"ACP"-nin lideri, eks-spiker Rəsul Quliyev son günlər müxalifət mətbuatına tez-tez çıxaraq öz təbliğatını aparmaqla yanaşı, artıq bəzi həqiqətləri də etiraf etməyə başlayıb. Həmin həqiqətlərdən biri də radikalizm təxəyyülündə formalaşmış və dağıdıcı stereotiplərin toplumu olan radikal müxalifət liderlərinin özüqarışıq siyasətdən getmək zamanının çatmasıdır.
Məsələn, bir məqaləsində R.Quliyev bildirir ki, keçmiş SSRİ respublikalarının Azərbaycandan başqa hamısında 1990-cı illərin fəalları bu gün siyasətdə deyillər və siyasət meydanını yeni nəslə veriblər. Yəni fəal dedikdə, burada radikal müxalifətin "fəalları" və liderləri nəzərdə tutulub. Eks-spikerin gəldiyi qənaətə görə, 1990-cı illərin fəalları siyasətdən təcili istefa verməlidirlər. İmkan verməlidirlər ki, yeni fikirli, yeni ideyalı, cəsarətli addımlar atmağı bacaran qüvvələr irəli çıxsın. Əlbəttə ki, istər müxalifət, istərsə də iqtidar nümayəndələri tərəfindən səsləndirilən müsbət fikirlər hər zaman cəmiyyət tərəfindən normal qarşılanmışdır. Lakin məhz R.Quliyevin bu kimi fikri ifadə etməsi bəzi məqamlarda təəccüb doğurur. Yəni bu adam hazırda müxalifət partiyasının lideridir və "Milli Müqavimət Hərəkatı" deyilən qurumda da təmsil olunur. Ona görə də, onun özü ilə birgə digərlərini də, necə deyərlər, siyasi səhnədən kürüməsi bir çox məqamları ehtiva edir.
Kimlərin kürkünə birə düşüb?
Düzdür, onun bu çağırışı radikal müxalifət partiya sədrlərinin kürkünə birə salsa da, onlar həmin etirafdan yan qaça bilmirlər. Belə ki, Müsavat başqanı İsa Qəmbər, AXCP (i) sədri Əli Kərimov, ADP sədri Sərdar Cəlaloğlu, ALP lideri Lalə Şövkət, AMİP lideri Etibar Məmmədov və digərləri açıq şəkildə öz postlarını yeni, sağlam düşüncəli siyasətçilərə vermək istəmirlər. Əgər belə olmasa idi, indi hərəsi öz köşəsinə çəkilərək, öz "siyasi memuarlarını" yazmaqla məşğul olardılar.
Lakin onlar bunu etmək əvəzinə, əsil həqiqətləri dərk etmək yerinə, siyasi düşərgədə naftalin iyi verməyi daha üstün tuturlar. Daha anlamırlar və anlamağa qadir deyillər ki, Azərbaycan cəmiyyəti onları qəbul etmir və bundan sonra da etməyəcək. Ona görə də dərhal başladılar R.Quliyevin qarasınca o ki, var döyəcləməyə. Görünür, bunlar o qədər yalan və böhtanlara alışıblar ki, öz içlərindən olan birinin həqiqətə varması onlara yaman təsir edir. Guya bunun yalan olduğunu isbat etməyə çalışırlar.
Yesələr də, yeməsələr də budur ki, budur
"Yeni Müsavat", "Azadlıq" kimi qəzetlərdə gen-gen açıqlamalar verən radikal müxalifətin partiya sədrləri sanki bu saat getməyə hazır olduqlarını, lakin "qarşıda dayanan problemlərin həll olunmadığını" öz təbirlərincə "əsas" gətirərək, guya ictimaiyyətə "lazım" olmalarını sırımağa çalışıblar. Ancaq doğru prizmadan yanaşsaq, görərik ki, əslində, bunların özləri elə Azərbaycan üçün problemdirlər. Yəni onların siyasi müxalifətdə qanqrena vermələri, üfunət qoxusu yaymaları ictimaiyyəti bezdirib. Ona görə də hər halda "ACP" lideri R.Quliyevin maraqlı fikir irəli sürməsinə, yəni siyasətdən sivişərək getmələrinə şərait varkən, bunu etsinlər. Yoxsa radikal müxalifət məzarlığında onlara yer də qalmayacaq. Yəni yesələr də budur, yeməsələr də...
R.RƏSULOV