Sübuta yetirilmiş fakt ondan ibarətdir ki, qeyri-müəyyən mövqe sərgiləmək və dezinformasiya xarakterli məlumatlar yaymaq, radikal müxalifətə və onların təsiri altında olan mətbu orqanlara məxsusdur. Çünki radikal müxalifət heç bir sübut, faktlar tapa bilmədiyindən dezinformasiyalar, şantaj və böhtanlarla Azərbaycan hakimiyyəti, ümumilikdə isə Azərbaycan cəmiyyəti haqqında fikirlər səsləndirib, məlumatlar yayırlar.
Hər zaman Əli Kərimov, İsa Qəmbərov və onların sahibi olduqları qəzetlər müxtəlif üsullardan istifadə etməklə Azərbaycan haqqında xarici mətbuat orqanlarda mənfi yönümdə müzakirələr qurulmasına səylər göstərirlər. Misal kimi Azərbaycanın "Eurovision" musiqi yarışmasında qələbə qazanmasının Azərbaycan müxalifətini, eləcə də, Azərbaycan müxalifəti ilə eyni düşüncəyə malik erməniləri narahat etməsi və hər iki qüvvənin eyni təfəkkürlə Azərbaycan əleyhinə dezinformasiya yaymalarını göstərmək olar. Maraqlı məqam ondan ibarətdir ki, əgər ermənilər açıq formada Azərbaycan əleyhinə anti-təbliğat kampaniyası aparırlarsa, radikal müxalifət gizli, həm də şərəfsiz formada qərəzli təbliğat aparır. O mənada ki, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin oxucular arasında ciddi narazılıq yarada bilən məqalələrinin böyük əksəriyyəti imzasız olur. Əksər hallarda "Azadlıq" qəzeti Azərbaycan milli və dövlətçilik maraqlarına zərbə olan məqalələrini siyasət şöbəsinin xəbəri kimi dərc edir. Bununla jurnalist etikasına və peşə-davranış qaydalarına açıq hörmətsizlik göstərdiyini nümayiş etdirir. Amma heç kəsə sirr deyil ki, siyasət şöbəsinin xəbəri kimi dərc edilən məqalələri AXCP (i) sədri Əli Kərimov qələmə alır. Çünki qəzetdə dərc olunacaq məqalələrin planlaşdırılmasını Ə.Kərimov özü şəxsən həyata keçirir. Dəfələrlə onun jurnalistlərin müstəqilliyinin əleyhinə olan məqalələrin yazılmasını tələb etməsi qəzetdə böyük qalmaqallar yaratmışdır. Məhz buna görə də, Hacı Zamin, Qan Tural, Seymur Baycan, Anar Niftəliyev, Murad Köhnəqala və bu kimi yazarlar Ə.Kərimovun baş redaktor kimi idarəetməsinə etiraz əlaməti olaraq qəzetdən ayrılmışdılar. Düzdür, onların bir qismi sonradan simasızlıq nümayiş etdirərək, yenidən "Azadlıq" qəzetinə qayıtmışdılar. Amma ayağısürüşkənlik etmələrinə rəğmən onu demək olar ki, "Azadlıq" qəzetində Ə.Kərimovun planlaşdırmasına ciddi etirazlar mövcuddur.
ƏLİ KƏRİMOV İMZASINI NİYƏ GİZLƏDİR?
Sual yaranır. Hər kəsin bildiyi halda ki, "Azadlıq" qəzetində siyasət şöbəsinin xəbəri kimi dərc olunan anti-Azərbaycan mövqeli məqalələri bilavasitə Ə.Kərimov qələmə alır, o halda Ə.Kərimov öz imzasını niyə qeyd etmir? Müxtəlif versiyalar mövcuddur. Birincisi, qələmə aldığı dezinformasiya xarakterli məlumatlara görə, Ə.Kərimov digər qəzetlərin yazarları tərəfindən (Ə.Kərimov təşkil etdiyi icazəsiz mitinqlərdə də kənarda durub, qeyri-qanuni çağırışlar edib, icazəsiz aksiyalar keçirdiklərinə görə həbs edilən partiyadaşlarını da seyr edib) təhqir olunacağından qorxur. İkncisi, ola bilsin ki, Ə.Kərimov artıq jurnalist kimi (o, unudur ki, məhz jurnalist fəaliyyəti hesabına Elçibəy onu dövlət katibi təyin edib, daha sonra isə Milli Məclisə deputat seçilib) cəmiyyətdə tanınmasından utanır. Üçüncüsü, pul ayıran xarici qüvvələr ondan ya jurnalistika, ya siyasət seçimi etmək tələbini qoya biləcəklərindən ehtiyatlanır. Amma bütün hallarda Ə.Kərimov riyakarlıq və simasızlıq edir. Bu cür riyakarlığını digər "Azadlıq" qəzetinin yazarlarının da həyata keçirilməsinə sövq edir. Lakin təsir altında olan qəzet yazarları unudurlar ki, jurnalistika müqəddəs peşədir. Bu sahədə çalışanlar həmişə haqqa, ədalətə, milli və dövlətçilik maraqlarına xidmət etməlidirlər. Bu nümunəni "Səs" qəzeti öz əməli fəaliyyəti ilə sübut edir. Təsdiq edir ki, "Səs" qəzeti jurnalistikaya, əldə tutulan qələmə böyük hörmət göstərir. Yazdığımız köşə yazılarımızda "Azadlıq"dan fərqli olaraq şəklimizi və mail poçtamızı qeyd etməklə, nümunə olduğumuzu göstərmişik. Bu yazının müəllifi olan mən İlham Əliyev radikal müxalifətlə bağlı, hətta fəaliyyətində boşluğa, səhlənkarlığa yol verən məmurlarla bağlı ən sərt yazıların altından Ə.Kərimovdan fərqli olaraq öz imzamı qoymuşam. Bəzən olub ki, bu imzalar İlham, bəzən isə İ.Əliyev olub. Sosial şəbəkələrə, xüsusilə də "Facebook"a daxil olmaqla mənim kimliyim barəsində geniş informasiya əldə etmək olar. "Səs" qəzetinin digər əməkdaşları da fəaliyyətlərində şəffaf və yazdıqları məqalələri gizli deyil, açıq şəkildə qeyd ediblər. Bu ənənə bu gün deyil "Səs" qəzeti yaranandan qoyulub ki, bunun belə də davam edəcəyi şübhəsizdir.
"AZADLIQ" ERMƏNİLƏRƏ KƏŞFİYYAT MATERİALLARI VERİR
Təsdiq olunmuş məlumatlar ondan ibarətdir ki, Ermənistan xüsusi xidmət orqanları Azərbaycan əleyhinə anti-təbliğat kampaniyası qurmaqda "Azadlıq" qəzetində dərc olunan məlumatlardan geninə-boluna istifadə edirlər. Aradabir ermənilər Ruslan Bəşirlilər vasitəsilə Ə.Kərimova "malades" mesajları da ünvanlayırlar. Bundan ruhlanan "Azadlıq" qəzetinin yazarları Azərbaycan əleyhinə milli və dövlətçilik maraqlarına zidd olan məlumatları daha iyrənc və şərəfsiz formada yaymaqda davam edirlər. Bu isə, o deməkdir ki, "Azadlıq" qəzeti faktiki olaraq, erməni kəşfiyyatı ilə əməkdaşlıq əlaqələri qurur. Bu isə Azərbaycan qanunvericiliyinə görə vətənə xəyanət hesab olunur. Vətən xainlərinin isə cəmiyyətdə qalması yolverilməzdir. Demək istəmirəm ki, onlar tam şəkildə həbsə atılsın. Sadəcə, onlara sadə jurnalist olaraq səhv yolda olduqları başa salınsın. Azərbaycan əleyhinə anti-təbliğat kampaniyası aparan "Azadlıq" qəzetinin mirzələrinə çatdırılsın ki, Ə.Kərimovun qərəzli təbliğatına uymaqla özlərini məhvə sürükləyirlər. Bizdən onlara yol göstərmək, başa salmaqdır. Nəticə çıxarmağı isə yenə də onların vicdan senzuralarının öhdəsinə buraxırıq.
İLHAM ƏLİYEV