Artıq uzun müddətdir ki, müsavatçıların başı partiya başqanı İsa Qəmbərovun növbəti dəfə həmin posta namizədliyini verməyəcəyi ətrafında yaranmış səs-küyə möhkəmcə qarışıb. Amma bununla belə, nəinki Müsavatda, eləcə də, digər müxalifət partiyalarında da İsa "gedəcək, getməyəcək" sualı ətrafında baş sındıranlar, fərziyyələr irəli sürənlər kifayət qədər çoxdur.
Eyni zamanda, "dialoq", "birlik" və bu kimi məsələlər də artıq ikinci plana keçib. Hazırda radikal müxalifətdə daha çox "İsa Qəmbərov başqanlıqdan gedəcəkmi" sualına cavablar axtarılır. Və təbii ki, bu ətrafda verilən cavablar da müxtəlif cür olur. Yəni gedəcək deyənlər də var, getməyəcək deyənlər də az deyil. Ancaq "son söz İsanındı" deyənlər də kifayət qədərdir. Hansı ki, o, bu barədə dəfələrlə müxtəlif aldadıcı manevr xarakterli sözlər deyib: "Partiyanın növbəti qurultayında namizədliyimi irəli sürməyəcəyəm".
İ.Qəmbərovun gedəcəyini fikirləşənlər də onun məhz bu sözünə əməl edəcəyini deyərək, guya başqanın sözündən dönməyəcəyini iddia edirlər. Amma bir çoxları da var ki, İ.Qəmbərovun tərəfdarları olaraq hazırda onun başqanlıqdan getməsini istəmirlər və bunun üçün təkliflər də irəli sürürlər. Məsələn, həmin təkliflərin birində Müsavat məclisinin sədri Arzu Səmədbəyli partiyanın nizamnaməsindən bir şəxsin iki dəfədən artıq başqan seçilməsini məhdudlaşdıran müddəanın götürülməsini təklif edir. Hansı ki, bu müddəanın da müəllifi, təəssübkeşi məhz elə İ.Qəmbərovun özü olub.
Müsavat məclisi partiyanın növbəti qurultayının vaxtını elan edər-etməz, başqanlığa iddialılar da yavaş-yavaş üzə çıxmağa başladılar. Hazırda həbsdə olan Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev, Türkiyədə müəllimlik edən Müsavat divanının üzvü Vurğun Əyyub, qadın namizəd Nüşabə Sadıxlı və Qubad İbadoğlunun adları başqanlıq postuna olan iddialılar arasında çəkilməkdədir.
İndi isə namizəd məsələsinə başqa tərəfdən nəzər yetirək. Belə ki, başqanlığa namizədliklə bağlı prosesə rəsmi start verilməmişdən, bu qədər adamın adı çəkilirsə, gör bu prosesə başlanıldıqdan sonra daha neçə müsavatçı başqan olmaq eşqinə düşəcək və düşməkdədir. Bu amil partiyanın başına daha nələrin gələcəyindən xəbər verən proqnozdur desək, yanılmarıq.
Bu gün bir çoxları güman edir ki, İ.Qəmbərovdan sonra başqan kreslosunda A.Hacıyev oturacaq. Lakin A.Hacıyevi də partiyada qəbul etməyənlər yetərincə çoxluq təşkil edir. Belə ki, deyilənlərə görə, onlar A.Hacıyevin başqan olacağı təqdirdə, partiyanı kütləvi şəkildə tərk edəcəklərini indidən bəyan edirlər.
Və bu yerdə ADP sədri Sərdar Cəlaloğlunun "İsa getsə, Müsavat partiyası darmadağın olacaq" fikri yada düşür. Görünür ki, S.Cəlaloğlu da İ.Qəmbərovun başqanlıqdan getməsini istəməyənlərdəndir. ADP sədrinə görə, buna heç bir zəruri şərt yoxdur. Digər tərəfdən, Müsavat üzvlərinin bir qisminin "ideolologiyaya" görə orada olduqlarını deyən S.Cəlaloğlu əksəriyyətin "ideologiya" ilə Qəmbərovun şəxsiyyətini eyni gördüyünü bildirir. Bu səbəbdən də ADP sədri hesab edir ki, Qəmbərov başqanlıqdan gedəcəyi halda, partiya dağılacaq.
Digər tərəfdən, S.Cəlaloğlu müxalifət düşərgəsində üzləşilən acı situasiyanı da misal çəkib. Məsələn, Etibar Məmmədovun AMİP sədrliyindən gedəndən sonra partiyanın hələ də toparlana bilmədiyini, Lalə Hacıyevanı ALP-nin lideri olandan sonra partiyanın özünü cəmiyyətə təqdim edə bilmədiyini deyən ADP sədri Müsavat başqanının da məhz bu yolla gedəcəyini istisna etmir. Hər halda, reallıq reallıqdır.
R. Hüseynova