Ermənistanda hakimiyyətin nəzarətində olan bütün vasitələr birbaşa müxalifətə qarşı yönəlməkdədir. Hətta bu arada hakim iqtidarın sadə vətəndaşlara qarşı da qəddarlıq nümayiş etdirməsi baş verən halların tərkib hissəsini təşkil edir. Belə ki, "Respublikaçılar" və "Çiçəklənən Ermənistan" partiyalarının koalisiyasına dəstək verməyəcək hər bir vətəndaşın sonrakı taleyi indidən müəyyənləşib və bu istiqamətdə kriminal personalar koalisiyaya dəstək vermək üçün Ermənistana daxil olmaqdadırlar.
Panarmenia.am: "Aram Manukyana hələ də seçki qəragahı ayrılmayıb"
Müxalifətdə olan Erməni Milli Konqresinin sədri Aram Manukyana hələ də seçki qərargahının ayrılmadığını yazan panarmenia.am saytı onu da məlumat verir ki, deputatlığa namizəd bunu hakimiyyətin ondan qorxması ilə əlaqələndirib: "Onlar məndən qorxurlar ki, zamanı çatanda mən bildiyim hər şeyi onların üzlərinə deyəcəm. Ona görə də hələ mənə seçki qərargahı ayrılmayıb. Belə getsə, seçki qərargahımı öz evimdə təşkil edəcəm".
Ruben Tovmasyan: "Sosial ədalətsizlik artıq nəinki iqtidar, hətta müxalifət partiyaları tərəfindən də yürüdülür"
Ermənstan Kommunist Partiyasının sədri Ruben Tovmasyan isə iqtidar və müxalifəti onun seçkiöncəsi təbliğatını oğurlamaqda günahlandırıb. Hətta mətbuat konfransı keçirən R.Tovmasyan orada bildirib ki, o, bütün partiyaların seçki çarxlarına baxıb və çarxların hər birində kommunist partiyasından oğurluq edildiyini öz gözləri ilə görüb: "Öz gözlərimlə gördüm ki, iqtidarlı-müxalifətli bütün partiyaların seçki çarxlarında məhz bizim ideyalarımız, şüarlarımız, təbliğatımız əks olunub. Buradan da anlaşılır ki, sosial ədalətsizlik artıq nəinki iqtidar, hətta müxalifət partiyaları tərəfindən də yürüdülür".
RÖVŞƏN NURƏDDİNOĞLU