PDF Oxu

Müxalifət

  • 53

Pənah Hüseynovu danışdıran nədir?

Pənah Hüseynovu danışdıran nədir?

"İctimai Palata"nın "ruporu" vəzifəsini icra edən Pənah Hüseynovun təmsil olunduğu qurumun siyasətdə "nailiyyət" əldə edə bilməsini müəyyən tərzləri ilə sübut etməyə cəhd göstərməsi, onu deməyə əsas verir ki, əksinə, müxalifət hazırda tam gücsüz vəziyyətdədir və düşərgənin xilas yolu yalnız onun tam şəkildə, köklü surətdə dəyişməsindədir. Yəni bu günün "ənənəvi müxalifəti" keçmişin arxivində özünə yer edib və fəaliyyət perspektivi sıfır həddindən o tərəfə keçmir. Lakin bütün bunlara rəğmən, P.Hüseynov müxtəlif sferalarda gülünc iddialarda bulunur, həmin iddiaları sayəsində inhisarçı modelə çevrilmiş "İctimai Palata"nı təmizə çıxarmağa çalışır.


İcazəsiz aksiyalar Azərbaycanın imicinə kölgə salmaqdan ötrü qurulmuş plan idi


Hələ "Eurovision" öncəsi dağıdıcı müxalifətin iki dəfə icazəli aksiya keçirməsi, sonradan həmin aksiyalarını icazəsiz piketlərlə əvəzləməsi arxasında bir çox nüansların dayanması şəksizdir. Məsələ ondadır ki, məhz mahnı müsabiqəsinə sayılacaq günlər qalmış Qərbin müəyyən siyasi dairələri tərəfindən "cuşa gətirilmiş" müxalifət onlara xərclənmiş vəsaitlər fonunda etibarlılıqlarını sərgiləməyə çalışırdılar. Bu, həm də Qərb tərəfindən onlara verilmiş sonuncu şans idi. Ancaq bu və ya digər istiqamətlərdə küçələrə çıxan azsaylı elektorat Qərbin ümidlərini doğrulda bilmədi.

Bundan əlavə, Qərb həm də dağıdıcı müxalifətə media dəstəyi də göstərirdi ki, həmin yardımların arxasında, təbii ki, erməni lobbisi dayanmışdı. Yəni kifayət qədər maliyyə imkanları olan erməni lobbisinin xarici nümayəndəlikləri həm Qərbin media qurumlarını, həm də onların vasitəsilə dağıdıcı müxalifətin total hücuma keçməsini bütün mənalarda təmin edirdi. Lakin nə o tərəf, nə də bu tərəf heç nəyə nail olmamaqla yanaşı, bütövlükdə, bir "amala" xidmət etmiş oldular - Azərbaycanın imicinə kölgə salmağa. Ona görə də bu gün P.Hüseynovun "aksiyalar Azərbaycanın imicini yüksəltdi" ifadəsi həqiqətdə, özünü təmizə çıxarmaq cəhdi kimi başa düşülməlidir. Plan baş tutmadı, müxalifətin aqressivliyi düşərgənin batmasına səbəb oldu, Qərb isə bu dəfə də əlini onlardan üzdü.


Qərbin bugünkü tələbi başqadır


"Eurovision" öncəsi Azərbaycana qarşı müəyyən sifarişlər əsasında hücum kampaniyalarına start vermiş nüfuzlu media qurumları artıq səmtlərini dəyişməyə məcbur olublar. Onlar anlayıblar ki, xalqın davamlı dəstəyinə, eləcə də, sarsılmaz xalq-dövlət vəhdətinə mənsub olan Azərbaycan iqtidarı istənilən qeyri-güclər qarşısında istədiyi qədər dayanmaq qüdrətindədir. Bu əzmi qırmaq üçün səpilən milyardlarla vəsait isə, demək olar ki, havaya uçub. Təkcə İngiltərədə, Almaniyada, Avstriyada, İsveçdə, Fransada, Hollandiyada nəşr edilən mətbu orqanların son tarixlərdəki çıxışlarına nəzər salmaq kifayət edər ki, həmin nəşrlər, həqiqətən də, Azərbaycanın inkişafına kölgə salmaqdan dolayı mənəvi iztirablar içindədirlər. Ona görə də bu gün "Eurovision"dan öncə yazılan müxtəlif yazılarda ölkəmiz haqqında yaradılmış yanlış rəylər kütləvi şəkildə təkzib edilir. Qərb qəzetləri isə imiclərini itirmək istəmirlər.

Eyni zamanda, artıq Azərbaycanın "ənənəvi müxalifəti" ciddi siyasi güc kimi dəyərləndirilmir. Artıq Qərb dairələri də anlayırlar ki, Azərbaycandakı demokratik vəziyyət hazırkı müxalifətlə uzlaşmır. Müxalifət yeniləşməli, dəyişməli və modernləşməlidir. Əgər bu baş verməzsə, müxtəlif nüfuzlu siyasi təşkilatlar bu barədə dağıdıcılıq yolu tutmuş müxalifət dairələrinə tövsiyələrini etməli olacaqlar. Bu isə, həm də o deməkdir ki, müxalifət dəyişiləcək, yaxud da tələblər qarşısında dəyişdiriləcək.

Bu gün P.Hüseynovun aqressiv müxalifət mətbuatında açıqladığı fikirlər, verdiyi müsahibələr isə, sadəcə, onun köhnəlmiş, arxivə doğru sürüklənən "ruporluq" xüsusiyyətlərinin nümunəsidir. Artıq bu kimi eyforiyalara qapılmağın özü də gülüncdür və istehza doğurur. P.Hüseynov isə həmin təsir altına düşən "lidrlərdən" biridir.


QİSMƏT

Digər xəbərlər