PDF Oxu

Müxalifət

  • 6

Əli Kərimovun “Müsavat” planı işləyir

Əli Kərimovun “Müsavat” planı işləyir

Heç şübhəsiz, Əli Kərimovun İsa Qəmbərovla bir müddətdir ki, davam edən "isti" münasibətinin müəyyən pərdəarxası məqamları da var. Əslində, AXCP (i) sədrinin Müsavat başqanı ilə olan "xoş rəftarı" o anlama gəlmir ki, "cəbhə" şefi Müsavatın güclənməsinin istəyir. Yəni bu günlərdə Ə.Kərimovun Müsavatın qurultayı haqqında "xoşməramlı" fikirlər səsləndirməsi o demək deyil ki, İ.Qəmbərovun qara qaşına-qara gözünə vurulub.

Çünki burada şəxsi ambisiyalar daha çox öndədir. İ. Qəmbərov başqanlıq məsələsini ortaya atmaqla, əslində, bunu müəyyən məqsədlə etmişdi. Lakin sonrakı proseslər göstərdi ki, onun Müsavatdakı nüfuzu, demək olar ki, sıfıra enib. Onun ümumi mənafeyə qeyri-ciddi yanaşması Müsavatı qütblərə parçaladı. Elə bunun nəticəsidir ki, Müsavatda həm Ə.Kərimovun, həm də başqa şəxslərin diqtəsi altında başqanlığa namizədliyini irəli sürən adamlar var.


Ssenari "cəbhə" şefi

tərəfindən yazılıb


Məsələn, bir neçə müsavatçının eyni anda Müsavat başqanlığına namizədliyi birbaşa Ə. Kərimovun ssenarisinin tərkib hissəsidir. Bu, təsadüfi deyil. Belə ki, bir çoxlarının Ə.Kərimovla keçmişləri birləşdirir, o keçmiş ki, bu gün bir-birilərinə qarşı ən iyrənc addımlarda istifadə olunur. Arzu Səmədbəylinin Müsavat başqanı olmağında, İ.Qəmbərovun isə başqanlıqdan uzaqlaşdırılıb, küncə sıxışdırılmağında ən çox marağı olan adam məhz Ə. Kərimovdur. Düzdür, A. Səmədbəyli ilə Ə.Kərimov arasında olan münasibətlərdən İ.Qəmbərovun xəbəri və məlumatı var. İ.Qəmbərovun bir dəfə gizli göstərişi də olub ki, onlar arasındakı münasibətlərə dair məlumatlar bütün detalları ilə ona çatdırılsın. Lakin bu, baş tutmayıb. Müsavat başqanı bu məsələyə də biganə yanaşmalı olub. Hal-hazırda Müsavatda A.Səmədbəylinin tərəfdarları ilə Arif Hacıyevin tərəfdarları arasında olduqca pis münasibətlər mövcuddur. Maraqlısı odur ki, Müsavatın əsas söz sahibləri də İ.Qəmbərovun vaxtının çatdığını etiraf edirlər. Amma bu, təkcə etirafla da bitmir. Onlar açıq-aydın onu ya indidən istefa verməyə, ya da Müsavatın qurultayında başqanlıqdan getməsinin istəyirlər. İ.Qəmbərov isə saymazlıq edərək, həmin insanlara nə cavab verir, nə də onların fikirlərinə münasibət bildirir. Bu, ona qarşı olduqca pis imic yaradıb. Və hesab edirəm ki, onlar mövqelərində haqlıdırlar.

Başqan qəti ifşa saatını gözləyir


Əlbəttə ki, İ.Qəmbərovun başqan olduğu müddətdə Müsavat heç bir uğur əldə edə bilməyib, əksinə, partiya daha da aqressivləşərək, nə elədiyini bilmir. Digər tərəfdən, Müsavat, demək olar ki, nəzarətdən çıxıb. Belə ki, Müsavatda dəxli olmayan adamlar belə hər hansı qərara müdaxilə edə bilir.

Ə.Kərimov bütün ciddi-cəhdlə çalışacaq ki, Müsavatda A.Səmədbəyli başqan olsun. Çünki bu, ona sərf edir. Radikal müxalifətdə heç də normal olmayan funksionerlər var ki, Ə.Kərimov onun AXCP (i)-yə transfer olmasını istəyir. Başqa bir tərəfdən, AXCP (i)-nin Müsavatı yox, Müsavatın AXCP (i)-ni dəstəkləməsi onu narahat edən əsas məsələdir. Ona görə də onun İ.Qəmbərovla görüşüb-öpüşməyinə baxmayaraq, aralarında heç də normal münasibətlər yoxdur. Əvvəla, bunu şərtləndirən bir sıra məsələlər var. Dünənə qədər bir-birilərinin şərəfinə, tərbiyəsinə, əxlaqına, ailəsinə ən nalayiq sözlər deyən adamlar bu gün neçə "qardaş" ola bilərlər? Bax, bu, ictimaiyyətə çatmır. İkincisi, hər iki partiyanın xarici təşkilatlarla maliyyə məsələsinə görə elə əlaqələr var ki, bu, onlara imkan verməz ki, bu gün "həmrəy" olsunlar. Artıq belə bir məlumat da var ki, Müsavatın növbəti toplantılarının birində məhz kimsə tərəfindən bəzi məsələlər açıqlanacaq və İ.Qəmbərov bu dəfə qəti olaraq ifşa olunacaq. Şübhəsiz, bu addım atılmalıdır və atılacaq. Kimin tərəfindən atılacağını isə hər halda biləcəyik, özü də tezliklə.


Rövşən

Digər xəbərlər