Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın bir sıra radikal müxalifət partiyaları xalqımızın maraqlarını qorumaq yerinə bəzi maraqlı Qərb dairələrinin çirkin, ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tuturlar. Bu partiyalar öz "mübarizəsini" yalnız qara piar kampaniyalarının əsasında qurur. Yalan rəqəmlər səsləndirməklə dividend qazanmağa çalışan belələri bəzən çəkinmədən xalqın adından danışır, özünü şişirtməyə çalışır.
Belələrinin üzərindən çarpaz qara rəngdə xətt çəkilib
Təəssüf ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mübarizə ilə sinonimləşdirir. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri belə unudan, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq "dostluq sazişləri" bağlayır, ölkənin inkişafının təminatı olan, demokratik cəmiyyətin qurulması uğrunda illərdir planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər.
Öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq "planı" üzərində quran isa qəmbərlər, əli kərimlilər və onların ətrafı bir anlıq geriyə çevrilib öz ətraflarına diqqət salsalar, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Amma onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. Öz ətraflarındakı çirkinlikləri görə bilməyənlər ölkədə görülən işlərin üstündən qara xətt çəkməyə çalışırlar. Əlbəttə ki, bunu bacara bilməyən radikal müxalifət rəhbərləri, düşünmürlər ki, onların ətraflarının etdikləri istər partiyalarının, istər liderlərinin, istərsə də özlərinin üstlərindən artıq yekə bir qara xətt çəkib.
"Azadlıq"dan çıxan "əxlaqlılara" suallar
Bu ölkəyə "əxlaq dərsi" keçməyə çalışan, siyasi əxlaqdan dəm vuran Əli Kərimovun mətbu "ruporu" Azər Əhmədovun sosial şəbəkələrdə yayımlanan videokadrlarını, görəsən, düşərgə təmsilçiləri necə qarşılayırlar? Adi insani əxlaqın pozulduğu yerdə hansı siyasi əxlaqa iddia edirlər? Hələ bir neçə il öncə Qənimət Zahidin "3 palma" sərgüzəştlərini "qurama" adlandıran, Xocalı faciəsini bu cür "dərdlə" qeyd edən A.Əhmədov indi nə üçün çıxıb açıqlama verib bunu montaj adlandırmır? Budurmu, Əli Kərimlinin ətrafı?
Və ya elə A.Əhmədovu "3 palma" restoranında tək qoymağa ürək etməyən baş redaktor Q.Zahid, görəsən, yaddan çıxarıbmı o əhvalatı? Xocalı soyqırımını "özünəməxsus" şəkildə qeyd edən baş redaktor ətrafına çevrildiyi liderinə hansı "dividendi" bəxş etdiyi, yəqin ki, bir tək özlərinə bəllidir...
Sözsüz ki, bu arada Ruslan Bəşirlini də yaddan çıxarmaq olmaz. Düşmənlərlə iyrənc danışıq aparan, düşmən pulu ilə həyat qurmağa çalışan R.Bəşirlinin erməni casusları ilə "konyak içib şokolad yeməsindən" və güman ki, pul bölüşdürməsindən də xəbərsiz olmazdı lideri. Çünki sonradan qəzetlərə müsahibə verən Mirzə Sakit və digərləri istər AXCP(i)-yə, istərsə də "Azadlıq" qəzetinə gələn pulların qəpiyinə qədər Ə.Kərimov tərəfindən mənimsənildiyini deyirdilər.
O ki qaldı, Ə.Kərimovun bir zamanlar dəmir barmaqlıqlar arasında oğurluqda günahlandırılan müşavirinə... Həqiqətən də, AXCP (i) sədrinin müşaviri oğurluqda günahlandırıldı. Başqasının malına göz dikən, qanunu pozan və ən əsası cinayət törədən Qabil Məmmədrzayev kimin ətrafıdır? Əlbəttə ki, belələri Ə.Kərimovun ətrafında olar. Bəlkə elə deyil?
Göründüyü kimi, sizin ətrafınız öz seçdiyinə, yəni, sizlərə layiqlərdir. Bu siyahını uzatmaq da olar. Ancaq dəvəquşunun misalındakı kimi, elə bilməsinlər ki, heç kim onların etdiklərini görmür...
Rəfiqə Hüseynova