Son zamanlar müxalifət düşərgəsində fəaliyyət göstərən siyasi təşkilat rəhbərləri, bütövlükdə, eyni mövzu ətrafında açıqlamalar verməklə, müxalifətin parçalanma səbəblərini ictimaiyyətə izah etməyə səy göstərirlər. Yəni düşərgədaxili intriqaların kökünü araşdırmaqla, hətta özlərini belə günahkar çıxarmağa başlayıblar. Buna misal kimi, ADP sədri Sərdar Cəlaloğlunun, ALP sədri Əvəz Temirxanın, "ACP" lideri Rəsul Quliyevin "etiraflarını" göstərmək mümkündür.
Düzdür, onlar bəzi məqamlarda özlərini günahkar bilsələr də, bütövlükdə, əsas yükü başqa partiyaların üzərinə yıxırlar. Yəni "birliyin" məhz həmin günahlandırılan siyasi təşkilat tərəfindən baş tutmamasını iddia edirlər. Ancaq bütün məqamlarda baxsaq, görərik ki, həqiqətdə hazırkı müxalifətin yerinə yenisinin gəlməsi zərurəti getdikcə özünü daha çox büruzə verir. Daha dəqiq desək, ittihamçı liderlər özlərinin köhnəldiyini etiraf etmək yerinə, başqa versiyalarla gündəmdə qalırlar. Lakin bütün bunlara baxmayaraq, cərəyan edən müxalifətdaxili hadisələri təhlil edərkən, maraqlı nüanslar ortaya çıxmış olur.
ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, AXCP (i) Azərbaycanda ən çox parçalanmaya məruz qalan siyasi təşkilatdır. O, bunu adıçəkilən partiyanın əsas funksionerlərinin oranı tərk etmələri ilə əlaqələndirib və qeyd edib ki, hər kəs öz partiyasını qabağa verməyə çalışır: "...Və bununla da özünü cəmiyyətdə aparıcı qüvvə kimi təqdim etmək istəyir".
ALP sədri Əvəz Temirxan isə deyir ki, müxalifət partiyalarının bir araya gələ bilməməsinin səbəbləri korporativ maraqlardan irəli gələn haldır: "Bəzi partiyaların və onların "liderlərinin" öz şəxsi siyasi və korporativ maraqlarını müxalifətin ümumi maraqlardan üstün tutmasıdır". "ACP" lideri Rəsul Quliyev isə bildirib ki, bəzi adamların uzun illərdir siyasətdə qalması müxalifətdaxili problemlərin əsas səbəblərindən biridir: "Onlar Azərbaycan naminə təcili istefa verməlidirlər ki, yeni fikirli, ideyalı qüvvələr irəli çıxsın".
Nəticədə, məlum olur ki, əslində, bütün bu kimi partiyalar bir versiya üzərində dayanırlar ki, həmin versiya da onların özlərinə sərf etmir. Çünki ilk növbədə, siyasətdən getmək onlara ona görə sərf etmir ki, belə olan halda radikal müxalifət Qərbdə fəaliyyət göstərən anti-Azərbaycan meyilli qüvvələrdən əllərini üzmüş olurlar. Eyni zamanda, burada qrantlar, maliyyə və mənfəətlər də az rol oynamır. Həmin partiyalar bir tərəfdən öz acizliklərini, ictimaiyyətdəki itirilmiş mövqelərini havaya verməklə yanaşı, qaranlıq görünən maliyyələşmələrini də əldən vermiş olurlar. Başqa tərəfdən, bir-birlərinə intriqal səviyyədə antipatiya mövqeyi nümayiş etdirən müxalifət partiyalarının rəhbərləri bu kimi açıqlamalarında özlərini reklam etdirmək məqsədini güdürlər. Yəni həqiqəti söyləməklə, öz problemlərini gizlətməyə çalışırlar. Bu baxımdan da, onların haradasa səmimi olmaları heç də inandırıcı görünmür. Belə ki, əgər həqiqətən də, belə olsa idi, hər halda, bu addımı elə S.Cəlaloğlu, Ə.Temirxan ya da R.Quliyev ilk olaraq atardılar. İnandırıcı görünməsə də, bəlkə onlardan sonra AXCP (i) sədri Ə.Kərimli, Müsavat başqanı İsa Qəmbər və digərləri də bunu təkararlayardılar. Fəqət, bütün bunların baş verməsi onların özləri qədər real görünmür. Çünki ən azından müxalifətdaxili intriqaların kökü başqalarının ayaqlarını baltalamaqdan ibarətdir. Belə vəziyyətdə isə quru etiraflar heç nəyi həll etmir.
RÖVŞƏN