Son günlər bir sıra Qərb mediaqurumları Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" musiqi yarışmasına kölgə salmaq amacı ilə qərəzli mövqe nümayiş etdirmək cəhdləri sayəsində sifarişli məqalələr, televiziya verlişləri və reportajlar hazırlayırlar. Buna misal kimi, İngiltərənin BBC, Fransanın "France 24", Almaniyanın "ARD" telekanallarını, eləcə də, "Frans press", "Reqnum" informasiya agentliklərini və digər bu kimi media qurumlarının adlarını hallandırmaq mümkündür. Lakin daha bir məqama diqqət yetirdiyimiz zaman bəlli olur ki, bu cür qərəzli informasiyalar yaymağa cəhd göstərən Qərbin media təmsilçiləri bütün çıxışları fonunda "demokratiya dəyərlərini" ön plana çəkirlər.
Ancaq buna rəğmən, sözügedən davranışları ilə öz anti-demokratik fəaliyyətlərini sərgiləmiş olurlar. Əgər həmin media mənsubları. həqiqətən də, demokratiyaya, plüralizm xarakterli fikirlərə meyillidirlərsə, nəyə görə təmsil olunduqları dövlətlərdəki anti-demokratik davranışlara münasibət bildirmirlər? Məsələn, nəyə görə BBC Böyük Britaniyadakı söz azadlığının hakimiyyət tərəfindən rəsmi olaraq boğulmasından, "Frans Press" və "France 24" Fransada Senat tərəfindən demokratiyaya, söz azadlığına qarşı çıxarılan qərarlardan, Almaniyanın "ARD" kanalı bu ölkədə yaşayan millətçi mazoxistlərin (başıqırxıq nasistlərin, "21-ci əsrin SS"çiləri, "SD qrupları", "Vətənpərvər Gestapoçular", "Bu günün Hitleryuninqləri" və s.) qeyri-millətlərə qarşı irqçi davranışlarından, Almaniya hökumətinin onları rəsmən qeydiyyatdan keçirməsindən bir dəfə də olsun danışmırlar? Məgər bütün bunlar demokratik dəyərlərə vurulan sarsıdıcı zərbələr deyilmi?!
"Anlaşmalar" və yalanlar
Bu gün Azərbaycanın inkişafı, tərəqqisi, əlbəttə ki, bəzi böyük Qərb dövlətləri, eləcə də, düşmən Ermənistan tərəfindən qısqanclıqla qarşılanır. Əbəs yerə deyil ki, "Eurovision" yarışmasının nüfuzu da burada az rol oynamır. Məhz bu nüfuzun bütün xarakterik xüsusiyyətlərinə cavab verən müstəqil, demokratik Azərbaycan dövləti yarışma öncəsi aparılan hazırlıqlardan başıuca çıxmağa qadirdir. Və əlbəttə ki, zamanında "Eurovision" mahnı yarışmasını keçirmiş bir sıra Avropa dövlətləri çətinliklər yaşasa da, ölkəmizdə bu haqda bir dənə də olsun fakt yoxdur. Bu baxımdan da, qısqanclıq hissi keçirən bəzi siyasi dairələr müəyyən sifarişlər hesabına, bu zəfərə, bu qələbəyə qarşı gölgə salma kampaniyaları aparmağa cəhdlər göstərirlər.
Belə ki, həmin media qurumları bütün məqamlarda həmin sifarişlərin öhdəsindən gəlmək üçün ölkədə fəaliyyət göstərən radikal müxalifət və siyasiləşmiş QHT-lərlə, o cümlədən, "hüquq müdafiəçiləri"ilə anlaşmalara gedib, onlardan "istədikləri" cavabları alırlar. Bu əsnada "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunusovanın canfəşanlıq etməsini xüsusilə göstərmək mümkündür. Xatırlatmaq yerinə düşərdi ki, L.Yunusova öz erməni həmkarlarından aldığı sifarişləri məhz adlarıçəkilən media qurumları vasitəsilə həyata keçirir. Bununla da ikitərəfli qazanclar əldə edir. Yəni həm media qurumlarından, həm də erməni həmkarlarından aldığı kirli pullar sayəsində Azərbaycana qarşı xəyanətkar tərzdə çıxışlar edir, müsahibələr verir. Bu ərəfələrdə L.Yunusovanın Fransa telekanalına, ardınca isə Almaniya telekanalına verdiyi müsahibələri, eləcə də, həmin kanalların yaydığı reportajların bənzərliyi də bir çox məqamları ifşa edir. Yəni ortada heç bir fərq yoxdur və hər iki faktlarda eyni səhnələr nümayiş olunur. Guya evləri sökülən insanlara kompensasiyaların verilməməsi, tikinti-quruculuq işlərinin vüsət almasını dağıdıcılıqla əlaqələndirilməsi kimi məsələlər bütün bu deyilənləri təsdiq edir.
Markus Löninqin aşkar narahatçılığı digərlərinə də dərs olacaqmı?
Amma başqa bir məsələ də ondan ibarətdir ki, bu ilin yanvarında Almaniya hökumətinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Markus Löninq "Eurovision" yarışmasının bu ölkədən olan iştirakçılarına və təşkilatçılarına qərəz xarakterli müraciət ünvanlayaraq onlara Azərbaycanda guya insan haqlarının "çətin" durumuyla bağlı kütləvi kampaniya aparmağı təklif etmişdi. "Səs" qəzeti söylənilənlərin ifşa edilməsi üçün jurnalist araşdırması aparmış və nəticədə bəlli olmuşdir ki, M.Löninqin bu mövqeyi, həqiqətən də, Azərbaycana düşmən ölkə hesab edilən Ermənistanın maraqlarına xidmət edir. Və eləcə də, məlum olmuşdur ki, onun azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusova ilə şəxsi münasibətləri mövcuddur.
Maraqlı cəhət isə onu əks etdirir ki, məhz "Şpigel" dərgisi bu məsələyə reaksiya verirsə, M.Löninqin narahatçılığını səhifəsinə çıxarırsa, demək ortada, həqiqətən də, nə isə olduğu heç kimdə şübhə doğurmur. Yəni M.Löninq şəxsi maraqlarının bu qədər tez üzə çıxacağını təsəvvürünə belə gətirmirdi. Ona görə də "Şpigel" guya bunların həqiqətə uyğun olmamasını məqalə vasitəsilə ictimaiyyətə sırımağa cəhd göstərsə də, buna nail ola bilməmişdir. Bu reallıq isə, həqiqətən də, torbada pişiyin olmasına olan ən bariz işarə kimi də dəyərləndirilə bilinər. Hər halda, bu kimi Qərb başbilənləri ölkəmiz haqqında nə isə danışmağa başlamamışdan öncə, öz həyatlarındakı, fəaliyyətlərindəki mənfi, biabırçı cəhətlərinin aşkara çıxmasından narahat olsalar, daha yaxşı olardı.
R.RƏSULOV