PDF Oxu

Müxalifət

  • 8

AXCP (i)-də nə baş verir?

AXCP (i)-də nə baş verir?

2012-ci ilə "uğurla" başladıqlarını iddia edən "cəbhəçilərin" həmin "uğurlarına" elə özləri tərəfindən pəl vurulub. Belə ki, Müsavat partiyasının qərargahında sessiya adı altında toplaşan AXCP (i)-nin üç-beş nəfər üzvü partiya sədri Əli Kərimovun avtoritar idarəçiliyinə etiraz əlaməti olaraq, zalı nümayişkəranə şəkildə tərk ediblər.

Hətta məlum olub ki, "Azadlıq" qəzetində veriləcək fotoşəkildə boş yerlərin görünməməsi üçün Müsavat partiyasından olan bir neçə nəfər zala dəvət olunub. Nəticədə maraqlı situasiya yaranıb. AXCP (i)-nin sessiyasında "cəbhəçilərdən" çox müsavatçılar iştirak edib və bunun nəticəsində ciddi qarşıdurmalar yaşanıb.

İlk olaraq Ə.Kərimovun yeni müşaviri təyin olunan zaman (onun köhnə müşaviri AXCP (i) sıralarından istefa verib) zalda toplaşanlar arasında ikitirəlik yaşanıb ki, həmin söz-söhbətin nəticəsi də məhz müşavir postu uğurunda gedən savaşdan qaynaqlanıb. Bu isə, onu deməyə əsas verir ki, səsvermə qabaqdan planlaşdırılmış şəkildə həyata keçirilib və bilavasitə, Ə.Kərimovun göstərişi əsasında teatrlaşdırılıb. Lakin edilən bütün etirazlara rəğmən Ə.Kərimovun dediyi adamı onun müşaviri təyin edilib.

Eyni zamanda, partiyanın ali məclisinə və təftiş komissiyasına olan 7 yerə də adamlar Ə.Kərimov tərəfindən təyin olunub. Digər "cəbhəçilər" isə partiya sədri tərəfindən rədd edilib. Məhz bu səbəbdən də sessiya bir müddət yarımçıq qalıb. Xatırladaq ki, seçilənlərin hər biri AXCP (i)-dən etiraz əlaməti olaraq istefa vermişdi və onların hər birinin yeri uzun müddət idi ki, boş qalmışdı. Ona görə də, məlum oldu ki, Ə.Kərimovun təyin etdiyi adamları onun sifarişlərini yerinə yetirən şəxslərdir.


Əli Kərimovun çıxışı müsavatçılar tərəfindən fitə basılıb, "cəbhəçilər" də onlara qoşulub

AXCP (i) sədri Ə.Kərimov çıxış etdiyi zaman isə sessiyadakı vəziyyət daha da kritik hədd alıb. Çünki zalda " cəbhəçilərin" yerlərini doldurmaq adı ilə oturan müsavatçılar Ə.Kərimovun AXCP (i)-ni "ana müxalifət" partiyası adlandırması onların xoşlarına getməyib. Nəticədə, söz atışmaları yaranıb. Hər iki tərəf bir-birilərini müxalifət düşərgəsinə xəyanətdə günahlandırıb. Hətta Ə.Kərimov müxalifətçiləri icazəsiz aksiyalara səsləyərkən, zalda oturanlar onu "provokator", "təxribatçı" kimi ifadələrlə günahlandırıblar.

Digər tərəfdən, etdiyi çıxışında "İctimai Palata" haqqında da danışmağı unutmayan Ə.Kərimov burada istehza ilə rastlaşıb. Çünki onun koordinasiya şurasına seçimdə ən az səs toplaması yenidən Ə.Kərimovun üzünə vurulub. Nəticədə sessiyanın baş tutduğunu iddia edən digər radikal funksionerlər mətbuata yalan danışmağa məcbur olublar. Bu isə, onu deməyə əsas verir ki, Ə.Kərimovun teatrlaşdırılmış sessiyası onun üçün verilmiş sonuncu siqnal olub.

RÖVŞƏN


Digər xəbərlər