Aprelin 8-də aksiya keçirməyi planlaşdıran "İctimai Palata" yetkililərinin anidən fikir dəyişkənliyinə getmələri arxasında daha bir fakt üzə çıxıb. Belə ki, həmin fakt bilavasitə radikal müxalifət "liderlərinin" ölkədə çaxnaşma yaratmaq arzularından irəli gələn cəhd kimi qiymətləndirilir. Daha dəqiq desək, hələ bir müddət öncə müvafiq dövlət qurumlarının təklif etdiyi yerlərlə də razılaşacaqlarını bəyan edən "İctimai Palata"nın koordinasiya şurası keçirəcəkləri aksiyanın icazəli olacağını bəyan edirdilər. Bu kimi açıqlamalarla çıxış edən ikinci dərəcəli partiya funksionerləri heç bir halda qarşıdurmalara getmək istəmədiklərini bildirirdilər. Lakin sonradan məsələnin anidən başqa səmtə yönəlməsi verilən bəyanatların da səmtini dəyişdirdi.
Vəsait bir neçə
"lider" arasında
bölüşdürülüb
Məlum olduqdan sonra ki, müəyyən xarici siyasi dairələr "İctimai Palata" rəhbərliyinə 118 min avro ayırıb və həmin vəsaitlər məhz radikal addımlar üçün xərclənib, bu zaman hər şey gün kimi aydın olub. Aydın olub ki, sözügedən vəsait bir neçə nəfər "lider" arasında bölüşdürüldükdən sonra, yerdə qalan pullarla hər hansı icazəli aksiya keçirmək mümkün olmayacaq. Hətta sürücülük məktəbinin stadionunda belə yerdə qalan az bir vəsaitlə kütləvi aksiyanın keçirilməsi qeyri-mümkün qəbul olunub. Bunun üçün yeni plan hazırlayan "İctimai Palata"nın "liderləri" sükanı Pənah Hüseynova ötürüblər. Və P.Hüseynov bu ərəfələrdə mətbuata çıxaraq bildirib ki, keçiriləcək aksiya piketlərlə əvəzlənəcək. Təbii ki, həmin açıqlama ətrafında pozuculuq və qanundankənar hadisələrin baş verməsi planın tərkib hissəsi kimi önə sürülüb.
Aksiyanın piketlə
əvəzlənməsinin
nəzəri planı
Nəzərə alsaq ki, hazırda "İctimai Palata" "Nərimanov" və "Təbriz" kinoteatrlarının qarşısını tələb edir və hakimiyyətin təqdim etdiyi digər ünvanlardan indidən imtina edir, demək, həmin planın tərtib olunması da qeyd edilənləri əsaslandırmış olur.
Belə ki, nəzəri plan belədir:
1. Müvafiq orqanların təklif etdiyi yerlərdən israrla imtina etmək.
2. Yalnız "İctimai Palata"nın təklif etdiyi yerləri aksiya üçün yararlı hesab etmək.
3. Tələb olunan yerlərə icazə verilməsə, ayrı-ayrı yerlərdə icazəsiz piketlər keçirmək.
Əlbəttə ki, bu motivin üzərində "baş sındıran" radikal müxalifət "liderləri" sözügedən vasitələrlə onlara pul ayırmış xarici havadarları qarşısında götürdükləri öhdəliklərini necə "peşəkarlıqla" yerinə yetirmələrini sərgiləmək istəyirlər. Çünki ayrılmış 118 min avronun artıq çox hissəsinin özləri tərəfindən mənimsənilməsi, yerdə qalan az miqdarla pozuculuq fəaliyyətini reallaşdıra bilməmələri onların aksiyanı piketlərlə əvəzləmək "planlarını" işə salıb. Yəni ən azından bir-iki nəfər "gənc" ayrı-ayrılıqda şüarlar qışqıracaq və həbs ediləcək. Bununla da "aksiya möhtəşəm sonluqla başa çatdı" kimi qondarma bəyanatlara start veriləcək. Ancaq nəticə yenə də nəticə olaraq qalacaq - biabırçılıq, rəzalət və iflasa məhkumluq. Ancaq bu ifadələr onların boylarına biçildiyi üçün, həmin ifadələr "mənəviyyatlarına" sirayət etmir. Çünki onların "mənəviyyatları" pula satılmaqdır və bu hal indi də göz qabağındadır.
R.Nurəddinoğlu