Müxalifət təmsilçilərinin 2013-cü ilə bağladıqları ümidləri nə dərəcədə real görünür? Məsələyə münasibət bildirən "Yurddaş" partiyasının sədri Mais Səfərli bildirdi ki, Azərbaycan cəmiyyəti pisi yaxşıdan ayırmağı bacarır.
M.Səfərli bildirdi ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər sırasında qürur duyduğumuz göstəricilərdən biri də ölkəmizdə davamlı siyasi, sosial və iqtisadi sabitliyin olmasıdır. Postsovet məkanında yaranmış dövlətlərin heç birində Azərbaycandakı kimi möhkəm və davamlı stabillik yoxdur. Demək olar ki, ölkəmizin yüksək səviyyədə inkişaf etməsi də məhz stabilliyə əsaslanıb. Əgər ölkəmizdə stabillik olmasaydı, biz nə ordu sahəsində güclü orduya, nə dövlət quruculuğunda ciddi nailiyyətlərə nail ola bilməzdik, nə də güclü iqtisadiyyatı olan dövlətə çevrilməzdik. Bir sözlə, bütün bu nailiyyətlərimizin təməlində stabillik durur. Demək olar ki, Azərbaycan dövlətini istəməyən qüvvələr hər zaman əllərindən gələni ediblər ki, müəyyən bir formada ölkəmizdə stabilliyi pozsunlar və onun möhkəmlənməsinə, inkişafına mane olsunlar. Amma onların bütün cəhdləri heç bir nəticə vermir. Bir sözlə, Azərbaycanda davamlı stabillik var.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanda hakimiyyətə gəlməyin yeganə yolu xalqın iradəsindən asılıdır. Yəni, xalq kimə dəstək verərək seçim edirsə, o, hakimiyyətə gəlir. Çünki Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Bu baxımdan, ölkəmizin inkişafına qarşı mənfi mövqedə olan bir sıra qüvvələrin istəkləri həyata keçən deyil. Azərbaycan cəmiyyəti 20 il bundan əvvəlki cəmiyyət deyil. Yəni, öz seçimini çoxdan seçərək doğru yolu tutub. Bir sözlə, Azərbaycan cəmiyyəti pisi yaxşıdan ayırmağı bacarır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqın dəstəyini almış bir şəxsiyyətdir. Xalqımız cənab İlham Əliyevə inandığı üçün də Onu Prezident seçib. Prezident İlham Əliyevin də apardığı bu uğurlu kurs da Azərbaycanı daim inkişafa aparır.
GÜLYANƏ