PDF Oxu

Müxalifət

  • 8

Radikal müxalifət milli maraqlara uyğun siyasət aparmır

Radikal müxalifət milli maraqlara uyğun siyasət aparmır

Adları olub, fəaliyyətləri olmayan radikal müxalifət ünsürləri dəfələrlə qeyri-ciddi açıqlamaları ilə gündəmə gəlməyə, ictimai diqqətə çevrilməyə çalışıblar. Amma görünən odur ki, bu tip hay-küylü bəyanatlar ictimaiyyət tərəfindən qətiyyətlə rədd edilir. Demək olar ki, müxalif qüvvələrin xalqdan heç bir siyasi dəstəyi yoxdur. Yenidən radikal müxalifət partiyaları iddia edir ki, onlar bu ilin mart-aprel aylarında ölkədə 100 min nəfərin iştirakı ilə aksiya keçirəcəklər. Doğrudanmı radikal düşərgədə təmsil olunan qüvvələr aksiya keçirmək gücünə malikdir? Radikal müxalifət partiya liderləri yeni liderlərlə əvəz olunarsa, həmin düşərgədə müsbətə doğru hər hansı bir dəyişiklik ola bilərmi? Bu suallara aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.


Teyyub Qənioğlu,

"Təkamül" Partiyasının sədri:


- Radikal müxalifət mart-aprel aylarında aksiyalar keçirəcəkləri barədə bəyanatlar səsləndirirlər. Biz ölkədə hər hansı bir xoşagəlməz hadisələrin baş verməsinin tərəfdarı deyilik.

Demək olar ki, radikal müxalifət partiyalarının funksionerləri istəyirlər ki, nə vaxtsa, həmin partiyalara özləri rəhbərlik etsin. Hesab edirəm ki, ənənəvi müxalifət partiya sədrlərinin yeni sədrlərlə əvəz olunması radikal müxalifət düşərgəsində hər hansı bir köklü dəyişikliyə gətirib çıxaran deyil.

Bu gün ölkəmizdə fəaliyyət göstərən partiyaların əksəriyyəti ideya ətrafında yox, şəxslər ətrafında formalaşıb. Yəni, sözügedən partiyaların liderlərinin ətrafında toplaşan şəxslərin, hər bir cəhətdən, əvəzediciləri yox dərəcəsindədir. Bu baxımdan, yaxın müddət ərzində radikal müxalifət partiyalarında sədr dəyişikliyi gözlənilmir.


Yeganə Mehdibəyli,

BAXCP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri:


- Geridə qoyduğumuz 2011-ci ildə də radikal müxalifət qüvvələri tərəfindən ölkədə aksiyalar keçirilmişdir. Amma onlar tərəfindən keçirilən bu aksiyaların heç bir nəticəsi olmadı. Yəni, müxalif təmsilçilərinin istəkləri baş tutmadı. Bu da, onu deməyə əsas verir ki, ölkədə fəaliyyət göstərən radikal müxalifət təmsilçilərinin heç bir gücü yoxdur. Sadəcə olaraq, sözügedən qüvvələr bir müddət gündəmdə qalmaq üçün bu cür bəyanatlarla çıxış edirlər. Adıçəkilən qüvvələr bu cür yolla öz varlıqlarını sübut etmək istəyirlər.

Fikrimcə, ölkədə fəaliyyət göstərən hər bir müxalifət partiyasında dəyişikliklər olmalıdır. Bu baxımdan, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalara gələn yeni sədrlərin bu partiyaların inkişafına səbəb olması üçün bir çox yeni ideyaları olmalıdır. Yəni, yeni ideyalara və düşüncələrə malik olan şəxslər bu partiyalara rəhbər seçilsə, həmin partiyalarda müsbətə doğru bir çox dəyişikliklər ola bilər.


GÜLYANƏ

Digər xəbərlər