Bir qayda olaraq, məğlubiyyətini qələbə, uğursuzluğunu uğur kimi təqdim etməyə çalışan radikal düşərgə yenə öz ampluasındadır. Bu dəfə onlar 8 aprel uğursuzluğunu aprelin 22-ə planlaşdırdıqları aksiyanın möhtəşəm olacağı barədə vədlərlə ört-basdır eləməyə çalışırlar. İddia edirlər ki, növbəti aksiya "daha möhtəşəm" olacaq, yəni, piketdən az-çox mitinqə oxşayacaq. Lakin bu gedişlə radikallar, deyəsən, heç piket də keçirə bilməyəcəklər.
Bəlli olan odur ki, ötən mitinqə radikal düşərgəyə aid edilən siyasi qurumların əksəriyyəti qatılmayıb. Ortada görünənlər isə, əsasən, "AXCP (i) - Müsavat" cütlüyünün təmsilçiləri olub. "İctimai Palata"da ("İP") təmsil olunan və olunmayan müxalif partiyalar - "KXCP", ADP, ALP, "VİP" bu aksiyada iştirak etməyib. Bu qurumların təmsilçiləri, o cümlədən, vaxtilə kütləvi aksiyalara daha meyilli görünən "KXCP"-nin sədri Mirmahmud Fəttayev "İP"-in planlaşdırdığı 22 aprel mitinqinə qatılmaycaqlarını açıq şəkildə bəyan ediblər.
Radikal düşərgə üçün acınacaqlı və tragikomik məqamlardan biri də budur ki, ötən dəfə, sadəcə, maraq xatirinə aksiyaya qoşulanların çoxu piketə bənzər mitinqi yarımçıq tərk edib. Bu, o deməkdir ki, onlar növbəti aksiyada, ümumiyyətlə, iştirak etməyəcəklər. 8 aprel mitinqinə cəmi bir neçə saat qalmış radikal düşərgənin bəzi təmsilçilərinin - İbrahim İbrahimlinin, Pənah Hüseynovun mitinqi təxirə salmaq barədə çağırışları "mitinq-piket" dilemmasının heç də təsadüfi olmadığını göstərir. Reallıq ondan ibarətdir ki, radikalların boğazdan yuxarı, pafoslu çıxışları nə aktiv siyasi elektorat, nə də müxalifət düşərgəsi üçün çəkici, cəlbedici deyil. Bayraqların, plakatların, qeyri-ciddi şüarların iştirakçılardan daha çox nəzərə çarpdığı ötən aksiyadan sonra kimlərinsə radikalların məzmunsuz, mahiyyətsiz çıxışlarını eşitmək üçün mitinqə çıxması qeyri-mümkündür. Maraqlıdır ki, vaxtilə radikal düşərgədə təmsil olunan bir sıra partiya sədrləri də eyni qənaəti bölüşür. Məsələn, "Azadlıq" Partiyasının sədri Əhməd Oruc bildirir ki, radikalların mitinq taktikası 20 illik uğursuz müxalifətçilik ənənəsinə söykənir: "20 ildir ki, bunlar uğursuz müxalifətçilik həyata keçirirlər. Bu şəxslərlə, bu enerji, intellekt və yanaşma ilə heç nəyə nail olunmayacaq. Hesab etmirəm ki, orada səsləndirilən şüarlardan manipulasiyalar, nəticələr millətin xeyirinə olsun".
Diqqəti çəkən odur ki, Ə.Oruc müxalif həmkarlarını uzunmüddətli siyasi spekulyasiyada, sadə insanları aldatmaqda ittiham edir: "İctimai Palata"ya toplaşan siyasi qüvvələr 20 ildir cəmiyyəti aldatmaqla məşğuldurlar. Onlar artıq cəmiyyəti bezdiriblər, onlara heç bir inam, heç bir ümid yoxdur. Onların yanında olan fuksionerlərin böyük bir qismi maaş ilə saxlanılan və ya çarəsiz olaraq bunların ətrafında qalmış adamlardır.
Göründüyü kimi, burada əlavə şərhə ehtiyac qalmır. Radikal düşərgənin təmsilçiləri, həmişə olduğu kimi, yenə də yalan danışır, internetdə bəsit bir şəkildə montaj olunmuş görüntülərlə ictimaiyyəti yenidən aldatmağa çalışırlar. Maraqlıdır ki, müxalif yönümlü medianın yayımladığı həmin görüntülərdə videomontajla "çoxluq effekti" yaradılmasına cəhd göstərilir. Lakin bu görüntülər yaxın planda çəkildiyindən, az qala hər kəsin əlində tutduğu plakatların insanları görünməz etməsinə baxmayaraq, montaj effekti dərhal nəzərə çarpır.
Digər fərqli görüntüləri və çəkilişləri müqayisə etdikdə, müxalifət təmsilçilərinin növbəti dəfə insanları yanıltmağa, aldatmağa çalışdıqları aydın görünür. Aydındır ki, bu yerişlə çox da uzağa getmək mümkün deyil. Məhz bu səbəbdən radikallar uzun illərdir, yerində sayırlar.
NAİB