AXCP (i) sədri Əli Kərimov şəxsi maraqları naminə anti-milli qüvvələrlə daim əməkdaşlıq edir. Xüsusilə, İran mollalarının mənafeyini müdafiə etməsi faktı da özünü doğruldur. Çünki Ə.Kərimovun gəlir mənbəyinin bir hissəsi də məhz bu rejimin üzərinə düşür. Azərbaycan dövlətinin daxili və xarici siyasətinə öz "tərzində" don geyindirib aşağılamaq istəyi, anti-azərbaycançı meyilli qüvvələrlə yaxından əməkdaşlıq etməklə "siyasi karyera" qurmaq cəhdləri və bunun üçün Azərbaycanda bütün təxribatçı hərəkətlərə hazır olması kimi çirkin planlarını həyata keçirə bilməyən Ə.Kərimov İranla və xüsusilə, İran molla rejiminə "yorulmadan" xidmət edir. Mayın 23-də "İctimai Palata" rəhbərlərinin keçirdiyi mətbuat konfransında jurnalistlərin İranla Azərbaycan arasındakı münasibətləri ilə bağlı suallarını cavablandıran Ə.Kərimov rəsmi Bakının yox, Tehranın milli maraqlarına xidmət edən "açıqlamaları" açıq-aydın kimlərə xidmət etdiyini bəyan etdi. Əslində, İranın Azərbaycana qısqanclıq, qərəzli siyasətinə öz anti-milli mövqeyindən yanaşan Ə.Kərimov qeyd edib ki, iki ölkə daxilində münasibətlərin gərginləşməsi heç kimin xeyirinə deyil. Xüsusilə, Azərbaycan hakimiyyətinə yaxın bir qrup şəxsin İranda xeyli sayda insanın özünə dini lider hesab etdiyi şəxsi yaraşmayan formada təhqir etməsinin səhv olduğu etiraf edilməli və bu kampaniya dayandırılmalıdır. İranın son vaxtlar Azərbaycanın daxili işlərinə qarışmasına münasibət bildirmək Ə.Kərimovun maraqlarına cavab vermir. İranla Ermənistanın dostluq münasibətlərinə normal yanaşan Ə.Kərimov İran vasitəsilə də Ermənistanın maraqlarına xidmət etməsi danılmazdır. Şübhə yoxdur ki, bu adamın yalnız öz şəxsi maraqları həmin dövlətlərin maraqları ilə uzlaşır. Bu nöqteyi-nəzərdən həmin "qüvvələrin" Azərbaycanda törətmək istədikləri təxribatlar, ölkənin imicinə zərər vura biləcək aksiyalara AXCP (i) sədrinin dəstək verməsi onun azərbaycanlı olmasını bir daha şübhə altına alır.
Ümumiyyətlə, Azərbaycan dövlətçiliyinə qənim kəsilən Ə.Kərimovun bütün açıqlamaları, onu deməyə əsas verir ki, onun üçün müqəddəs sayıla biləcək heç bir dəyər yoxdur və istənilən zaman ölkəmizin maraqlarına zərbə vurmaq istəyən qüvvələrin himayəsinə sığınması və bu istiqamətdə bütün təkliflərə razılıq verməsi təəccübləndirici deyil.
Bu gün bütün dünyanın İranın rejimini tənqid atəşinə tutduğu bir zamanda, İranda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunun şahidi olduğu bir vaxtda AXCP (i) sədri Ə.Kərimov "milyonların qəbul etdiyi din xadimi"nin müdafiəsinə qalxır, onların yeritdiyi anti-azərbaycançılıq siyasətinə dəstək verir.
Babək Hacıyev