Radikal müxalifət partiyaları iddia edirlər ki, onlar bu ilin mart-aprel aylarında ölkədə 100 min nəfərin iştirakı ilə aksiya keçirəcəklər. Doğrudanmı, radikal düşərgədə təmsil olunan qüvvələr aksiya keçirmək gücünə malikdir? Məsələyə münasibət bildirən BAXCP Ali Məclisinin sədri Vaqif Abışov bildirdi ki, radikal yönümlü müxalifət partiyalarının cari ilin mart-aprel aylarında genişmiqyaslı mitinq keçirməsi inandırıcı deyil: "Radikal müxalifət düşərgəsində olan partiyaların mart-aprel aylarında ölkədə aksiyalar keçirilməsi ilə bağlı bəyanatlar səsləndirməsi gerçəkliyi özündə əks etdirmir. Müxalifət qüvvələrinin bu cür bəyanatlarla çıxış etməsi növbəti bəyanatlardan biridir. Düşünürəm ki, adıçəkilən qüvvələrin bu cür bəyanatlarla çıxış etməsinin ictimaiyyətə heç bir təsiri olmayacaq. Bu baxımdan hesab edirəm ki, radikal müxalifət qüvvələri ölkədə hər hansı kütləvi aksiya keçirə bilməyəcək. Çünki sözügedən qüvvələr geridə qoyduğumuz 2011-ci ildə də ölkədə aksiyalar keçirmək niyyətinə düşmüşdür. Düzdür, ölkədə onlar tərəfindən aksiyalar keçirilsə də, bu aksiyalar ictimaiyyət tərəfindən dəstəklənmədi. 2012-ci ildə də radikal müxalifət qüvvələrini yenidən bu niyyətə düşməsi ölkədə hər hansı dəyişikliyə gətirib çıxarmayacaq".
V.Abışov onu da bildirdi ki, radikal müxalifət qüvvələrinin ölkədə aksiyalar keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərinin arxasında xarici maraqlı qüvvələr dayanır.
Hesab edirəm ki, müxalif düşərgəsində olan qüvvələrin bu cür bəyanatlarla çıxış etməsi bir müddət gündəmdə qalmaqdan ibarətdir. Demək olar ki, adıçəkilən qüvvələr gündəmdə qalmaq üçün bu cür əməllərə əl atır.
GÜLYANƏ