PDF Oxu

Müxalifət

  • 14

Müxalifətin yeniləşməsi zərurəti

Müxalifətin yeniləşməsi zərurəti

"İctimai Palata"nın 8 aprel aksiyası biabırçı sonluqla başa çatdıqdan sonra, ölkədə və cəmiyyətdə bir çox siyasilər müxalifətin, bütövlükdə isə, radikalizmin iflasa uğradığını qeyd edərək, düşərgənin yeniləşməsi zərurətində olmasını vurğulayırlar. Belə ki, həm elektorat, həm də sosial baza baxımından tükənmiş düşərgə liderlərinin bundan sonra hər hansı siyasi nailiyyət əldə etmələri ictimaiyyətə inandırıcı təsir bağışlamır. Daha dəqiq desək, mitinqə toplaşanların say tərkibi istər "İctimai Palata"nın, istərsə də ayrı-ayrılıqda fəaliyyət göstərən digər müxalifət partiyalarının zəifliklərini bir daha ortaya qoymuş oldu. Bu və bu kimi bənzər mövzulara toxunaraq mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov da qeyd etmişdir ki, "palata"nın 8 aprel mitinqi iflasa uğrayıb: "Hesab edirəm ki, müxalifətin 8 aprel mitinqi iflasa uğrayıb. Mitinqdə iştirak edənlərin sayının mitinqi təşkil edən partiyaların sayı ilə müqayisə etsək, məlum olar ki, hər partiya aksiyaya orta hesabla 20-30 nəfərdən artıq adam gətirə bilməyib. "İctimai Palata"da, müxalifətdə təmsil olunan təşkilatların əksəriyyətinin birləşərək təşkil etdikləri mitinqə insanlar dəstək vermədi. Bu amil müxalifətin mitinq taktikasının və mitinq həvəsinin növbəti iflasından başqa bir şey deyil".

Əli Əhmədovun gəldiyi qənaətə görə, bu hadisə, yəni müxalifət partiyalarının sosial resurslarının tükənməsi Azərbaycan vətəndaşlarının müxalifətə və onun mitinq istəklərinə tamamilə biganə yanaşmasının ifadəsidir. Belə ki, cəmiyyətimizin ötən illər ərzində dəfələrlə müxalifəti dəstəkləmədiyini bəyan etdiyini xatırladan Ə.Əhmədovun fikrincə, Azərbaycan cəmiyyəti son mitinqə münasibətini ifadə etməklə müxalifəti dəstəkləmədiyini, ondan hər hansı fayda gözləmədiyini daha aydın şəkildə ifadə edib: "Bundan aydın şəkildə Azərbaycan cəmiyyəti, vətəndaşlarımız müxalifəti dəstəkləmədiyini, ona inanmadığını daha hansı formada bəyan etməlidir? Müxalifət bir ay əvvəl böyük kampaniya aparıb aprelin 8-də mitinq keçirmək istəyini ortaya qoymuşdu. Amma nəticə göz qabağındadır. Hesab edirəm ki, müxalifətin təşkilatçılığı altında kütləvi mitinqlərin keçirilməsi ehtimalı sıfıra bərabərdir. Proseslər göstərir ki, əgər bundan sonra müxalifət yenə də mitinq keçirmək cəhdində bulunsa, nəticə fərqli olmayacaq, əksinə, onlar üçün daha acınacaqlı olacaq".


Rəfiqə Hüseynova

Digər xəbərlər