Radikal müxalifət düşərgəsindəki uğursuzluq sindromu artdıqca düşərgədaxili vəziyyət daha da gərginləşir. Belə ki, ictimai dəstəkdən tamarzı qalan, qəbul edilməyən AXCP (i), Müsavat, ADP, "VİP", "KXCP", ALP, AMİP kimi siyasi təşkilatlar öz uğursuzluqlarını özlərində axtarmaq yerinə, bunu bir-birilərində gördüklərini deyirlər. Yəni bütün günahların digər partiyada olduğunu iddia edirlər. Bu isə, təbii olaraq, növbəti qarşıdurmalara, ziddiyyətlərə gətirib çıxarır.
Başqa tərəfdən, uğursuzluq zolağını tərk edə bilməyən partiya sədrləri, eləcə də, funksionerlərinin hərəsinin ağzından bir avaz gəlir, hərə bir hava çalır. Məsələn, kimisi deyir ki, ənənəvi müxalifət siyasi cəhətdən bitib, müxalifətin yerinə başqa qüvvələr gəlməlidir. Əslində, bu, doğru versiyadır. Yəni həqiqətən də, radikal müxalifət ünsürləri düşərgədə lazımsız əşya təsiri bağışlayırlar və onların qatarları çoxdan gedib. Bəziləri isə bildirir ki, radikal müxalifət partiyaları zaman-zaman çox didişiblər, ona görə də indi onlara, ümumiyyətlə, inanan, etibar edən yoxdur. Vaxtilə bir-biriləri ilə mandat alveri aparmış bu dağıdıcı qüvvələrin səmimiliyi isə həmişə şübhə doğurub və bu da doğru versiya kimi özünü büruzə verib. O biriləri isə düşərgəni dabanına tüpürərək, tərk edənlərin satqınlığından danışırlar ki, bu da həqiqətdir. Həqiqətən də, hər dəfə az-çox tanınmış "fiqur" düşərgəni tərk edəndə, ümidsizlik yaranır. Amma bütün bunlar da əsaslı səbəb ola bilməz. 2003-cü ildə müxalifət düşərgəsindən nə qədər adam getmişdi, üz döndərənlər olmuşdu, partiyalar bir-birini amansızcasına didirdi. Həmin ərəfədə Müsavat partiyası "KXCP", ADP və digər partiyalarla "Bizim Azərbaycan" adlı blok yarada bilmişdi. Ancaq bu blok da qısa zamanda daxili çəkişmələr səbəbindən parçalandı. 2005-ci ildə isə Müsavatla AXCP (i) "Azadlıq" adlanan blokda təmsil olunurdular. Martda blok yaradıldı, noyabrda seçkiyə gedildi. Amma nəticə hasil olmadı. Seçkidən sonra tərəflər bir-birini ittiham etməyə başladı. Blok parçalandı və Müsavat, faktiki olaraq, blokdan çıxarıldı. İki il söz atışması davam etdi. Ta o vaxta qədər ki, tərəflər arasında növbəti "anlaşma" yarandı. Qüvvələrin tamam tükəndiyini görən partiyalar son parlament seçkilərində yenidən blok yaradası oldular. Amma Müsavat bütün resursları qoysa da, ciddi nəticəyə nail ola bilmədi. Bir sıra siyasi ekspertlər isə Müsavat-AXCP (i) ittifaqının uğursuzluğa düçar olmasını AXCP (i)-nin keçmişi ilə əlaqələndirirlər. Artıq Müsavatda əksəriyyət bu fikirdədir ki, partiyanın uğursuzluğu AXCP (i) ilə iş birliyindən meydana gəlib. Bunu adının açıqlanmasını istəyən bir müsavatçı funksioner bildirib. Onun dediyinə görə, hər seçkidə müxalifət hansısa "cəbhə" üzvünün biabırçı piarı ortaya çıxandan sonra vurulur: "Hər dəfə bizi "Yurd"çular rəzil edir. Açığı, rayonlarda Müsavatın AXCP (i) ilə iş birliyinə getməsi qəbul olunmur. Açıq-aşkar bizə söz atırdılar ki, bəs 2000-ci ildə "Yurd" düşmən idi, necə oldu ki, müttəfiq oldunuz? Əslində, haqlı sualdır. O gündən bu günə nə dəyişib ki? AXCP (i) həmin AXCP (i)-dir, Əli Kərimov da həmin adamdır. Bu adamlar, hətta Əbülfəz Elçibəyə qarşı qara piar aparmış adamlardır. Cəmiyyətdə hələ də AXCP (i)-yə inam yoxdur. Müxalifət düşərgəsində "cəbhəyə" münasibət yaxşıya doğru dəyişməyib. Hələ də elə bilirlər ki, AXCP (i) müxalifəti arxadan vurub aradan çıxacaq".
Göründüyü kimi, bu, təkcə bir müsavatçının rəyi deyil. Müxalifətdə əksəriyyət belə düşünür. Bir sözlə, "Yurd"un keçmişi Ə.Kərimovun "siyasi karyerasına" hələ də kölgə salır. Yeri gəlmişkən, artıq Müsavatda hesab edirlər ki, AXCP (i) ilə birdəfəlik ayrılmağın tam zamanıdır. Yaxın günlərdə, yəqin ki, Müsavatın bu qərarı verməsi gözlənilir. Bu isə, düşərgənin birdəfəlik sonu kimi dəyərləndirilən amillərdəndir.
Rəfiqə Hüseynova