PDF Oxu

Müxalifət

  • 75

Erməni siyasətçiləri etiraf edirlər

Erməni siyasətçiləri etiraf edirlər

Artıq sirr deyil ki, Ermənistanda yalnız hakimiyyətin dəyişdirilməsi ilə siyasi-iqtisadi və müvafiq olaraq demoqrafik vəziyyəti düzəltmək mümkün olmayacaq. Belə ki, rəsmi Yerevan, demək olar ki, bütün qonşularına qarşı təcavüzkar siyasətinin əsirinə çevrilib. Məhz bu siyasət Ermənistanın regionda reallaşdırılan miqyaslı layihələrdən kənarda qalmasının səbəbidir. Nəticədə, Ermənistanda əhalinin yaşamaq üçün süründüyü vaxtda onun qonşularında həyat səviyyəsi Avropanın ən inkişaf etmiş dövlətlərindəkindən heç də pis deyil.

Onu da qeyd edək ki, sözügedən problemlə bağlı bir çox politoloqların fikirləri üst-üstə düşür. Gəlinən qənaət isə budur ki, Dağlıq Qarabağ problemi həll olunmayınca, Ermənistan bir dövlət kimi siyasi xəritələrdən silinəcək. Bunu rəsmi Yerevan da anlayır, amma Ermənistanın hakim Qarabağ klanı xalq qarşısında bunu etiraf etməyə özündə güc tapmırsa, eks-prezident Levon Ter-Petrosyanın simasında müxalifət Qarabağ probleminin həllinin, ilk növbədə, Ermənistan üçün həyati önəmə malik olduğunu açıq şəkildə dilə gətirir: " Qarabağ problemi erməni xalqını zülmə aparır".

Xatırladaq ki, hələ 1997-ci il sentyabrın 26-da Ermənistan prezidenti kimi, L.Ter-Petrosyan keçirdiyi geniş mətbuat konfransında çoxları üçün gözlənilməz bəyanat səsləndirmişdi: "Bu gün bizim rədd etdiklərimizi gələcəkdə özümüz istəyəcəyik. Amma o zaman onu da ala bilməyəcəyik... Realist olmaq və anlamaq lazımdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağdakı vəziyyətlə uzun müddət barışmayacaq. Çünki bu vəziyyət regional əməkdaşlığa, təhlükəsizliyə, Qərbin neft maraqlarına ziddir".


Ermənistan seçim qarşısındadır


Ən başlıcası, L.Ter-Petrosyan hələ o zaman açıq şəkildə bildirirdi ki, Ermənistan seçim qarşısındadır: ya Qarabağ probleminin həllində kompromis, ya da uzun illər ərzində iqtisadi durğunluq, aşağı yaşayış səviyyəsi: "Ermənistan normal dövlət olmayacaq. Qarabağ problemi çözülmədən, blokada aradan qalxmadan, biz yaxşı yaşaya bilməyəcəyik. Ya bu, ya o. Ya bütün dünyaya deməliyik: kənara çəkilin, problemimizi özümüz həll edəcəyik, öz gücümüzə əminik və heç bir güzəştə getməyəcəyik. Amma bu halda, heç kəsin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını tələb etməyə haqqı çatmayacaq. Əksinə, yaşayış səviyyəsinin daha da aşağı düşəcəyi fikri ilə barışmaq lazım gələcək. Ya da yaxşı yaşamaq, iqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə, özümüzdə cəsarət tapmalı, ciddi qarşılıqlı güzəştlərə getməliyik".

O vaxtdan 15 il keçir və həyat göstərir ki, Ermənistan əhalisi ölkənin hazırkı rəhbərliyi tərəfindən devrilmiş L.Ter-Petrosyanın sözünə qulaq asmalı idi. O, bir müddət öncə, BBC-nin Rusiya xidmətinə verdiyi müsahibəsində də bir daha bu məqama işarə edib.

L.Ter-Petrosyan bu ərəfələrdə keçirilən mitinqlərdə də bildirib ki, o zaman Dağlıq Qarabağ münaqişəsinin həlli planının iflasına "qarabağlılar (Ermənistanın hazırkı rəhbərliyi) səbəb olub. Onlar məsələyə maksimalistcəsinə yanaşıblar, əldə olunanları az hesab ediblər, bir az da sıxaraq, daha çoxuna nail olmağın mümkünlüyünü düşünüblər".


İnkişaf etmiş Azərbaycanla tənəzzüllə uğurayan Ermənistanın fərqi

Statistik rəqəmlərə fikir versək, nə görərik? Təkcə işğalçı ölkəni tərk edənlərlə Azərbaycana gələn turist axınının müqayisəsi verilən suala ən layiqli cavabdır. Əgər Ermənistanı bir tikə çörək tapmaq üçün 500 minə yaxın insan tərk edirsə, Azərbaycana hər il iş dalınca 15-20 min arası əcnəbi turist gəlir. Yalnız ötən il Azərbaycanda vətəndaşlığı olmayan, təxminən, 15 min əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alıb. Burada söhbət hələ qeyri-leqal çalışanlardan getmir. Rəsmi məlumata görə, hazırda Azərbaycanda 100-ə yaxın ölkənin nümayəndələri işləyir.

Erməni sosioloqların araşdırması göstərib ki, əhalinin, təxminən, 70 faizi ölkədəki iqtisadi vəziyyətdən narazıdır. Bunu "Qafqazın tədqiqat resursları mərkəzinin" (CRRC) Ermənistan filialının direktoru Egine Manasyan USAİD, CRR və "Avrasiya" fondu tərəfindən aparılmış sonuncu sorğunun nəticələrini açıqlayan zaman bildirib. Ötən il bu faiz 60-ı göstərirdi. Təkcə bir il ərzində 10 faiz artım növbəti illərdə Ermənistanı süquta doğru irərliləməsini daha da sürətləndirəcək.

Göründüyü kimi, münaqişənin həll olunmaması Ermənistanı getdikcə daha ağır duruma salır. Gec, ya tez bu bu problem həll olunacaq, amma bu, Ermənistanın tamamilə məhv olmasından öncə baş versə, ermənilər üçün daha yaxşı olardı.


R.HÜSEYNOVA

Digər xəbərlər