Bu gün "İctimai Palata"nın başında dayananların son imkanları belə, əslində, düşərgə "liderləri"nin kimliklərini aşkar şəkildə bəlli edir. Məsələ onda deyil ki, onlar hər hansı bir funksiyanı idarə etmək qabiliyyətində deyillər, məsələ ondadır ki, düşərgə "liderlərinin" son zamanlar onlara məxsus mətbuat səhifələrində cılız, əsassız, faktlardan kənar, eləcə də, radikal çıxışlar etmələri bütün mənalarda onların həm söz, həm də rəhbərlik xüsusiyyətlərinin sıfır nöqtəsində olmasına dəlalət edir. Hətta onların güvəndikləri bəzi Qərb dairələri öz qaranlıq, məkrli məqsədləri üçün valyutalar ayırsalar belə...
Əli Kərimovla İsa Qəmbərovu "danışdıran" pullar
Bu baxımdan, sağlam düşüncəli ictimaiyyətin kəskin qınağıyla yanaşı, partiya funksionerlərinin də öz rəhbərliklərinə qarşı qiyam etmələri qeyd edilən əsaslardan biridir. Ən maraqlısı isə odur ki, mətbuat səhifələrinə çıxan AXCP (i), Müsavat kimi partiya sədrlərinin məhz mitinqlər öncəsi daha aqressiv metodlarla çıxışlar etmələrindən sonra, radikal müxalifət düşərgəsində vəziyyət gərgin hal almağa başlayır. Bu əsasda, "İctimai Palata"ya ayrılmış 118 min avronun haradan alınmasından tutmuş, kimlər arasında bölüşürülə bilinməməsi də bir çox maraqlı nüansları ortaya çıxarmış olur. AXCP (i)-dəki etibarlı mənbəmizdən aldığımız son məlumatlara görə, Qərb ölkələrinin bəzi siyasi dairələri tərəfindən ( Norveç, Böyük Britaniyada, Fransada fəaliyyət göstərən ermənipərəst siyasi dairələr və donorlar) quruma ayrılmış 118 min avronun hansı məqsədlər üçün xərclənəcəyi də heç kimə sirr deyil. Çünki "palatanı" inhisarlarına alaraq, bütün idarəçiliyi öz üzərlərində saxlamağa cəhd göstərən Əli Kərimov-İsa Qəmbərov cütlüyünün hər zaman aksiyalar öncəsi suyu bulandırmaları daxili məsələlərinə də kifayət qədər sirayət edib. Mənbənin bildirdiyinə görə, hazırda həmin pullar üstündə ciddi mübarizə gedir və bölgü məsələsi digər funksionerləri qane etmir. Yəni ölkədə çaxnaşmalar yaratmaq üçün ayrılmış 118 min avronun mənimsənilmək hərisliyi iki partiya sədrinin əlində girova çevrilib. 8 aprel aksiyasının təşkili üçün nəzərdə tutulan vəsait "İctimai Palata" üçün sərt və kəskin qarşıdurmalar yaradıb. Bir daha qeyd edək ki, onlar həmin məsələni bağlı qapı arxasında saxlamağa çalışsalar da, həmin informasiyanı gizlədə bilməyiblər. Nəticədə, həmin informasiya ictimailəşib.
Digər məlumatlara görə isə, bu kimi "maddi dəstək" adıçəkilən "liderlər" üçün sonuncu mesaj kimi dəyərləndirilməkdədir. Çünki bu vaxta qədər ölkədəki siyasi sabitliyi pozmağa səy göstərən Ə.Kərimov-İ.Qəmbərov cütlüyü bunlara müvəffəq olmadıqdan sonra susqunluğa üstünlük veriblər. Həmin susqunluğun nəticəsi isə, təbii ki, aksiyalardan öncə bunların etdikləri "gurultulu çıxışlarıdır". Təbii ki, həmin çıxışların mənbəyi onları "danışdıran" həmin pullardır.
Bütün uğursuzluqlar hakimiyyəti "günahlandırmaqla" sona çatır
Əslində, müxalifətdə olduqları bütün dövrlərdə qarşılaşdıqları uğursuzluqlarını ört-basdır etməyə cəhd göstərən "liderlər" həmin gücsüzlüklərini əllərində olan ən "optimal" variantla - hakimiyyəti günhlandırmaqla, gizlətməyə səy göstərirlər. Həm 90-cı illərdə, həm də 2000-ci ildən başlayaraq bu günə qədər istər "birləşmiş", istərsə də ayrı-ayrılıqda fəaliyyət göstərən radikal müxalifət partiyaları, demək olar ki, hər bir baş tutmayan mitinq və aksiyalarından öncə bugünkü kimi pafoslu bəyanatlar verir, sonradan isə öz qınlarına çəkilirlər. Sanki heç nə olmayıbmış kimi, sıravi müxalifətçilər qarşısına çıxan "liderlərin" hər dəfə "demokratiya boğulur", "söz və ifadə azadlığı yoxdur" kimi ifadələri ilə onları da bezdiriblər. 118 min avroya gəlincə isə, həmin avroların "gücünü" xalq 8 apreldə bir daha görəcək. Yəni xalq görəcək ki, 118 min avronun "gücü" sadəcə müxalifət qəzetlərində boş-boş pafoslu bəyanatlardan başqa heç nə deyil. Hər halda satılmış "liderlər" xarici ağaları qarşısında bu dəfə hansı cavabı verəcəkləri maraq doğurur. Ona görə də gözləməyə dəyər...
RÖVŞƏN RƏSULOV