Bir sıra xarici KİV-lərin yaydığı məlumata görə, işğal altında olan Dağlıq Qarabağda terrorçuların və narkobaronların sıraları daha da genişlənir. Bu baxından, dünya birliyinin terrorçu şəbəkələrinin zərərsizləşdirilməsi üçün Azərbaycana hər hansı dəstək verməsi nə dərəcədə mümkündür? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Elçin Mirzəbəyli,
politoloq:
- Artıq uzun müddətdir ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasının tərkibində terrora qarşı mübarizəyə öz töhfələrini verib. Ancaq buna baxmayaraq, Azərbaycanın işğal altında olan əraziləri terrorçuların yuvasına çevrilib. Azərbaycan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terrora məruz qalmış bir dövlətdir. Təəssüflər olsun ki, bu günə qədər beynəlxalq terrorizmlə mübarizədə, digər məsələlərdə olduğu kimi, ikili standart mövcuddur. Ayrı-ayrı dövlətlərdə antiterror koalisiyasının tərkibində həyata keçirilən hərbi əməliyyatlar və terroru dəstəkləyən dövlətlərə qarşı beynəlxalq birliyin sərgilədiyi münasibət, təəssüf ki, Ermənistana münasibətdə sərgilənmir. Bu gün Azərbaycan işğal altında olan ərazilərinin terrorçuların və narkobaronların məkanına çevrilməsinin əsas səbəblərindən biri həmin torpaqların işğalçı qoşunların nəzarəti altında olması ilə bağlıdır. Təbii ki, beynəlxalq hüquq normalarına uyğun olaraq bütün məsuliyyət bilavasitə Ermənistanın üzərinə düşüb. Əgər Ermənistanın nəzarəti və işğalı altında olan torpaqlarda narkobiznes güclənirsə və terrorçu qrupların təlim mərkəzləri orada yerləşirsə, şübəsiz ki, Ermənistanın terroru narkotik qaçaqmalçılığı açıq şəkildə dəstəklənməsi deməkdir. Belə olan halda, şübhəsiz ki, Ermənistana qarşı bu və ya digər addımlar atılmalıdır. Bir sözlə, bu gün orada baş verən proseslərin təkcə narkotik qaçaqmalçılığının, terrorun, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının əsas səbəbi Ermənistanın işğalıdır. Əgər bu işğal aradan qaldırılarsa və Ermənistan işğalına son qayularsa, bu, təbii ki, həmin ərazilərdə sadalanan problemlər də olmayacaq.
Elşad Mirbəşiroğlu,
politoloq:
- Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında terrorçuların hazırlanması və narkobiznesin genişləndirilməsi kimi fəaliyyəti haqqında yayılan informasiyalar birinci dəfə deyildir. Yəni artıq uzun illərdir ki, Dağlıq Qarabağ ərazisində terrorçu qruplaşmalar hazırlanır və təlimatlandırılır. Təbii ki, bu haqda dünya ictimaiyyətində də kifayət qədər informasiyalar var. Amma təəssüflər olsun ki, bu informasiyalara laqeyd münasibətin şahidi oluruq. Təbii ki, Azərbaycan Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti ilə bağlı istər hüquqi baxımından, istərsə də mənəvi baxımından qəbulolunmaz fəaliyyəti ilə bağlı kifayət qədər informasiyaların yayılmasında fəallıq göstərməkdədir. Təəssüf ki, dünya ictimaiyyəti tərəfindən, yəni dünyanın terrorizimə və norkomaniyaya qarşı mübarizə aparan dövlətlərindən lazımi reaksiyanı görmürük. Təbii ki, onlar tərəfindən Azərbaycana hərtərəfli köməkliklər etmək üçün kifayət qədər əsaslar mövcuddur. Yəni Ermənistanın gözü önündə olan qeyri-qanuni fəaliyyəti mövcuddur. Bu fəaliyyət haqqında da biz lazımi mənbələrə lazımi səviyyədə məlumatlar ötürürük. Amma təəssüf ki, bu cür kifayət qədər faktların olduğu bir halda, dünyanın aparıcı dövlətləri hələ də Ermənistana münasibətdə susurlar.
GÜLYANƏ