"İctimai Palata"nın təmsilçiləri sözdə hər zaman demokratiyanın, fikir müxtəlifliyinin, haqqın, ədalətin tərəfində olduqlarını deyirlər. Əməldə isə sivil, demokratik, mütərəqqi düşüncədən uzaq olduqlarını öz dözümsüzlükləri, qeyri-ciddi davranışları, xüsusən, sağlam tənqidi həzm edə bilməmələri ilə sübuta yetirirlər. Sözügedən qurumun təmsilçilərinin "İctimai Palata" ilə bağlı tənqidi yazılara görə, "Yeni Azərbaycan" qəzetini məhkəməyə verməsi deyilənlərə əyani misaldır.
Destruktiv düşərgə niyə təlaş, həyəcan içindədir?
Məhkəmə iddiasının səbəbi "Yeni Azərbaycan" qəzetinin 20 aprel 2012-ci il tarixli nömrəsində dərc olunmuş "Diplomatik sifariş: müxalifət, "Eurovision"a hazır ol" sərlövhəli məqalədir. Destruktiv müxalif düşərgənin isteriyaya qapılmış təmsilçiləri hesab edirlər ki, burada səsləndirilən həqiqətlər, ciddi arqumentlər onların olmayan imicinə kölgə salır və müxaliflərin iddiasına görə, reallıqdan, gerçəklikdən uzaqdır. Bəs əslində, nə baş verir və müxalifət təmsilçiləri niyə bu qədər təlaş, həyəcan içindədirlər? Əgər səbəb analitik məzmunlu bir məqalədirsə, doğrudan da, destruktiv düşərgənin durumu çox acınacaqlıdır. "Yeni Azərbaycan" qəzetində gedən bir yazıya az qala bütün müxalifət təmsilçiləri sıraya düzülərək, münasibət bildirirsə, üstəlik, qəzeti məhkəmə ilə təhdid edirlərsə, onda demək, atılan ox hədəfə dəyib. Yəni "Yeni Azərbaycan" qəzeti bir analitik yazı ilə özlərini "radikal" adlandıranların gerçək simasını ortaya qoyub. Bunların "radikallığı və ya qətiyyəti" ondan bəllidir ki, himayədarlarının onlara verdiyi sifarişin xaricində hər hansı müstəqil, konstruktiv, məqsədyönlü addım ata bilmirlər.
Ən dözümsüz, isterik reaksiya... Və ya siyasətçidən daha çox psixopata bənzəyən Rəsul Quliyev
Qeyd edək ki, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu "Səs" qəzetinin 5 may 2012-ci il tarixli sayında dərc edilmiş "Radikal müxalifətin isterik bəyanatına cavab, yaxud məhkəmədə görüşmək əsil fürsət ola bilər" başlıqlı məqaləsində müxalifətin müvafiq ittihamları ilə bağlı prinsipial məqamlara aydınlıq gətirib. Hikmət Babaoğlunun vurğuladığı kimi, "Yeni Azərbaycan" qəzetində dərc olunmuş həmin yazıya birmənalı münasibətin olmayacağı gözlənilən idi: "Təəssüflər olsun ki, xalqımızın əksər nümayəndələri və geniş oxucu kütləsindən fərqli olaraq, bəzi siyasi dairələr bizi təqdir deyil, tənqid etdilər".
Əlbəttə, prinsip etibarı ilə, bu və ya digər formada istənilən şəxsi tənqid etmək, müxtəlif səbəblərdən hər hansı yazını, fikri qəbul etməmək, ciddi əks-arqumentlə rədd və ya təkzib etmək olur. Burada qeyri-adi heç nə yoxdur. Sadəcə, müxalifətin bu məqamda həddən artıq aqressiv və impulsiv reaksiyası ciddi suallar doğurur. Diqqəti çəkən odur ki, sözügedən məqaləyə ən dözümsüz, isterik reaksiya eks-spiker Rəsul Quliyevdən gəlib. Əslində, daşıdığı cinayət məsuliyyətinə görə, qaçıb gizləndiyi halda, "okeanın o tayından hakimiyyətə gəlmək" iddiasında olan, siyasətçidən daha çox psixopata bənzəyən R.Quliyevdən başqa heç nə gözləmək mümkün deyil.
Məqsəd doğrudanmı vasitəyə haqq qazandırır?
Eks-spiker "Yeni Azərbaycan"ı Almaniya mətbuatında anti-Azərbaycan mövqeli təbliğata qarşı çıxdığına görə qınayır və bir qədər təəccüblü görünsə də, Otto Bismarkın "Məqsəd vasitəyə haqq qazandırır" prinsipini müdafiə edir. Əgər bu şəxsin bir müddət əvvəl bədbəxt adlandırdıqları ilə sonradan həmrəy, müttəfiq olduğunu nəzərə alsaq, onda hər şey aydın olur. Başqa sözlə, o özü də eyni prinsipin daşıyıcısıdır və bu səbəbdən, O, Bismarkı, Hitleri, Adenaueri ona görə müdafiə edir ki, özü də onlarla eyni düşüncənin - neonasizm təfəkkürünün daşıyıcısıdır. Əks-halda, sağlam, arqumentli tənqidə belə qeyri-adekvat reaksiya vermək mümkün deyil. Heç kəsə sirr deyil ki, müxalifət təmsilçiləri onlara yaxın media qurumlarında iqtidara, dövlət məmurlarına, cəmiyyətin sağlam düşüncəli, qabaqcıl mövqeli insanlarına ardı-arası kəsilmədən təhqir, hədyan, böhtan yağdırırlar.
R.Quliyev o şəxslərdəndir ki, ildə azı dörd dəfə mövqeyini dəyişir, bir müddət əvvəl, bədbəxt sandıqları ilə birlikdə bir müddət sonra "xoşbəxt" olacağını düşünür. Kiçik bir araşdırma apardıqda, bəlli olur ki, onun "sitat" gətirdiyi "məşhur jurnalist" Plutçeri, deyəsən, eks-spikerdən başqa tanıyan yoxdur.
Tənqidlə təhqirin fərqini anlamayanlar
Bu, onu göstərir ki, destruktiv düşərgənin təmsilçiləri sağlam tənqidə, arqumentlə, məntiqi, ağlabatan mülahizələrlə, tutarlı fikirlərlə cavab vermək iqtidarında deyillər. Ən yaxşı halda, "Plutçerə istinadən" təhqir etməyi, söyüş, nifrət yağdırmağı bacarırlar. Bu da əks-bumeranq effekti ilə onların özünə qarşı yönəlir. Bu gün Azərbaycanda ciddi söz fikir azadlığı mövcuddur. Hər kəs azad şəkildə istədiyi fikri səsləndirir, media istədiyi materialı informasiya dövriyyəsinə buraxır, kimsə öz əqidəsinə, düşüncəsinə, qanun çərçivəsində söylədiyi fikirlərə görə, təqib olunmur.
Siyasi fəaliyyət azadlığının təntənəsi...
Hikmət Babaoğlu bununla bağlı tam haqlı olaraq, qeyd edir ki, bu uğurlar məhz Ulu Öndər Heydər Əliyevin ideya-siyasi xəttinin davam etdirilməsinin, Ümummilli Liderin vətəndaş azadlığına, azad sözə, azad fikrə verdiyi böyük dəyərin nəticəsidir: "Heç şübhəsiz, biz bütün bunları ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən bərqərar olunmuş söz, fikir, özünüifadə və siyasi fəaliyyət azadlığının təntənəsi kimi dəyərləndirir, bu fikir plüralizmini demokratik dəyərlərin sistemli və ardıcıl surətdə təzahürü olaraq qiymətləndiririk. Amma məsələ ondadır ki, bəzi siyasi dairələr bir sıra hallarda demokratik cəmiyyətə xas olmayan dözümsüzlük nümayiş etdirirlər. İlk növbədə, hesab edirik ki, bəhs olunan yazı reallığı əks etdirməklə və konkret hədəfə yönəlməklə öz məqsədinə çatmışdır. Hesab edirik ki, sözügedən yazıya peşəkarcasına, rasional yanaşmaqda, ondan məntiqi nəticələr çıxarmaqda, bunu mətbuat məhsulu kimi qiymətləndirməkdə fayda vardır".
Fikir, söz azadlığından sui-istifadə edənlər
Mövcud fikir, söz azadlığından maksimum sui-istifadə edən müxalifət mənsubları isə iqtidarın maksimum tolerantlıq, dözümlülük nümayiş etdirməsi müqabilində sabitliyi pozmağa, müxtəlif qərəzli fikirlərlə ölkəmizdə insan haqlarının vəziyyəti ilə bağlı mənfi rəy formlaşdırmağa səy göstərirlər. Müxalifət yönümlü medianı vərəqlədikdə, nəzərdən keçirdikdə də, bu, aşkar görünür. Belə ki, müxalifət yönümlü mediada ictimai xadimlərin, dövlət məmurlarının, iqtidar təmsilçilərinin ünvanına məqsədli şəkildə əsassız ittihamlar, böhtan və təhqirlər səsləndirildiyi aydın nəzərə çarpır. Bəzən tanınmış, nüfuzlu bir şəxsin şəkli elə təhqiramiz, eybəcər formada kollaj edilir ki, buna ədəbsizlikdən, səviyyəsizlikdən başqa bir ad vermək olmur.
Bir kollajın izi ilə... Və ya siyasi mədəniyyəti olmayanlar
Buna baxmayaraq, "Yeni Azərbaycan" qəzetində tam etik normalar çərçivəsində verilən bir kollaja müxaliflərin hiperhəssaslıqla müşayiət olunan impulsiv reaksiyası onların siyasi mədəniyyətin sıfırdan aşağı həddə olduğunu bir daha təsdiqləyir. Hikmət Babaoğlunun qeyd etdiyi kimi, kollaj mediada bu və ya digər materiala diqqəti cəlb etməyin az-çox səmərəli üsullarından sayılır: "Belə vasitələrdən biri də yazının mətninə müvafiq olan kollajların yaradılması və ya yazıda adı çəkilən şəxslərin, fikir sahiblərinin, siyasi xadimlərin təsvirlərinin əlavə olunmasıdır. Bu, medianın əzəli və ənənəvi metodlarından biridir. "Yeni Azərbaycan" qəzeti də bu ənənəyə sadiq qalaraq, bəhs olunan yazıda adıçəkilən şəxslərin şəkillərindən kollaj düzəltmişdir. Düşünürük ki, bu, əsla, KİV haqqında Azərbaycan Respublikasının Qanununa və modern dünyada formalaşmış media ənənələrinə zidd deyil".
Anti-Azərbaycan mövqelilərin ikili standartları- Aqressiv müxalifət bu standartlara "dərindən" yiyələnib
Bunun müqabilində destruktiv düşərgəyə yaxın medianın belə məsuliyyətsiz rəftarı nə əxlaqa, nə mənəviyyata, nə də insanlığa sığır. Müxalifətə yaxın mediaya hansısa irad tutulanda, bu və ya digər qəzet, yazdıqlarının mahiyyətinə varmayan hər hansı jurnalist məsuliyyətə cəlb ediləndə, məhkəməyə veriləndə destruktiv düşərgə dərhal hərəkətə keçir, söz, fikir, mətbuat azadlığının pozulduğu barədə hay-küy qaldırırlar. Belə görünür ki, xarici havadarlarının bütün sifarişlərinə canıyananlıqla əməl edən müxalif düşərgənin media ruporları onların tətbiq etdiyi "ikili standartlar"a yaxından yiyələniblər. Bu mənada, "İP"-çiləri heç qınamalı da deyil. Onlar sosial məsuliyyət hissini o qədər itiriblər ki, təhqirlə tənqidin sərhədini heç cür tanıya bilmirlər.
Bu mənada, ölkəmizin dünya miqyasında nailiyyətlərinin, uğurlarının sayı artdıqca, anti-Azərbaycan mövqeli qüvvələrin narahatlığı, təşvişə düşməsi aşkar sezilir.
Məkrli planlar baş tutmayacaq
Məhz bunun nəticəsidir ki, xarici təzyiq qrupları müxtəlif vasitələrlə ölkəmizin daxili və xarici siyasətinə təsir etməyə, bünunla da bütün mümkün vasitələrlə öz məkrli planlarını gerçəkləşdirməyə səy göstərirlər. Onlar öz məkrli planlarını xarici dairələrdən təmənnalı yardım güdən xaricdən təzyiq alətləri işə düşür, respublikamıza qarşı düşmən mövqedə dayanan, iqtisadiyyatımızın dinamik inkişafını, regionun lider, əsas söz sahibi olan dövlətinə çevrilməyimizi görmək istəməyən xarici dairələr ölkəmizə qarşı məkrli planlarını həyata keçirmək üçün müxtəlif yollar axtarırlar. Onlar bunu, əsasən, "İP" mənsublarından ibarət olan destruktiv düşərgə vasitəsi ilə gerçəkləşdirməyə səy göstərirlər. "İctimai Palata"nın təmsilçiləri bunun müqabilində, təəssüf ki, öz ənənələrinə sadiq qalaraq, antimilli qüvvələrlə həmrəylik nümayiş etdirir. Odur ki, "Yeni Azərbaycan" qəzetinin yazarları da fərqli, məhkəmədə müzakirə predmetinə çevrilə biləcək yazılar yazmayıblar, sadəcə, həqiqəti ictimaiyyətin diqqətinə çatdırıblar, destruktiv düşərgə təmsilçilərinin milli maraqlara xəyanət etdiyini ciddi, tutarlı faktlarla isbat ediblər. Belə olan halda, məhkəməyə verilməli olan heç də "Yeni Azərbaycan" qəzeti deyil, məhz "İctimai Palata"dır.
Naib NİFTƏLİYEV