Radikal müxalifətin 1000 nəfərlik piketindən sonra cəmiyyətə bəlli olan bəzi məqamlar daha da konkretləşib və dəqiqləşib. Hər kəs aydın görüb ki, Əli Kərimov və İsa Qəmbərov hansısa dairələrin dəstəyilə çoxsaylı mitinq keçirmək öhdəliyini götürüb, lakin verdikləri vədlərinə xilaf çıxıblar.
Çünki 20-ci sahənin ərazisində yerləşən "futbol meydançasında" qohum-əqrəbadan ibarət dəstədən başqa kənar heç kəs piketə gəlməmişdi. Elə piketin başlanğıcında radikal müxalifətin 10 min rəqəmini işlətməsi də onu göstərdi ki, Əli Kərimov və İsa Qəmbərov xarici qərəzli dairələrin qarşısında 10 min nəfərlik mitinq keçirməyi söz vermişdi. Amma nə edək ki, xalq bir daha radikal müxalifətə dəstək vermədiyini sübut etdi və Əli Kərimovların, İsa Qəmbərovların anti-milli planlarını alt-üst etdi. Əlbəttə ki, bütün söylədiklərimiz də hər kəsə aydındır.
Ancaq bu gün daha "maraqlı" məsələlərdən biri də 10 min nəfərlik mitinqin əvəzinə, meydana 1000 nəfəri güclə yığmış Əli Kərimovun və İsa Qəmbərovun piketdən sonra yoxa çıxmasıdır. Bu fakt ayrılıqda bir çox qaranlıq məqamlara işıq tutur və insanlarda ola biləcək müəyyən suallara da cavab verir.
Başqa vaxt qəzet səhifələrindən, elektron media saytlarından düşməyən bu radikallar nədənsə, piketdən sonra qaçıb gizləndilər? Məhz "nədənsə" sualın davamı ilə gedərək, Əli Kərimovun və İsa Qəmbərovun bu addımını izah etməyə çalışaq...
Birincisi, AXCP və Müsavat sədrləri qarşısında öhdəlik götürdüyü dairələrin sifarişini yerinə yetirə bilmədikləri üçün gizli hesabat verməyə çağırılıblar. Bu versiya ona görə məntiqlidir ki, təşkil olunan 17 mart və 8 aprel yığıncaqlarından əvvəl Əli Kərimov və İsa Qəmbərov Almaniyanın XİN rəhbəri, Avropanın müxtəlif vəzifəli şəxsləri və xarici ölkələrin Azərbaycandakı səfirlərilə bir sıra görüşlər keçirmişdilər. Əgər keçən il aprel piketləri öncəsi xarici səfirlər radikallarla görüşlərini açıq-aşkar keçirirdisə, bu dəfə gizli həyata keçiriblər. Lakin radikalların nəticəsi "0"-ıra bərabər olduğundan, aldıqlarının əvəzini ödəmək və ya danlanmaq üçün xarici qərəzli dairələrin iqamətgahlarına çağırılıblar.
İkincisi, Əli Kərimov və İsa Qəmbərov 8 aprel piketindən sonra bir daha anladılar ki, onlara xalq tərəfindən dəstək yoxdur. 2003-cü ildə qızılgül axtardılar, 2005-ci ildə narıncı şərfi boğazlarına doladılar, 2011-ci ildə isə özünü yandırmağa göysatan axtarmağa başladılar, lakin heç bir xeyiri olmadı. İndi də sosial bazasının həddindən artıq zəif olduğunu anladıqları üçün radikallar, xarici dairələrin yardımı ilə muzdlu piketçilərin gətirilməsi üçün danışıqlara başlayıblar.
Üçüncüsü, Əli Kərimov və İsa Qəmbərov piketdən sonra qohum-əqrəbalarının da yığıncaqda iştiraklarına görə, pullarını vermədikləri üçün qaçıb gizləniblər. Üstəlik, radikallar 10 min nəfərlik mitinqi təşkil etmək üçün aldıqları qrantları göyə sovurduqlarına görə, yeraltına keçiblər. Elə radikalların müəyyən kanallarla 8 aprel mitinqi ilə bağlı yeni çağırışlar da etməsi və tezliklə daha bir piketin keçirilməsi haqqında qərar qəbul etməsi xərclədiklərinin əvəzini ödəmək xarakteri daşıdığını da söyləmək olar.
Dördüncü versiyanı isə reallıqdan uzaq olsa da, söylənilməsini vacib sayırıq. Belə ki, Əli Kərimov və İsa Qəmbərov 8 aprel fiaskosundan sonra "mənəvi böhrana düşərək, ictimaiyyət arasına çıxmaqdan utanırlar". Əlbəttə ki, radikallarda bu cür keyfiyyətlər yoxdur, sadəcə olaraq, aparılan təhlilin xüsusiyyətləri tələb edir ki, bu variantdan da yan keçməyək.
Beləliklə də, aydın olur ki, AXCP və Müsavat sədrləri maliyyəsini aldığı dairələrin tələblərinə uyğun mitinq keçirə bilmədikləri üçün gizlənirlər. Düşünürük ki, radikalların bundan sonrakı istənilən anti-milli addımları heç bir halda xalq tərəfindən dəstəklənməyəcək və bütün cəhdlər elə 8 aprel fiaskosu kimi nəticələnəcək.
"Səs" Analitik qrupu