Bütövlükdə, siyasi fəaliyyətlərini yalnız radikalizm üzərində qurmuş müxalifət liderlərinin boş vədlərinin və qondarma iddialarının əsassızlıq üzərində "formalaşması" artıq heç kimə sirr deyil. Belə ki, həm ölkə daxilində, həm də bəzi xarici siyasi dairələrdə və mətbuat səhifələrində öz varlıqlarını yalan və böhtanlar çərçivəsində sərgiləyən liderlər əllərinə düşən hər məqamda şantaj xarakterli açıqlamalar verməklə, əslində, daxillərində olan antiazərbaycançılıq məkrlərini nümayiş etdirirlər. Çünki onların özlərinin tədbirləri çərçivəsində meydana gələn "fərqli baxışları" sadəcə bir mənfəət güdür ki, bu da xalqın, sadə vətəndaşların onları qəbul etməməsinin bariz nəticəsidir. Daha dəqiq desək, həm AXCP (i) sədri Əli Kərimovun, həm də Müsavat başqanı İsa Qəmbərovun siyasətdən getməmək üçün göstərdikləri cəhdləri onların özlərinə qarşı istiqamət alan məğlubiyyət tendensiyasıdır.
Əli Əhmədov: "Müxalifətçilərə elə bir auditoriya lazımdır ki, Azərbaycanı tanımasın"
Bu kimi reallıqlar siyasilər tərəfindən verilən analitik açıqlamalarda da öz əksini tapıb. Belə ki, Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov bu barədə öz fikirlərini bildirərkən vurğulayıb ki, müxalifət liderləri bəzi hallarda xarici mətbuata belə çıxarkən, bəlli olur ki, həqiqətdə Azərbaycan xalqı onları qəti olaraq qəbul etmir: "Əli Kərimli də daxil olmaqla, bəzi müxalifətçilər xarici mətbuata ona görə üz tutublar ki, ölkə vətəndaşları artıq onlara inanmır. Müxalifətçilərə elə bir auditoriya lazımdır ki, Azərbaycanı tanımasın, onlar da öz çirkin məkrlərini həyata keçirə bilsinlər. Ə.Kərimli Azərbaycana böhtan atır, onun reallıqlarını təhrif edir, ölkəmizin xoşagəlməz mənzərəsini "yaratmağa" çalışır".
Qüdrət Həsənquliyev: "Əli Kərimli və İsa Qəmbər "zorən" müttəfiqdirlər"
Təbii ki, eyni "baxışdan" baxdıqlarını qarşılıqlı düşmənçilik səviyəsində nümayiş etdirən müxalifət partiya sədrləri, - əsasən də, Ə.Kərimov və İ.Qəmbərov burada münasibətlərindəki aşkar qarşıdurmaları, ziddiyyətləri ictimailəşdirir. Çünki bu vasitə ilə gündəmdə qalmağa səy göstərirlər. Sözsüz ki, onların arasında gedən "söz dueli" bu kimi vasitələrlə üzə çıxır və ictimaiyyət əsil həqiqəti görür. Bu haqda, hətta digər müxalifət partiya sədrləri də real baxışlarını açıqlayırlar. BAXCP sədri Qüdrət Həsənquliyevin fikrincə, onların hər ikisi hər an bir birlərinə xəyanət etməkdə, bir birlərini parçalamaqda hazırdırlar: "Azərbaycanda İ.Qəmbərə Ə.Kərimlidən çox nifrət edən siyasətçi yoxdur. Onlar "zorən" müttəfiqdirlər və İ.Qəmbər bilir ki, istənilən məqamda Ə.Kərimli onu sata bilər".
Eyni zamanda, digər müxalifət partiyasının sədri - "VİP" rəhbəri Əli Əliyev verdiyi açıqlamasında qeyd edib ki, cəmiyyətin Azərbaycan müxalifətinə etibarı yoxdur: "Müxalifət "liderləri" cəmiyyətdəki proseslərə təsir edə bilmirlər. Özünü süni surətdə "lider" elan etməklə lider olmaq mümkün deyil".
Vəhdət partiyasının sədri Tahir Kərimli də bu barədə öz fikirlərini mətbuata açıqlayarkən, bildirib ki, əyri əməl üzərində formalaşmış müxalifətçilik hər zaman məğlubiyyətə məhkumdur: "Müxalifət "liderləri" arasında qeyri-səmimilik, mənəm-mənəmlik iddiaları müxalifətdə birlik təşəbbüslərinin iflasını şərtləndirən əsas səbəblərindən biridir".
RÖVŞƏN RƏSULOV