Müsavat partiyasının başqanı İsa Qəmbərin bu günə qədər göstərdiyi "nailiyyətləri" arasında hər zaman bir mövqe dayanıb - xəyanət. Həmin xəyanətlər sırasında ən rəzili isə onun Almaniyanın Potsdam şəhərində ermənilərlə imzaladığı sazişdir ki, bu gün Müsavat partiyası həmin sazişinə, necə deyərlər, sadiq qaldığını bütün tərəfləri ilə göstərməkdədir.
Xatırlatmaq yerinə düşərdi ki, İ.Qəmbər Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukunyan və Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında bəyannaməyə öz rəzil və xain imzasını atmışdı.
Vətənə və millətə xəyanət
Öz qohum-əqrəbasının, əzizlərinin məzarları, tökülən minlərlə şəhid qanları bu gün də erməni tapdağında qaldığı bir vaxtda Müsavat başqanının bu kimi alçaq addım atması Azərbaycan ictimaiyyətinin də kəskin hiddəti ilə nəticələnmişdi. Bir şəxsin ona bu mənəvi əzabı, acını yaşadan işğalçı ölkənin Azərbaycan torpaqlarının qəsb edilməsində bilavasitə iştirak edən siyasi qüvvənin nümayəndəsi ilə birgə bəyannamə imzalamasının bir adı var - vətənə və millətə xəyanət. Əgər həmin fakta digər tərəfdən baxsaq, həmin faktın, heç şübhəsiz ki, xarici qüvvələrin sifarişi ilə həyata keçirməsi və İ.Qəmbərin, həmçinin, onun təmsil etdiyi siyasi düşərgənin antimilli mövqedə dayandıqları yetərincə öz təsdiqini tapar. Bu, həm də İ.Qəmbərin və onun əlaltılarının öz hakimiyyət maraqlarının, mənfəətlərinin və dividendlərinin təmin olunması üçün Azərbaycan xalqının və dövlətinin əleyhinə istənilən sənədə imza atmağa hazır olduqlarını sübuta yetirir.
İsa Qəmbər-Aram Manukunyan oxşarlığı
Eyni zamanda, onu da xatırlatmaq mümkündür ki, Azərbaycan torpaqları məhz Erməni Ümummilli Hərəkatının lideri Levon Ter-Petrosyanın Ermənistan prezidenti olduğu zaman işğal edilib və hazırda adıçəkilən hərəkat Dağlıq Qarabağ məsələsində ölkəsinin təcavüzkar siyasətini davam etdirən Serj Sarkisyanı belə xəyanətdə, satqınlıqda suçlayır. İ. Qəmbərin işğal edilmiş Azərbaycan torpaqlarının bir qarışının belə qaytarılmasının əleyhinə olan Erməni Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyanla eyni sənədi imzalaması Müsavat Partiyasının milli qüvvə statusunu itirdiyini bir daha təsdiqləyir.
Güllələnmə hökmünə imza atan qəddar qaniçən
Və bu gün hər vəchlə Müsavat partiyasındakı kreslosunu itirmək istəməyən İ.Qəmbər unutmamalıdır ki, onun 2013-cü il xülyaları onsuz da reallaşmayacaq. Çünki Azərbaycan xalqı bu adamın prezident səlahiyyətlərini icra edərkən necə qana susadığının dəfələrlə şahidi olub. Qəbul olunmuş beynəlxalq konvensiyaları pozan və bu gün insan haqlarından danışan İ.Qəmbər həmin dövrlərdə bir neçə nəfər gəncin güllələnmə hökmünün icrasına imza atıb. Onun 20 Yanvar və Xocalı faciələrində bilavasitə əli olduğunu bu gün də ölkə ictimaiyyəti çox yaxşı xatırlayır. Ona görə də Müsavat başqanının bitməyən xəyanətlər "epopeyası" Azərbaycan xalqına və dövlətçiliyinə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.
R.Hüseynova