Erməni mətbuatı hər zaman Azərbaycan əleyhinə təbliğatlar aparmaqla daim öz düşmənçilik mövqeyini nümayiş etdirir, bununla da informasiya müharibəsində qarşı tərəf olduğunu bütün məkrləri ilə ortaya qoyur. Və əslində, bu anlaşılan haldır ki, ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdən təcavüzkar Ermənistan bizə düşmən gözü ilə baxır və bunu ən rəzil variantlarla həyata keçirməyə cəhd göstərir. Çünki düşmən dövlətdən başqa heç nə gözləmək mümkün deyil.
Lakin həmin müstəvidə İran və bəzi Qərb siyasi dairələrinin, onlara yaxın mətbu orqanların, informasiya agentliklərinin yaydıqları yalanları da buraya əlavə etsək, ortaya digər nüanslar da meydana çıxır ki, həmin nüanslar həqiqəti ortaya qoyur. Bəs nədir həmin həqiqət?
"İSTİNAD"
Bu günə qədər ölkəmiz haqqında yazılan həqarətlər, böhtanlar sırasında Ermənistan və bəzi Qərb mətbuatının ən çox istinad etdiyi dırnaqarası informasiya mənbəyi "Azadlıq" qəzeti olub. Daha dəqiq desək, hazırda "Azadlıq" qəzeti dünyada Azərbaycanı gözdən salmaq üçün ciddi-cəhdlər göstərən və mövzu, fakt çatışmazlığı ilə üzləşmiş erməni təbliğat maşınının xilaskarı rolunda çıxış edir. Ermənistanın "Azq", "Hayastan", "Azat Hayastan" kimi qəzetləri anti-Azərbaycan meyilli yazılarında dəfələrlə bu qəzetə istinadlar edərək, çirkin niyyətlərini reallaşdımağa nail olublar. Belə ki, "Azadlıq"dan erməni mətbuatına, oradan isə İranın panfarsist telekanallarına və Qərb mətbuatına ötürülmüş böhtanlı informasiyalar dərhal Azərbaycana qarşı material kimi istifadə edilir. Eyni zamanda, xarici ölkələrdə fəaliyyət göstərən "Human Rights Watsh", "Amnesty İnrenational", "Sərhədsiz Reportyorlar" kimi təşkilatların yaydıqları qondarma hesabatları da, bilavasitə, "Azadlıq" qəzetindən götürülmüş məqalələrə istinad edilir. Belə ki, "Eurovision" kimi mötəbər mahnı müsabiqəsi öncəsi ölkəmizə qarşı yürüdülən bu kimi kirli kampaniyaların arxasında "Azadlıq" qəzetinin "xüsusi əməyi" mövcuddur.
Eləcə də, buraya Almaniyanın, İngiltərənin Fransanın bəzi rüşvətxor, sifarişlərlə işləyən media qurumlarının sərgilədikləri qərəzli materiallarını əlavə etmək mümkündür. Sirr deyil ki, dövlətimizə, xalqımıza qarşı aparılan bu cür iyrənc xarakterli yalanlar arxasında "Azadlıq" qəzetinə bilavasitə nəzarət edən AXCP (i) sədri Əli Kərimlinin də rolu az deyil. Və maraqlı cəhətlərdən biri də odur ki, bu adamın rəsmləri Ermənistanın mətbuatında boy-boy verilir, onun anti-Azərbaycan ifadələri erməni qəzetlərinin manşetlərinə çıxır. Hətta erməni siyasətçiləri, deputatları və müxalifətçiləri Ə.Kərimlinin rəzil sözlərini özlərinə tezis kimi götürərək, Azərbaycana qarşı əks-təbliğat aparırlar. Bu isə nə qədər acı da olsa, yuxarıda vurğuladığımız real həqiqətdir. Yəni ermənilərin "Azadlıq" qəzetinə istinadı bütövlükdə bu yazılı orqanın hansı məqsədə xidmət etdiyinin bariz ifşasıdır. Yəni konkret desək, "Azadlıq" qəzeti Ermənistan mətbuatının Azərbaycandakı sırf prototipidir.
R.RƏSULOV