AXCP-nin son müşavirəsində Əli Kərimlinin bəzi fikirləri birmənalı qarşılanmır. Ekspertlər hesab edirlər ki, bu kimi iddialar Əli Kərimlinin personasının qabardılması üçün primitiv piardan başqa bir şey deyil. SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, hətta "Azadlıq" qəzetinin fotolarından da görünür ki, orada oturanlar partiyanın köhnə üzvləridir: "Heç olmasa bunu normal gizlətməyi bacaraydılar.
İkincisi, müxalifətin günü-gündən zəiflədiyi, üzü qüruba doğru getdiyi bir məqamda 630 nəfərin bu təşkilata hansı sevgi, perspektiv baxımından gəlməsi də maraqlı müzakirə predmetidir. Amma bir tərəfdən də düşünəndə ki, Əli Kərimli qanunsuz mitinqlərdə 35-40 nəfərlik dəstəni 10 min civarında görən biridir, o zaman məsələnin mahiyyətinə getməməyin və təfsilata varmamağın daha düzgün variant olduğu qənaətinə gəlirsən".
Əli Kərimlinin AXC ilə indiki AXCP arasında paralellər aparmaq cəhdinə etiraz edən E.Musayevin sözlərinə görə, bu, Əli Kərimlinin artıq reallıq hissini itirdiyini göstərir: "Maraqlıdır ki, azadlıq hərəkatında rolunu kimsənin danmadığı AXC ilə, hal-hazırkı dərnək formasını alan AXCP arasında hansı bağlılıq var? Hansı əsasla, meyarlarla bu müqayisəni aparırlar? Həmin dönəmin adamlarından neçəsi indi Əli Kərimlinin yanındadır? Elçibəyin yanında olan Qüdrət Həsənquliyev, Mirmahmud Mirəlioğlu, Əliməmməd Nuriyev, Qulamhüsüyn Əlibəyli, Fazil Qəzənfəroğlu, İbrahim Vəliyev, Fuad Mustafayev indi hardadılar? Bunlar hamısı pis, dözümsüz, xəyanətkar oldu, bircə Kərimli və köməkcisi Oqtay təmiz qaldı? Əli Kərimli partiyada istədiyi şərti, sözü, addımı heç bir problemlə üzləşmədən diktə edə bilməsi üçün min bir fitnə fəsadla onları AXCP-dən uzaqlaşdırdı. Yeni, heç bir işə yaramayan ətrafının fonunda saxta liderliyini imitasiya edir. Əslində, bu gün Rəsulzadənin qurub-yaratdığı Müsavatın İsa Qəmbərin Müsavatına nə qədər dəxli varsa, AXC-nin də, hal-hazırda Əli Kərimlinin sədri olduğu AXCP-yə bir o qədər ayidiyyəti var.
Diqqət çəkən son dərəcə önəmli və həssas məqam - Milli qəhrəman məsələsi. Barı bu məsələdə saxta gedişlər etməyəydilər! Çünki qəhrəman adı ilə oynamaq olmaz. Kərimli də anlamalı idi ki, öz torpağı uğrunda canını fəda etmiş şəhidlərin, milli qəhrəmanların yüksək adını öz cılız təşkilatına bağlamaqla, əslində onları təhqir etmiş olur. Onlar Vətənin, Azərbaycanın qəhrəman övladlarıdır və tarixdə də o şəkildə qalacaqlar. Kimsə öz ambisiyalarını, iddialarını reallaşdırmaq, öz personasını qabartmaq naminə onların adını alver predmetinə çevirməməlidir".