PDF Oxu

Müxalifət

  • 9

Əli Əliyev niyə düşərgədaşlarına od püskürdü?

Əli Əliyev niyə düşərgədaşlarına od püskürdü?

Radikal müxalifət düşərgəsində baş verən hadisələrdən biri də partiya sədrləri çərçivəsində birinin digərinin sözünü həzm etməməsi, eləcə də, üstün görünmək cəhdləridir. Bu müstəvidə ən çox adları hallanan partiya sədrləri Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, ADP sədri Sərdar Cəlaloğlu, "Ümid" sədri İqbal Ağazadədir ki, onlar arasında daim bu yöndə qarşıdurmalar yaşanmışdır.

Lakin adları çəkilən partiya sədrləri ilə yanaşı, digərləri də mövcuddur ki, onlardan biri də "VİP" sədri Əli Əliyevdir. Məsələ ondadır ki, guya müxalifətdə birlik yaratmaq cəhdinin alınmamasında onun deyil, digərlərinin günahının olması istiqamətində verdiyi açıqlamaları yenidən müxalifət düşərgəsində ajiotajların yaranmasına səbəb olub. Bir neçə partiya sədri Ə.Əliyevi düşərgəni parçalamaqda günahlandırıb. Maraqlıdır ki, Ə.Əliyev nə deyib ki, onun dedikləri onların boğazlarından keçməyib? Belə ki, "VİP" sədri deyib: "Partiya olaraq ötən il ərzində çalışmışıq ki, müxalifətin ümumi bir formatı əmələ gəlsin. Ancaq nəticə göz qabağındadır. Ona görə də bundan sonra birləşmək xatirinə hansısa birliyin yaranmasına ehtiyac görmürük".

"2011-ci ildə biz müxalifətin bütöv bir formatda əməkdaşlığına nail ola bilmədik" deyən Ə.Əliyev bununla həm də öz ambisiyalarını yürütməyə cəhd edir. O, bunu vaxtilə müxalifət düşərgəsinin liderlərinə dediyi sözlərlə bağlamağa cəhd edir. Xatırladaq ki, Ə.Əliyev hələ bir müddət bundan öncə "3"-lər, daha sonra "5-lər" formatı ətrafında "ideya" irəli sürmüş və onun bu ideyası ciddi qəbul olunmamışdı.

"VİP" sədri hazırda ALP-yə də qarşı çıxaraq, həmin partiyanın sədri Əvəz Temirxanı günahlandırıb. O deyib ki, "VİP"-lə ALP arasında yeddi ildir ki, yaxınlıq olsa da, ortada heç nə yoxdur. Bu isə qarşı tərəfin günahından irəli gələn haldır: "Biz ALP ilə hər cür əməkdaşlığa getsək də, ortada heç bir irəliləyiş olmadı və burada bizim heç bir günahımız yoxdur".

Nəticədə, bir daha bəlli olur ki, ölkədə fəaliyyət göstərən bütün müxalifət partiyaları arasında "birlik" çağırışları edən partiya sədrləri bunu müxalifətin həqiqi birliyi naminə deyil, sadəcə, öz ambisiyaları naminə edirlər. Bu cür vasitələr isə, bütövlükdə, radikal müxalifətin yaxın ərəfələrdə parçalanmasına xidmət edən faktordur.


RƏFİQƏ

Digər xəbərlər