Radikal müxalifət partiyaları fəaliyyətdə olduqları illər ərzində nəyə isə nail ola bilməyiblər. Bunun səbəbi isə onların qrup maraqlarından çıxış etmələri və xarici qüvvələrin tələblərinə uyğun fəaliyyət yolu tutmalarıdır. Radikal müxalifət düşərgəsində təmsil olunan qüvvələr ölkədə aksiyanın keçirəcəkləri barədə bəyanatlar səsləndirsələr də, nəticədə bu aksiyaları keçirə bilməyiblər. Bir sözlə, radikal qüvvələrin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda nəyə görə radikal müxalifət daha çox böhranlı vəziyyətdən çıxış yolunu aksiyalar keçirməkdə görür? Sizcə, qeyri-sivil metodlarla qarşıya qoyulan hədəflərə nail olmaq mümkündürmü? Radikal müxalifətin ortaya konkret ideya qoyub, onu həyata keçirə bilməməsinin səbəbini nə ilə izah etmək olar? Vəhdət partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiyaları öz varlıqlarını sübut etməkdən ötrü bu cür qeyri-anormal yollara əl atırlar.
T.Kərimlinin sözlərinə görə, hər zaman radikal müxalifət partiyaları böhranlı vəziyyət içərisində olub. Bu qüvvələr böhranlı vəziyyətdə olduğu zaman çıxış yolunu icazəsiz aksiyalar keçirməkdə görürlər. Ölkədə fəaliyyət göstərən radikal müxalif təmsilçiləri, hansısa xarici qüvvələrin təsiri ilə aksiyalar keçirməyə cəhd göstərsələr belə, sonda uğursuzluqla üzləşiblər. Sözügedən partiya nümayəndələrinin əllərindən ciddi bir iş gəlmir. Sadəcə olaraq, radikal müxalifət təmsilçilərinin ölkədə mitinqlər keçirilməsi ilə bağlı bəyanat səsləndirmələrinin səbəbi bir müddət gündəmdə qalmaqdan ibarətdir. Bu kimi qüvvələrin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Çünki Azərbaycan xalqı 20 il bundan əvvəl öz sözünü deyib və yolunu seçib.
Partiya sədri onu da bildirdi ki, qeyri-sivil metodlarla qarşıya qoyulan hədəflərə nail olmaq mümkün deyil. Çünki Azərbaycan dövləti hər sahə üzrə günü-gündən daha yüksək səviyyədə inkişaf etməkdədir. Ölkəmizin yüksək inkişaf yolu keçdiyini bütün dünya çox gözəl bilir. Bir sözlə, ölkəmizdə hər hansı bir xoşagəlməz vəziyyətin yaranmasına səbəb olacaq heç bir səbəb yoxdur. Radikal müxalifət qüvvələri bu kimi əməllərə əl ataraq, heç nəyə nail olan deyil. Sadəcə olaraq, onların demək istədikləri sözlər bununla bağlıdır, yəni, "mən də varam və mənim yaratdığım partiya hələ də fəaliyyət göstərir".
GÜLYANƏ