PDF Oxu

Müxalifət

  • 14

Uğursuz “17 mart” mitinq şousu

Uğursuz “17 mart” mitinq şousu

Martın 17-də keçirilən uğursuz mitinq şousu bir daha sübut etdi ki, sosial bazası olmayan radikal müxalifətin məqsədi ictimaiyyəti aldatmağa hesablanıb. Çünki icazəli mitinqdə belə, ortaya düz-əməlli elektorat çıxara bilməyən partiyalar bir daha özləri-özlərini yetərincə ifşa etmiş oldular. Vur-tut 200-300 nəfər qaragüruhçunu (əsasən də, yaşlı nəsildən olan insanların "gənc" kimi təqdim olunması daha çox nəzərə çarpırdı) müəyyən vasitələrlə soyuq havada bayıra çıxarmağa müvəffəq olan Müsavat və AXCP (i) rəhbərləri bu gün öz qəzet səhifələrində cəmiyyətin gözünün içinə qədər yalan danışaraq, necə aciz vəziyyətdə qaldıqlarını sərgiləmiş olurlar. Bu isə bir daha deməyə əsas verir ki, onların iddiaları bu dəfə də gerçəkləşmədi.


"On minlərlə"nin 200 nəfərlə fərqi


Arsız-arsız "küçələrə on minlərlə gəncləri çıxaracağıq" kimi bəyanatların ardınca 200-300 nəfərin dağınıq və pərakəndə şəkildə mitinq ünvanına gəlməsi, eləcə də, mitinq bitməmiş onların çoxunun həmin ərazini tərk etməsi həm də başqa nüansları ortaya çıxarır. Həmin nüanslardan biri də, təbii ki, artıq heç kimin öz "liderlərini" real qəbul etməməsidir. Həmçinin, mitinqdə səslənən şüarlar da, əslində, heç bir reallığı əks etdirməyib. Çünki bütövlükdə ayrı-ayrı "ictimai birliklər" adından mitinqə toplaşanların sözlərinin çəp gəlməsi də yuxarıda qeyd edilənləri təsdiqləyib. Gah "NİDA"nın, gah"Dalğa"nın, gah da "REAL"ın təmsilçiləri şüar səsləndirmək istərkən, onların şüarlarından, ümumiyyətlə, heç nə anlamaq olmadı. Hər kəs öz reklamını etməkdən ötrü irəli çıxaraq söz demək istərkən, digərləri onları kənara çəkərək, özlərini irəli dürtməyə çalışırdı. Bu, həm də mitinqə gedənlərin eyni mövqedən çıxış etməmələrinin təsdiqi kimi başa düşülür. Ona görə ki, onların "başbilənləri" arasında yaranan ziddiyyətlər həmin mitinqdə özünü yetərincə büruzə verdi. Əli Kərimovun beş-on nəfər buyruq qulu İsa Qəmbərovun beş-on nəfər buyruq qulu ilə söz duelinə və əlbəyaxaya çıxıblar. Bu isə aralarında olan gərginliyi daha da artırıb.


Rokçu Əli Camalın "dalay-dalayı" heç müxalifətçilərin də xoşuna gəlmədi


Lakin bu da son deyil. Çünki qondarma rokçu olan Əli Camalın səviyyəsiz və heç bir mədəniyyət və etik çərçivələrə sığışmayan "dalay-dalayı" öncədən razılaşdırılmış şüarları razılaşdırılmamış hala gətirib və hətta mitinq iştirakçıları tərəfindən də sərt şəkildə qınanılıb. Daha dəqiq desək, Ə.Camalın daha çox vəhşi təsiri bağışlayan zəhlətökən roku hər kəsi bezdirib. Ona iradlar bildidrilərkən, yuxarıda adları çəkilən "ictimai birliklər" arasında dava düşüb. Bu isə mitinqin vaxtından öncə sona çatması ilə nəticələnib.

Sonda isə bir daha bəlli olub ki, mitinq iştirakçıları, əslində, oraya "siyasi tələblərlə" deyil, ağaları tərəfindən tapşırılmış sifarişlər əsasında gediblər. Ancaq bu dəfə də onların cəhdləri uğursuz alınıb. Mitinq şousu iflasa uğrayıb. Onu da qeyd edək ki, həm "Azadlıq", həm də "Yeni Müsavat" kimi qəzetlərdə "bu, hələ sonuncu mitinq deyil, başlanğıcdır" yazanlar vəziyyətin gərginləşməsini istəyən "liderləri"nin iç üzlərini ortaya çıxarırlar. Yəni dolayısı ilə etiraf edirlər ki, əslində, "gənclər" adı altında şəxsi dividendlərini güdən Ə.Kərimov və İ.Qəmbərov kimi naftalin iyi verən müxalifət "liderləri" burada öz arzularına çata bilməyiblər. Ən azından ona görə ki, əgər həqiqətən də, onların iddiaları real olsaydı, onları "on minlərlə gənclər" dəstəkləsəydi, həmin meydana 200-300 nəfər deyil, ən azından, 2000-3000 nəfər adam toplaşardı. Amma alınmadı. Ona görə ki, bunların məkrləri və xislətləri burunlarından o tərəfə gedib çıxmayıb və hər dəfə də belə olacaq.

Rəfiqə Hüseynova

Digər xəbərlər