PDF Oxu

Müxalifət

  • 5

“Azadlıq” radiosunun indiki gerçək üzü

“Azadlıq” radiosunun indiki gerçək üzü

Bu gün Azərbaycanda bir sıra xarici media qurumlarının yerli şöbələri və büroları sərbəst, azad şəkildə fəaliyyət göstərirlər. Bunlardan biri də "Azadlıq" radiosudur. O radio ki, hazırda müəmmalı siyasət yürüdür və daha çox antimilli, antidövlət səpkili proqramlar yayımlayır. Təbii ki, həmin proqramların yayımlanmasında öz içimizdən olan baltaların da rolları az deyil. Belə ki, mütəmadi olaraq, orada radikal siyasət yürüdən müxalifətçi partiya sədrlərinin çıxışlarına yer verilməsi, eləcə də, onlar tərəfindən qaragüruhçuluq çağırışlarının olunması faktları deyilənləri təsdiqləyən amillərdəndir. Ancaq Azərbaycanda təzə fəaliyyətə başladığı dövrlərdə adıçəkilən radionun iş prosesi tamamilə fərqli idi. Və bunun üçün həmin dövrlərə qısa ekskurs da etmək olar.


Kommunizmə qalib gəlmiş kapitalizm radiosu


Bu radio ölkəmizdəki fəaliyyətinə sovet hakimiyyətinin son illərindən- Azərbaycanda Milli Azadlıq Hərəkatının vüsət aldığı zamanlardan başlayıb. Sadə Azərbaycan xalqı Mirzə Xəzərin təqdimatında Münhendən yayımlanan bütün verilişləri böyük maraqla dinləyirdi. O zamanlar "Azadlıq" radiosu kapitalist dünyasından təcrid olunmuş, bir növ informasiya blokadasında yaşayan sovet vətəndaşları üçün, demək olar ki, əsas xəbər qaynağı, informasiya mənbəyi idi.

Radionun efirində xaricdə baş verənlərlə yanaşı, SSRİ-də yaşananlar da açıq şəkildə yayımlanırdı. Xalqımızın milli azadlıq mübarizəsi zamanı dünyanın altıda birini əhatə edən böyük bir dövlətin daxilində yaşayan xalqların milli hisslərinin qaldırılmasında və sovet hakimiyyətinə qarşı mücadiləyə təhrik olunmasında bu radionun da önəmli rolu mövcud idi. Radionun Azərbaycan bölməsinin efirində daim milli problemlərimiz işıqlandırılır, xalq mərkəzi hakimiyyətə qarşı milli mücadiləyə çağırılırdı.


Tamamilə qərəzli mövqe


Müstəqilliyimizi bərpa edəndən sonra ölkədə azad mətbuat ortaya çıxdı və xarici yayımlara tələbat azaldı. Lakin bu qlobal yayım qurumları ölkəmizdə olan media azadlığından yararlanıb paytaxtımızda bürolarını açdılar və ölkənin içində fəaliyyət göstərməyə başladılar. 2009-cu ildə ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq, sözügedən radioların yerli dalğada yayımı dayandırıldı, lakin bu media orqanları öz fəaliyyətlərini uzun dalğada, peyk yayımı və internet üzərindən keçərək davam etdirirlər.

Təəssüf ki, hazırda həmin radiolar, xüsusilə də, "Azadlıq" radiosu o zamanlardan fərqli olaraq, anti-Azərbaycan siyasəti yürüdür. Radionun verilişlərini və internet saytında yaydığı məqalələri analiz etdikdə, ortaya maraqlı mənzərə çıxır- "Azadlıq" radiosu bütün fəaliyyətini Azərbaycanda siyasi, dini, sosial gərginliyi artırmağa, cəmiyyətdə qarşıdurmalar yaratmağa istiqamətləndirib. Misal üçün, baxın, ABŞ dövlətinə məxsus olan və Vaşinqtondan idarə olunan bu radio məscid adlandırılan qanunsuz bir tikilinin sökülməsini necə şişirdir, radikal dindarların icazəsiz aksiyalarını necə dəstəkləyir, dövlət və cəmiyyətlə dindarlar arasında münasibətləri gərginləşdirmək üçün hansı texnologiyalardan istifadə edir? Hicabın hətta orta məktəblərdə təhsil alan azyaşlı uşaqlara belə geyindirilməsinə şərait yaradılmasını necə təbliğ edir? Hansısa sosial problemləri qabardaraq insanlarda dövlətə qarşı inamsızlıq yaratmaq, hakimiyyət-cəmiyyət münasibətlərini qəsdən gərginləşdirmək üçün hansı oyunlardan çıxır? Özü də bütün bunlar demokratiya, insan haqları kimi adlar altında necə cəmiyyətə sırınır?


İkitərəfli standartlar və birtərəfli erməni sevgisi


Maraqlıdır ki, son zamanlar "Azadlıq" radiosu ermənipərəst mövqe ortaya qoymağa başlayıb. Bu radionun Azərbaycandakı bürosu bütün fəaliyyətini ölkədə çaxnaşma yaratmağa istiqamətlənib. Məntiqlə Ermənistanda da belə olmalıydı. Amma belə deyil! Bu ölkədəki "Azadlıq" radiosu Ermənistanın çoxsaylı problemlərini, insan hüququ pozuntularını, anti-demokratik rejimi tənqid etmək əvəzinə, bütün gücünü Azərbaycan əleyhinə informasiyalar yaymağa sərf edir. Ancaq unudulur ki, Azərbaycan ABŞ-ın strateji müttəfiqidir, Ermənistan isə Rusiyanın. Azərbaycan bütün məsələlərdə- iqtisadi, hərbi, siyasi sahələrdə ABŞ-la və Avropa ilə fəal əməkdaşlıq edir, Ermənistan Rusiya ilə. Azərbaycan Qərb dəyərlərini, Qərb demokratiyasını üstün tutur, Avropaya inteqrasiya edir, Ermənistan Rusiyaya. Azərbaycan çoxmillətli, çoxdinli tolerant ölkədir, Ermənistan isə, monoetnik ölkə, bölgədə etnik təmizləmə siyasəti həyata keçirən işğalçı və terrorçu dövlətdir. Belə situasiyada "Azadlıq" radiosunun fəaliyyəti ilk baxışda heç də məntiqli və ağıllı görünmür.


Musavat.tv-də "məşhurlaşan" Xədicə İsmayılova "Azadlıq" radiosunun əməkdaşıdır


Yuxarıda qeyd etdiyimiz kimi, bu gün bu radionun əməkdaşlarından biri də məhz Musavat.tv-də yayımlanmış erotik videogörüntüləri ilə "məşhurlaşan" Xədicə İsmayılovadır. Görünür, onun daha çox ABŞ-da istehsal olunmuş pornoqrafik kinoindustriyaya marağı daha çoxdur və nəticədə, o, Azərbaycan ictimaiyyəti qarşısında sadə dillə desək, biabır olub. Lakin ən təəssüfedici məqam ondan ibarətdir ki, bu gün "Azadlıq" radiosunda çalışan X.İsmayılova məhz həmin radio vasitəsilə guya apardığı "araşdırmalarından " dolayı "şantaja" məruz qaldığını iddia edir. Lakin bu, nə dərəcədə doğrudur? Çünki Azərbaycan hakimiyyəti rəsmiləri də bu barədə açıqlamalar verdilər. Məsələnin mahiyyəti isə tamamilə başqa motivlər üzərində qurulub. Həmin motivlərin ən başlıcası isə müxalifətdaxili düşmənçilik və xarici qüvvələrin kirli niyyətləridir. Yəni bu gün "Azadlıq" radiosunda utanmaz-utanmaz ağzını yelə verən X.İsmayılova əsil həqiqətləri bilə-bilə, hakimiyyətə qarşı iftiralarla çıxışlar edir. Bundan da nəticə çıxarmaq mümkündür ki, o, "Azadlığ"ın əməkdaşıdır və ondan bunu hər zaman gözləmək olar.


Q.ZƏNGİBASARLI

Digər xəbərlər