Özlərini "ziyalı" adlandıran bir qrup fərdin şəxsi maraqları arzuladıqları kimi təmin olmadığına görə, dərhal "siyasi baxış" dəyişkənliyinə uğramaları, gündə başqa-başqa maskalarla cildlərini dəyişmələri ictimaiyyətdə onlar barədə mənfi rəylər doğurmaqdadır. Belə ki, onların əsl ziyalılıq obrazından kənarda qalaraq dağıdıcı və aqressiv hərəkətlərə rəvac verən "İctimai Palata" ilə sıx əlaqə saxlamaları bir daha belə bir fikir formalaşdırır ki, əslində, bunların əsas məqsədləri elmə, ədəbiyyata, mədəniyyətə xidmət etmək deyil, tamamilə başqa səmtə istiqamətlənib. Bu səbəbdən də şəxsi maraqlarının maddi tərəfdən təmin olunması üçün özlərini çirkablı "siyasətə" bulaşdırmağa başlayıblar.
Onları danışdıran pullar
Həmin məqsədlə də bəzi Qərb dövlətlərinin siyasi dairələri tərəfindən dəstəklənən "İctimai Palata" ilə təmaslar qurmaqdadırlar. Çayxanalarda, restoranlarda, kafelərdə görüşlər keçirdikdən sonra qondarma "ziyalılar"ın az qala var gücləri ilə bağırıb-çığırmaları da məhz bu kimi vasitələrə hesablanmış addım kimi başa düşülür. Çünki bunu başqa cür dəyərləndirmək də mümkün deyil. Məhz "palata" təmsilçiləri ilə görüşlərdən sonra, maddi durumlarını düzəldən həmin "elmdarlar" dərhal başlayırlar dövlət və xalq əleyhinə çağırışlar etməyə, öz təbirlərincə "ziyalılıq" etməyə. Ancaq məsələ təkcə bununla bitmir. Onlar həm də özlərinin ziyalı keçmişləri üzərindən qara və çarpaz xətlər çəkmiş olurlar. Bununla da, artıq onlar ziyalı deyil, ziyanlı kimi tanınmaqdadırlar.
Bu gün tam əminliklə demək mümkündür ki, həmin qondarma "ziyalıları" danışdıran da onlara bəzi Qərb siyasi dairələri tərəfindən xərclənən pullardır. Yəqin ki, pul olmasa, onların cınqırları belə, çıxmaz. Amma təəssüf ki, bu, belədir. Bir sözlə, ziyanlı "ziyalılar" "İctimai Palata" ilə birgə fəaliyyət göstərməyə başladıqdan sonra, demək olar ki, bazar araşdırmaları aparmaqdadırlar. Onlar, təbii ki, öz aralarında ölkənin, ictimaiyyətin qeydinə qalmır, həqiqətdə isə, pul bölüşdürür, valyuta hesablayır və hətta bunun üstündə bir-birilərini qırırlar.
Ölü bazarın
yararsız malları
Əlbəttə ki, onların belə bir xəstəliyə mübtəla olmaları arxasında həmin "ziyalıları" azara bulaşdıran "İctimai Palata"nın da xüsusi rolu var. Çünki "palata"da oturub-duran funksionerlərdən tutmuş "liderlərə" qədər hər birinin arxasında qaranlıq əməllər, xəyanətlər dayanıb. Və həmin xəyanətlərdən hazırda ziyanlı "ziyalılar"ın da payına düşür. Ona görə də dövlətçilik və xalq əleyhinə çıxışlara rəvac verərək, şəxsi maraqlarının təminatına cəhd göstərirlər. Lakin sözsüz ki, Azərbaycan xalqı onların heç bir fikirlərini ciddi qəbul etməməklə yanaşı, tutduqları xəyanət xəttinə də hiddətini bildirir. Çünki onların özlərini, mənəviyyatlarını, dəyərlərini pula-paraya satmaları həm də onların bazar adamı olmalarına olan işarədir. Ancaq görünür, belə getsə, həm "İctimai Palata"nın, həm də ziyanlı "ziyalılar"ın alverləri öləcək. Çünki satdıqları malları da özləri kimi zay və yararsızdır.
Rəfiqə Hüseynova