"ACP" lideri Rəsul Quliyevin "siyasi səhnəyə qayıdış" cəhdləri bu dəfə özü tərəfindən tamamilə fərqli mövqedə sərgilənməkdədir. Onun müxalifət düşərgəsindəki digər "siyasilər" tərəfindən qəbul olunmaması nəzərə alınarsa partiya "lideri"nin "departament görüşləri" heç də inandırıcı görünmür. Çünki sözügedən məsələni analiz etdikdə, bunun bir neçə tərəfdən imitasiya, yəni qondarma olduğu aşkar şəkildə görünür. Məsələn, R.Quliyev heç bir müxalifət qəzeti və mətbuat orqanı tərəfindən maraq obyekti deyil.
Əgər belə olsa idi, hər halda, onun haqqında informasiyalar özü tərəfindən qəzetlərə, saytlara ötürülməzdi. Müxalifətin təxribat maşını hesab olunan "Yeni Müsavat" qəzetində də bu kimi fakt aşkar şəkildə özünü təsdiqləyib. Daha dəqiq desək, adıçəkilən qəzetdə bildirilir ki, guya R.Quliyev ABŞ departamentində görüşlər keçirib və bu haqda onun özü qəzetə məlumat verib. Maraqlıdır, "ACP" lideri nəyə görə özü "Yeni Müsavat"a məlumat verir? Suala cavab olaraq bildirmək mümkündür ki, qəzet üçün R.Quliyev faktoru mövcud deyil. Ona görə də eks-spiker bir növ adıçəkilən mətbuat orqanına yalvar-yaxar edib ki, bəs onun "departament görüşləri" haqqında məlumat verilsin. Yəqin ki, müəyyən ödənişlər də edib.
Digər tərəfdən, R.Quliyev guya həmin görüşlərin "gizli" olduğunu "əsas" gətirərək, kimlərlə "görüşdüyünü" açıqlamayıb. Bu səbəbdən də, ikinci sual meydana çıxır: Əgər R.Quliyev "görüşlər" keçirdiyini iddia edirsə, nəyə görə "demokratik baxışlarını" daha da inkişaf etdirmək yerinə yayını atıb, oxunu gizlədir? Onun məqsədi nədir? Məsələn, o deyib ki, martın 20-dən başlayaraq "görüşlər" keçirib: "Sadəcə, onu deyim ki, ayrılıqda dörd senator və üç konqresmenlə onların ofislərində görüşmüşəm. Bundan başqa, ABŞ Dövlət Departamentində də görüşlərim olub" (?!)
Və həmin açıqlamaya belə bir şərh vermək mümkündür ki, əslində, R.Quliyev heç bir "departament" təmsiçisi ilə görüşməyib. Əgər görüşsə idi, hər halda, onların kimlikləri barədə kiçicik bir məlumat verdi. Onun kimlərlə "görüşməsinə" gəlincə söyləmək mümkündür ki, "ACP" lideri ABŞ-da yaşayan erməni lobbisinin təəssübkeşləri olan ermənipərəst lobbisinin nümayəndələri ilə görüşüb və orada onun gələcək müqəddəratı əsas mövzulardan biri olub. Yəni R.Quliyevin məqsədi məlumdur. Bunun üçün də kimlərlə "görüşdüyünü" demir. Hər halda "ACP" liderinin anlaşılmaz və inandırıcı görünməyən bu kimi hoqqabazlığı siyasi gündəmdə qalmaq üçün uğurlu imitasiya deyil.
R.RƏSULOV