Hazırda bütün detallarına qədər üzərində Eldar Namazov "dəsti-xətti" və həmin dəsti-xəttin içindəki Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Gültəkin Hacıyeva, Cəmil Həsənli, eləcə də, digər adları çəkilməyənlərin "ziyalı" oyunbazlıqları "məharətlə" idarə olunmaqdadır. Onlara verliən ən bariz ad isə budur - RELEQATLAR YIĞINCAĞI.
Rüstəm İbrahimbəyov "susmayıb" nə edir?
Və bu yerdə sözügedən yığıncaqda "söz sahibinə" çevrilmiş Rüstəm İbrahimbəyovun söylədiyi bir "ifadəni" xatırlamaq yerinə düşərdi: "Mən 3-4 il öncə qərara gəldim ki, artıq susmaq olmaz, həqiqətlər olduğu kimi deyilməlidir". Və nədənsə qarşılıq olaraq vaxtilə hörmətli-izzətli olan, bu gün isə bunlardan əsər-əlaməti olmayan ssenaristə bir adam da olsun "Ay "ziyalı" Rüstəm müəllim, haqqında bəhs etdiyin 3-4 il, tutaq ki, bəllidir, amma yaxşı olar söyləyəsən görək, öncə yaşadığın 65 ili sən nə işlə məşğul idin" sualı verilmir. Eyni zamanda, sual edilmir ki, Eldar Namazovun ətrafına toplaşan releqatlar niyə elm, savad, ixtira, maarifçilik kimi xüsusiyyətləri kənara qoyub, siyasətbazlıqla məşğuldurlar. Axı onlar öz təbirlərincə dedikləri kimi, "ziyalıdırlar". Ancaq özləri də bilirlər ki, ziyalılıq artıq bunlarlıq deyil.
Qarabağda qondarma seçkilər keçirilərkən, dünya azərbaycanlıları Şuşanın işğalının 20 illiyini qeyd edərkən, "Eurovision"la bağlı ölkəmizə səfərlər edən xarici qonaqlar Azərbaycanın uğurlu həqiqətlərini öyrənmək istəyərkən, harada idiniz, ey releqat yığıncağının üzvləri? Daha nəyi sadalayaq ki? Məgər bütün bu söylənilənlər onların "kurasiyalarına" daxil, ya da aid deyilmi?!
Cavabsız suallar...
Qəribə odur ki, Eldar Namazov müxtəlif saytların foto-rubrikasına təqdim etdiyi şəkillərdə hələ də öz məzmunlu keçmişini unutmayaraq, nostalgiyaya qapılacaqdısa, o zaman çıxardığı bütün bu "oyun"ların məqsədi-məramı nə idi, görəsən? Maraqlıdır! Və ya bir insan 10 il bərabər çalışdığı komandanın həqiqətlərini, ədalət meyarlarını yalnız vəzifədən uzaqlaşınca "xatırlayırsa", elə sadəcə, bu faktın özü hansı mənada "səmimiyyət" deyə adlandırıla bilər?
Niyə Rüstəm İbrahimbəyov bu hakimiyyətin resurslarından eninə-boluna yararlananda, kefi kök idi, birdən-birə hansısa xahişi rədd edildi deyə, dönüb "həqiqətləri incələyən ziyalı" oldu?!
Elə bu yerdə daha bir sual oluna bilər ki, Ziya Bünyadovun, Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin, Xəlil Rzanın... kvartaldan-kvartala ziyalılıq etdiyini heç gördünüzmü?! Cavabsız qalan çox sual var. Həm də xeyli! Elə bu səbəbdəndir ki, əsil ziyalıya ehtiyac duyan, həmin ziyalının söyləyəcəklərinə zaman-zaman "susuzlayan" cəmiyyət də, millət də ona təqdim olunanı deyil, öz istədiyini axtarır. Ziyalı libasında görə bilmədikləri isə hansısa həqiqətləri, hətta tam təfsilatı ilə söyləyəndə belə, intuitiv olaraq, şübhə hədəfinə çevrilir.
RƏFİQƏ HÜSEYNOVA