PDF Oxu

Müxalifət

  • 11

Uğursuz debüt

Uğursuz debüt

AXCP (i) sədri Əli Kərimov yenə öz ampluasındadır. Siyasi reputasiyasını həddən artıq korlamış bu şəxs müxalifətyönlü mediaya verdiyi müxtəlif açıqlamalarda iqtidarın, eləcə də, müxtəlif dövlət qurumlarının ünvanına cəfəng, məntiqsiz ittihamlar səsləndirməkdə davam edir. Bu açıqlamalar fonunda AXCP (i) sədrinin etiraf etməyə məcbur olduğu bəzi məqamlar da var.

Məsələn, o, etiraf edir ki, indiki iqtidarın dönəmində Azərbaycanın xarici siyasətində ciddi uğurlar əldə edilib. Digər tərəfdən, ikinci cümləsində tamam əks fikirlə özü özünü təkzib edən Ə.Kərimov son dövrlərdə "Azərbaycanın xarici dövlətlərlə münasibətlərinin korlandığını" (?!) iddia edir.

Əslində, bu söylədiklərinə görə, onu qınamaq lazım deyil. Çünki bütün iddialarının əksinə olaraq, siyasətdə diletantlıq həddindən irəli gedə bilməyən bu şəxs münasibət korlamaqdan başqa heç nə bacarmır. Onun bu "fərasət"inin nəticəsidir ki, 2000-ci ildən bəri "Xalq Cəbhəsi" adını daşıyan daha iki partiya yaranıb, AXCP-dən qopmalar zəminində yeddi yeni siyasi təşkilat formalaşıb. Bu yeni qurumların təmsilçiləri - Mirmahmud Fəttayev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Əli Məsimli, Qulamhüseyn Əlibəyli, Asim Mollazadə vaxtilə Ə.Kərimovun yaxın dostları sayılırdılar. Bu gün həmin şəxslərin əksəriyyəti onu Əbülfəz Elçibəyin ideya-siyasi xəttinə xəyanətdə, yaxın ətrafını aldatmaqda, siyasi spekulyasiyada, mövqesizlikdə ittiham edir, şəxsi iddialarına görə, bütöv bir təşkilatı parçalamaqda suçlayırlar.

Ən maraqlı, tragikomik məqamlardan biri də budur ki, o, vaxtaşırı təzadlı bəyanatlar verərək "dəyişdiyini, dövrün, zamanın tələbi ilə uyğunlaşdığını" deyir. Onun söylədiklərindən belə məlum olur ki, bu "dəyişiklik", sadəcə, bloggerlikdən ibarət imiş. Demə, AXCP (i) sədri dövrün tələbləri ilə ayaqlaşmağa çalışır, populist çıxışlardan internetdə yazıb-pozmağa keçib, bu səbəbdən əvvəl onu dinləyənlərin indi yazdıqlarını oxuduğunu zənn edir. Əgər Ə.Kərimov bunu inkişaf hesab edirsə, onda istər siyasi təfəkkür, istərsə də düşüncə tərzi baxımından, ən geridə qalmış şəxsdir. Çünki yenilik, innovasiya sözlərini ara-sıra, yerli-yersiz işlətmək heç də modern təfəkkürlü, müasir, mütərəqqi düşüncəli olmaq mənasına gəlmir. Bloggerliyə gəldikdə, bunu indi orta məktəb şagirdi Ə.Kərimovdan daha yaxşı bacarır, internetdən də faydalı məqsədlər üçün, daha səmərəli istifadə edir.

Vaxtaşırı "səhvlərimizi bilirik, onları aradan qaldırmağa qadirik" deyərək, öz mənfi imicini aradan qaldırmağa çalışan Ə.Kərimov illər ərzində nə bu, nə də digər vədlərinə əməl etməyib. Əksinə, qaş düzəltmək əvəzinə, vurub göz çıxarıb, müxalif düşərgədə dağıdıcılıq, destruktivlik simvoluna çevrilib.

Bu səbəbdən onu təkcə cəbhəçilər deyil, bütün müxalifət düşərgəsi yararsız, etibarsız siyasi fiqur kimi dəyərləndirir. Odur ki, yaxın ətrafı tərəfindən çıxdaş edilmiş, siyasi isterikaya qapılmış bir şəxsdən normal bir söz eşitmək, konstruktiv addım gözləmək mümkün deyil. Bütün bunların fonunda AXCP (i) sədrinin siyasi səhnədə reabilitasiya olunmaq cəhdləri, ən yaxşı halda, uğursuz siyasi debüt kimi görünür.


Naib NİFTƏLİYEV

Digər xəbərlər