Meydan hərəkatı zamanı kimin kim olduğunu aşkara çıxarmaq hamıya nəsib olan iş deyildi. Bu barədə çox az adam məlumatlı idi. Yalnız xüsusi xidmət orqanlarının əməkdaşları və 90-cı illərdə başımıza müsibətlər açan ssenariçilər öz "desantlar"ının kimliyindən və hansı tapşırıqları yerinə yetirəcəyindən xəbərdar idilər. Məhz onların xalq arasında apardığı "səmərəli" fəaliyyət nəticəsində Topxana meşəsinin qırılmasına etiraz edən, erməni separatçılarının əməllərinə qarşı duran xalq kütlələrinin keçirdiyi mitinqlərin yönünü tamam başqa səmtə yönəltdilər.
...O dövrdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin II katibi işləyən Polyaniçko da fəaliyyətini genişləndirmişdi. Yox, elə bilməyin ki, Rusiyadan və yaxud SSRİ-nin başqa respublikalarından əmrə müntəzir agentlər gətirmişdi bura. Polyaniçko əlaltılarını elə Azərbaycanda tapmışdı. Onların biri də xalq hərəkatının içərilərinə vaxtında soxula bilmiş İsa Qəmbərov idi.
Bəziləri elə başa düşər ki, bizim İsa Qəmbərovla şəxsi ədavətimiz var. Yox. Sadəcə, 20 illik müstəqillik tariximizi saf-çürük edərkən, nəyi düzgün, nəyi isə səhv etdiyimizi araşdırarkən, meydan hərəkatından tutmuş 20 Yanvar qətliamınadək bütün hadisələri analiz edərkən İsa Qəmbərovun adına daha tez-tez rast gəlirik. Onun adı ən şübhəli və Azərbaycanı içəridən parçalamağa yönəlmiş hadisələrdən keçir. Maraqlıdır, görəsən, Polyaniçko Gənc Aspirantlar təşkilatını hansı məqsədlə yaratmışdı? İsa Qəmbərovun bu təşkilatın rəhbəri kimi funksiyası nədən ibarət idi? İsa Qəmbərov Parlamentin spikeri olarkən bu təşkilatla bağlı sənədləri niyə məhv etmişdi? Polyaniçkonun öldürülməsindən sonra İsa Qəmbərovun siyasi arenada daha tez-tez görünməsi, özünü rahat hiss etməsi nələrdən xəbər verirdi? Elçibəyin Xalq Cəbhəsinə qarşı İsa Qəmbərovun "Şimali Azərbaycan Demokratik Partiyası" və Əli Kərimovun "Yurd" təşkilatı yaratması Azərbaycanı içəridən nə qədər dağıda bildi? Hər iki "millət fədaisi" onlara tapşırılan işi sona çatdıra bildilərmi?
Bu suallara cavab tapmaq üçün baş sındırmağa dəyməz. Çünki Azərbaycan xalqı bu "siyasətçilərin" əlindən kifayət qədər əziyyət çəkib və onların kimliyindən xəbərdardır. Hakimiyyətə hamilə olanda rus-sovet irticasına işlədilər, AXC-Müsavat hakimiyyəti dövründə səriştəsiz əməlləri ilə ermənilərin dəyirmanına su tökdülər, hakimiyyətdən qovulduqdan sonra Avropanın və Amerkanın qapısına düşdülər. Azərbaycanın inkişafından xoflanan, təbii sərvətlərimizdən pay ummağa çalışan, iqtisadi qüdrətimizin artmasından yuxusu ərşə çəkilən dövlətlərin qulluğunda müntəzir durdular. Bir məqsəd naminə - hakimiyyətə gəlmək.
Çox maraqlıdır, məgər hakimiyyətə gəlmək üçün özgə qapısınamı getmək lazımdır? "İngilis bayrağı" kimi hərdən bir tərəfə əsməyi bunlara kim öyrədib? Ailədənmi, qonşudanmı, kənardanmı gəlir bu istək? Başa düşmək olmur.
İndiyədək İsa Qəmbərovun və özlərini millətin xilaskarı kimi qələmə verən "liderlər"in Azərbaycanla bağlı xeyir əməllərinin şahidi olmamışıq. Onların adı olan yerdən xeyir-bərəkət həmişə qaçıb. Qan-qada, etiraz, millətin adının aşağılanması, dövlətimizin imicinin korlanması həmişə bunların leksikonunda olub. Eyni zamanda, alnını dollarlara döyəcləməkdən kvadrat şəkli almış bu cılız siyasət dəllallarına para verən xarici təşkilatların, dövlətlərin başa çıxarılması onların həyat kredosuna çevrilib.
Elə bilirsiniz isa qəmbərovların işi bununla bitirmi, əsla. Onlar yenə köhnə mərəzləri ilə baş-başa qalıblar. Tunisdə hadisələr başlayanda İsa Qəmbərovun Əli Kərimova göndərdiyi təbrik mesajını kim oxusaydı, elə bilərdi ki, Bin Əlini çıxarıb yerinə bu Əlini qoyublar. Hadisələr Misirdə davam etdi, bu sadəlöhv "siyasətçilər" elə düşündülər ki, Qərb bunun ardından hakimiyyət estafetini onlara verəcək. Sonra Liviya, daha sonra Yəmən, bu gün isə Suriya. Bunun davamının da olmayacağına heç kim zəmanət verə bilməz. Amma kimin uduzub, kimin qələbə çalmasında asılı olmayaraq, bu duet həmişə məğlub durumdadır. 1993-cü ildən bu yana ancaq bəyanat verməklə siyasi arenada qaldıqlarını güman edən İsa Qəmbərov - Əli Kərimov cütlüyü yenə köhnə ampluasındadır. Hədəf "Evrovision 2012" Mahnı Müsabiqəsidir.
Məlumdur ki, beynəlxalq musiqi yarışmasına Avropanın əksər ölkəsi öz nümayəndəsini göndərəcək. Azərbaycan ev sahibi kimi bu yarışmanın daha uğurlu keçməsi üçün bütün imkanlarını ortaya qoymaq niyyətindədir. Yarışmada ölkəmiz təkcə bir mahnı ilə yox, bütün reallıqları ilə təmsil olunmaq istəyir.
Xatirinizdədirsə, Azərbaycan təmsilçiləri Almaniyada əldə etdikləri qələbədən sonra tarixi düşmənimiz olan Ermənistan bütün diaspor təşkilatları ilə birlikdə xalqımıza qarşı sanki növbəti səlib yürüşünə başladı. Məqsəd beynəlxalq arenada, xüsusilə, mədəniyyət, siyasət, dini təhlükəsizlik sahəsində ölkəmizdə ayrıseçkiliyin olduğu haqda yalan məlumatlar verməyə cəhd göstərmək idi. Bunu nə qədər bacardıqlarını deyə bilməsək də, təəssüf ki, ermənilər Azərbaycanın içində özlərinə həmfikir tapa bildilər.
... Fikirlər yenə İsa Qəmbərovun üzərində cəmləşir. Müsavat başqanı ikinci təşkilatı olaraq rəhbərlik etdiyi "İctimai Palata" adlı quruma yeni göstərişlərini verib. Təbii ki, bu göstərişlər onun beyninin məhsulu deyil, xaricdən diktə olunub. Diqqət bir məsələyə yönəldilib: nəyin bahasına olursa-olsun, "Evrovision-2012" mahnı yarışmasında Azərbaycanı biabır etmək, müsabiqəni keçirə bilməyəcəyimiz haqda ermənilərin və onların havadarlarının dünyaya saldıqları haray-həşirin əsassız olmadığını sübuta yetirmək və nəticədə, bundan öz xeyirləri üçün istifadə etmək.
Qanunsuz aksiyalar zamanı insanlara maddi ziyan vurmuş, asayişi pozmuş, xuliqanlıq etmiş bir qrup tərəfdaşını həbsdən azad etmək üçün aksiyalar keçirmək, mahnı yarışmasında iştirak edən ölkələrdə Azərbaycan haqda neqativ fikirlər formalaşdırmaq, islam ölkəsi kimi başqa dinlərə dözümsüz olduğumuzu qonaqlara başa salmaqla onları bu yarışmadan çəkindirmək, ölkəmizdə guya siyasi məhbusların olduğunu "sübut etməklə" qonaqlara bizim demokratiyadan uzaq olduğumuzu başa salmaq, bir sözlə, bu tədbiri əngəlləmək adıçıkilən "palata"nın gündəmində duran əsas plandır.
Dünən İsa Qəmbərovun Facebookda öz dostlarına ünvanladığı bəyanat yer alıb. Adətinə xilaf çıxmayan Müsavat başqanı yuxarıda qeyd etdiyimiz məsələləri həmin bəyanatında yerləşdirməklə tərəfdarlarından "Evrovision-2012" Mahnı Müsabiqəsini əngəlləməyi tələb edib. İndi siz deyin, belə insana inanmaq olarmı, onunla bir ölkənin vətəndaşı olmaq zillətinə dözmək olarmı? İnanmıram kimsə "hə" desin. Çünki Azərbaycan siyasətinin Ostap Benderi - İsa Qəmbərov buradakıları aldatdığı azmış kimi, indi də xaricilərə girişib. Bu izdivacdan nələrin törəyəcəyini söyləmək çətin olmasa da, sayıqlığımızı itirməməliyik, çünki doğulacaq bu "məxluq" o birilərinə oxşamaya bilər.
Vəli VƏLİYEV