Əllərində bir çox qeyri-ciddi, əsası olmayan şüarlarını bayraq edərək "Eurovision" musiqi yarışması öncəsi siyasi dividend qazanmağa səy göstərən radikal müxalifət düşərgəsinin mənfəətpərəst "liderləri" müsabiqənin keçiriləcəyi gün yaxınlaşdıqca daha çox əndişələnməyə, narahat olmağa başlayıblar. Belə ki, həmin narahatlığı bu günlərdə onların verdikləri bəyanatlarından da hiss etmək mümkündür. AXCP (i) sədri Əli Kərimovun Müsavat başqanı İsa Qəmbərovla birgə müxalifət mətbuatına yaydıqları həmin bəyanatda yarışma ilə bağlı qabaqdangəlmişlik göstərərək, mitinqlərinin sayını çoxaldacaqlarını iddia edərkən, bir daha sübut ediblər ki, əslində, onlar siyasi müqəddəratlarının yaxın dövr ərzində sona çatacağını dəqiqləşdiriblər.
"Liderlərin" vaxtı niyə daralır?
Bakıda keçiriləcək "Eurovision" musiqi yarışmasına sayılacaq günlərin qaldığını və vaxtın daraldığını deyən radikal müxalifət "liderləri" sözügedən bəyanatlarında ən çox qondarma "vicdan məhbusu" məsələsini qabartmaqla, əslində, bəzi xarici siyasi dairələr qarşısında götürdükləri öhdəliklərini yerinə yetirməməkdən dolayı ciddi təlaşlar keçirirlər. Əldə etdiyimiz məlumatlara görə, onların hədəfləri nüfuzlu yarışmaya qədər ölkədə süni ajiotaj yaratmaqdan, həmin süni ajiotajlar vasitəsilə yarışmanı əngəlləməkdən ibarət olub.
Lakin ictimaiyyətin, xalqın radikalizm siyasətini rədd etməsi, onların bütün planlarını demək olar ki, alt-üst edib. Xatırlatmaq mümkündür ki, hələ bir neçə ay öncə həmin bu "liderlər" "Eurovision"un Azərbaycanda keçirilməməsi üçün əllərində olan bütün imkanlardan istifadə edirdilər. Hətta Ermənistanın həmin yarışmadan imtina etməsini az qala öz qələbələri kimi təqdim edirdilər. Əlbəttə ki, siyasi dividendləri xatirinə istənilən bu kimi çirkin addımlara rəvac verən "İctimai Palata"nın rəhbərləri məhz Ermənistanın yarışmadan imtina etməsi sayəsində bəzi xarici siyasi dairələrdən kifayət qədər qrant qoparmağa müvəffəq olmuşdular. Başqa tərəfdən, Ermənistanın apardığı anti-təbliğat kampaniyaları bilavasitə "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərin yazdıqları yazılara istinadən verilirdi və bu gün də həmin hal davam edir.
Onların planlarının ikinci hissəsi isə yarışmada iştirak edən dövlətlərin iştirakçılarından öz xeyirlərinə yararlanmaq cəhdləri idi ki, onların həmin arzuları yerinə yetirilməmiş qaldı. Çünki həmin iştirakçıların hansı mahnı müsabiqəsinə qatılmaları onların həyatlarında xüsusi rol oynayır və bundan kimin isə xeyiri üçün istifadə etmək sadəcə ağılsızlıq olardı.
Məhz bundan sonra, üçüncü planlarını işə salan antiazərbaycançı qüvvələr və Qərbin bəzi media qurumları Azərbaycana qarşı qərəzli kampaniyalara start verdilər ki, bunun da nəticəsi yalnız onların öz ziyanlarına işlədi. Çünki nəticə olaraq Azərbaycanın nüfuzuna heç bir xələl dəyməsə də, Almaniyanın, Fransanın və bu kimi digər dövlətlərin media qurumlarının korrupsiyaya bulaşmaları faktları üzə çıxdı. Təbii ki, burada da radikal müxalifət "liderlərinin" həm də Qərbin korrupsiyalaşmış mediaları ilə iş birlikləri faş oldu.
Bütün bunlardan sonra istər Ə.Kərimovun, istərsə də İ.Qəmbərovun vaxt azlığından gileylənmələri, vaxtın daraldığını bildirmələri onların götürdükləri öhdəliklərlə bağlı olan məqamların yerinə yetirilməməsindən qaynaqlanır. Onlara ödənilmiş qrantların geri tələb olunması ehtimalı da onları ciddi narahat etməkdədir.
R.RƏSULOV