PDF Oxu

Müxalifət

  • 9

Ərəb jurnalistindən radikal müxalifətə “bahar” dərsi

Ərəb jurnalistindən radikal müxalifətə “bahar” dərsi

Ərəb ölkələrində artıq davamlı şəkildə cərəyan edən siyasi hadisələrə "ərəb baharı" adının verilməsi bu gün müxtəlif istiqamətlərdə, müxtəlif baxışlarda müxtəlif üsullarla dəyərləndirilməkdədir. Və nə qədər də maraqlı olsa da, bütün zamanlarda baş verən inqilablara adlar verilmiş, həmin inqilablar pis-yaxşı tərəfdən ictimai baxışlara bölünmüşdür. Məsələn, qırmızı oktyabr inqilabı, qızılgül inqilabı, narıncı inqilab və ən nəhayət, "ərəb baharı"...

Həmin inqilablar nə qədər insanın həyatına son qoymuş, nə qədər dövlətlərin irimiqyaslı geriləməsinə səbəb olmuş və nə qədər faciələrə yol açmışdır. Məhz "ərəb baharı" adlandırılan inqilablar seriyası da həmin hadisələrin davamı kimi əks olunur. Statistikaya görə, bu gün Beynəlxalq Valyuta Fondunun hesablamaları göstərir ki, "bahar"ın ərəb ölkələrinə vurduğu ziyan nə az-nə çox, 75 milyard dolları keçir. Ölənlərin və yaralananların sayı artıq on minlərlə ölçülür.

2010-ci il dekabrın 17-də ilk dəfə Tunisdə malları dövlət tərəfindən müsadirə olunan küçə ticarətçisinin intiharı kütləvi iğtişaşlara rəvac verdi. "Düşünmək lazım deyil ki, bu hadisənin bahar ayı ilə hər hansı bir əlaqəsi olsun". Bu sözləri isə ərəb jurnalisti, "Əl-Rəy" qəzetinin siyasi icmalçısı Sudah Maruan yerli mətbuata verdiyi müsahibəsində demişdi. Və bu gün "ərəb baharı"ndan danışanların çoxu da hazırda ölkənin radikal müxalifət qanadının liderləridir. Onlar hər imkan düşdükcə, guya "ərəb baharı"nın ölkəmizə yaxınlaşdığını əsassızlıqlarla iddia edir, bu çərçivədə "siyasi fəaliyyət" qurduqlarını bəyan edirlər. Lakin bu iddia nə qədər "əsaslıdır"?

Məhz bu arada Sudah Maruanın dediyi sözlərə diqqət yetirmək olar: "Əsil bahardan söhbət gedirsə, onu sizin ölkədə gördüm. Sakit, dinc, sülh şəraitində və əmin-amanlıqda yaşayan, görünməmiş sıçrayışla inkişafına qibtə etdiyim Azərbaycana bahar sözü daha çox yaraşır".

"Suriyada bir gündə öldürülənlərin sayı 1990-cı ildə Bakıda güllələnən insanların sayından 3 dəfə çoxdursa, hansı "bahardan" danışmaq olar"?

S.Maruanın Azərbaycan həqiqətlərinə real gözlə baxması, bir də onu təəssüflə deməyə əsas verir ki, hər vəchlə "inqilab" sözünü mətbuat səhifələrində "canlandırmağa" cəhd göstərənlər onun ölkəmizə etdiyi qibtəni qısqanclıqla qarşılayırlar. Çünki hakimiyyət hərisliyi onların bütün çirkin planlarını alt-üst edir. Bu səbəbdən də, ərəb jurnalistinin "elə son günlərdə Suriyada bir gündə öldürülənlərin sayı 1990-cı ildə Bakıda sovet qoşunlarının güllələdikləri insanların sayından 3 dəfə çoxdursa, hansı bahardan danışmaq olar" kimi sualı yerində verilmiş sualdır.

Və demək mümkündür ki, bu gün Azərbaycanın "ənənəvi müxalifət" adlı radikal ünsürləri, əslində, sabitliyin pozulmasını və Suriyadakı kimi insan həyatının ucuzlaşmasını ürəkdən arzu edirlər.

Qərb siyasi dairələrindən səslənən bu anlayış ərəb mətbuatına da asanlıqla ayaq açdı və ərəb jurnalistləri "Ərəb baharı" ifadəsinin arxasında hansı niyyətlərin gizlənməsinin fərqinə varmadan onu bir yenilik, tərəqqi rəmzi kimi qəzetlərin manşetinə çıxardılar. S.Maruanın fikrincə, bu, əslində, Qərb şərqşünasları tərəfindən ortaya atılan bir termindir və onun arxasında müəyyən güc mərkəzlərinin, ərəb dünyasındakı prosesləri maraqları məcrasına yönəltməyə çalışan qüvvələrin gizlin niyyətləri dayanır. Daha dəqiq - "Ərəb baharı" ifadəsi nüfuzlu beyin mərkəzlərinin uzaq məqsədə xidmət edən nəhəng layihəsidir. Biz onun nədən ibarət olmasını bilmirik. Lakin gördüyümüz odur ki, bu ərəb dövlətlərinin zəifləməsinə, iflasına, dağılmasına və parçalanmasına hesablanan layihədir: "Bu qəzəbi, bu nifrəti bizim ruhumuza kim yerləşdirdi? "Ərəb baharı" ərəb ölkələrinə nifaq və əbədi düşmənçilik toxumu səpdi".

"Bütün çətinliklərə baxmayaraq, ölkəniz inkişaf edir, bir milyon qaçqını olan dövlət öz gücü hesabına çadır şəhərciklərini ləğv etdi"

Qərb KİV-i "Ərəb baharı"ndan iki əlli yapışmaqla ərəb ölkələrində demokratik proseslərin getməsini dünya ictimaiyyətinin beyninə yeritdi, qanlı iğtişaşları xalqların azadlıq uğrunda mücadiləsi kimi təqdim etdi. Ərəb ölkələrindəki bütün aparıcı qəzetlərdə hər gün "Ərəb baharı" ilə bağlı Avropada, Qərbdə nəşr olunan yazılar yerləşdirilir. Qərb mətbuatından götürülən bu məqalələr bilavasitə insanların şüuruna təsir edir, onları baş verən hadisələrə Qərbin gözü ilə baxmağa vadar edir. Belə bir mövqe təlqin edilir ki, Qərbdə nə edilirsə, yaxşılığa doğrudur.

Və yenə də burada ölkəmizin radikal müxalifəti bəzi Qərb siyasi dairələri ilə əməkdaşlığa gedərkən, onlardan aldıqları sifarişlərini onların istədiyi tərzlərdə gerçəkləşdirməyə cəhd göstərirlər. Bu cəhdlərin özü də hadisələrin bir mərkəzdən idarə olmasından irəli gəlir.

Ərəb jurnalistinin bu ətrafda söylədiyi digər məqama da toxunarkən, bir reallığı, eyni baxışı, bənzər görmüş oluruq: "Hamı kimi mən də yaxşı nümunənin, müsbət təcrübənin yayılmasının tərəfdarıyam. Digər tərəfdən, reallıqları aydın görmək lazımdır. Sizin ölkəniz müharibə şəraitindədir, 20 ildir ki, işğal altında olan torpaqlarını azad etməyə çalışır. Bu mövzuda İordaniya mətbuatında saysız çıxışlarım olub. Bunu sizin İordaniyadakı səfirliyiniz yaxşı bilir. Lakin bütün çətinliklərə baxmayaraq, ölkəniz inkişaf edir, bir milyon qaçqını olan dövlət öz gücü hesabına çadır şəhərciklərini ləğv etdi. Ciddi məsələdir. Yeni iş yerləri yaradılır, ölkənizdə davamlı və fərqli tərəqqi hiss olunur. Müxalifət qəzetləri nəşr edilir. Həyat səviyyəsinin yüksəlməsinə xidmət edən böyük layihələr reallaşdırılır. Demokratik prinsiplərə riayət edilir.Dediyiniz proqnozlar kimlərinsə utopik arzularıdır".

Utopik reallığı isə "ənənəvi müxalifət" adlanan, hakimiyyətə gəlmək hərisliyi ilə alışıb-yanan, kül olan radikal liderlər arzulayır ki, bu da dəfələrlə həm Qərb, həm də digər jurnalistlər tərəfindən, eləcə də, nüfuzlu xarici ictimai-siyasi xadimlər tərəfindən mümkünsüzlük kimi qiymətləndirilib. "Ərəb baharı"nın isə ərəb ölkələrindən o tərəf getməyəcəyini ərəb jurnalisti S.Maruanın timsalında bütün dünya bilir. Xüsusilə də, Azərbaycan xalqı!


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər