ictimaiyyət bilmir. Ancaq radikalizmin dağıdıcı "liderləri" unutmamalıdırlar ki, ictimaiyyətin. Xalqın hər şeydən kifayət qədər xəbəri var. Xalqın xəbəri var ki, radikallar "inqilab" şüarlarını səsləndirərkən, onların boğazlarından çıxan hər bir kəlmənin kökündə valyutalar var və bu valyutaların nəticəsidir ki, onlar bir az da irəli gedərək, "inqilabdan" dəm vururlar. Amma bütün məqamlarda Azərbaycanı başqa ölkələrlə qarışdırırlar. Çünki Azərbaycanda "ərəb küləyinin" əsəcəyini düşünənlər unudurlar ki, ölkədə yalnız bir külək əsir - DEMOKRATİYA VƏ RİFAH KÜLƏYİ.


SÜNİ "AKSİYALARDAN"

DOĞAN HƏQİQİ AKSİOM


Bu gün ölkədə yaranmış sabitliyə öz təbirlərincə "münasibət bildirən"lər artıq nəyə əl atacaqlarını belə bilmədən çaşqınlıqlar içində itib-batmaqdadırlar. Hətta hansı statusa malik olduqlarını bilməyən radikalizm təfəkkürlü insanlar siyasi savadsızlıqlarını da müxtəlif cür "aksiyalarla" ört-basdır etməyi düşünürlər. Guya ölkədə "mülkiyyət hüquqlarının pozulması hallarının miqyasının genişlənməsi" adı altında iki-üç nəfər araqarışdıranı müdafiə edib süni elektorat toplayacaqlarını zənn edənlər burada da möhkəm yanlışlıqlara yol verirlər. Onların guya ölkədə "plüralizm standartlarından" çıxış etmələri daha bir neçə nüansları qabardır. Məsələn, məlum olur ki, dövlət tərəfindən kompensasiyaları ödənilmiş və heç də narazı olmayan vətəndaşları öz tərəflərinə cəlb etməkdən ötrü bütün rəzilliklərə gedən radikalizm ünsürləri müxtəlif şirnikləndirici vədlərlə onları "İctimai Palata"nın keçirmək istədiyi aksiyalara qatmağa səy göstərirlər. Bu istiqamətdə var-gəl edən "Azadlıq" və "Yeni Müsavat" kimi radikal müxalifətin mətbuat orqanları həmin rəzilliklərdə başlıca rol daşıyıcılarıdırlar. Məsələn, həmin yazılardan birinə diqqət yetirək: "Artıq həmin hüququ pozulan sosial təbəqələrin nümayəndələri "İctimai Palata" rəhbərləri ilə görüşüb mitinq məsələsini müzakirə ediblər. Onlar hətta liderlərdən mitinqlərə başlamağı tələb ediblər" (??!!) Yaxşı, əgər həmin "sosial təbəqə" bu qədər israrlıdırlarsa, nəyə görə "İctimai Palata" dərhal mitinqlərə başlamır? Axı hər müxalifət düşərgəsində hər şeyə "onlar nəzarət edir". Və nəyə görə aksiya keçirmək istəyən radikallar burada da iki yerə parçalanıblar? Məgər onlar bu günə qədər iddia etmirdilərmi ki, "İctimai Palata" müxalifətin vahid güc mərkəzidir?

Əslində, bu cür süni "aksiyalar" heç zaman keçirilməyəcək. Hətta dövlət vergilərindən yayınmaq istəyən, qeyri-peşəkar taksi sürücülərinin on beş-iyirmi nəfərlik qondarma hay-küyü də heç nəyi (yəni radikalların "bənövşəyi" arzularını) reallaşdırmayacaq.

Bütün bunlar həqiqət və aksiomdur. Qondarma radikalizmdən və qaragüruhçuluq təfəkküründən doğan AKSİOM!


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər