Araz Əlizadə:
Yeni gələn köhnələri pisləyir,
Hər biri də məqsədini gizləyir,
"ACP" də "İP"-i yenmək istəyir,
İndi əsil sosdemlərin çağıdı.
Arzu Səmədbəyli:
Abrı ətəyinə bükdü Müsavat,
İsanın əlində çökdü Müsavat,
"İP"-in dəstəkçisi - yekdi Müsavat,
Qərargahı əsil cənnət bağıdı.
Araz Əlizadə:
Bürünübdü qaranlığa dost dəmlər,
"İP"-də xeyli azalıbdı qədəmlər,
İndi sürət götürübdü sosdemlər,
Bizə dəstək "QAT"-da Akif Nağıdı.
Arzu Səmədbəyli:
Müsavat da yıxmayacaq mənimi?
Başqan özü qovmaz başda çənimi,
"ACP"-di "İP"-in əsil qənimi,
Özümüzünkünə İsa yağıdı.
Araz Əlizadə:
İsa, Əli çox yedilər haramı,
Boss yeminin bizə qalmaz qramı,
Köhnəlməkdə partiyanın məramı,
Saralan da gözümüzün ağıdı.
Arzu Səmədbəyli:
Qərargahda hamı çıxıb mazağa,
Cənnət əhli üz tutubdu düzağa,
Müsavatdan Əkbər gedib uzağa,
"ACP"-ylə üstümüzə şığıdı.
Araz Əlizadə:
Artıq xeyli pisləşibdi durumlar,
Əsəblərə çəkilibdi tarımlar,
Solçuluğa meyl etməkdə qurumlar,
Getdiyi yol Sülhəddinin sağıdı.
Arzu Səmədbəyli:
Boss qoxusu tükənibdi kasanın,
Üstlərində bir hissəsi tasanın,
İndi "İP"-də Əli ilə İsanın,
İçdikləri zəhər ilə ağıdı.
Araz Əlizadə:
Rəsulun da bollu şabaş əlində,
"İP"-çilərin qalıbdı daş əlində,
Həm İsanın, Əlinin boş əlində,
Qalan iplik ayaqqabı bağıdı.
Arzu Səmədbəyli:
"İP"-də görmək mümkün deyil naqqalı,
"ACP"-yə cəlb edirlər baqqalı,
Qırxılıbdı Sülhəddinin saqqalı,
Ona qalan Rəsulun cod bağıdı.
Araz Əlizadə:
Mənzilləri çatmaqdadı sonlara,
Müsavatın əli çatmır conlara,
İndi Qərb də qrant vermir onlara,
Əllərində qalan qoyun qığıdı.
Arzu Səmədbəyli:
Düşdükləri uçurumun dibi boş,
Sülhəddinin özünün də təbi boş,
Nyu-Yorkda Rəsul qalıb cibi boş,
"İP"-də qrant sanki təzək tığıdı.
Araz Əlizadə:
Adlarına tuş gəlmədi ucalan,
Demək olmaz hətta Qərbdən bac alan,
İsa, Əli "palata"da qocalan,
Bu qurumun bayquşudu, vağıdı.
Arzu Səmədbəyli:
Ağarıbdı saç-saqqalı, birçəyi,
Bu vaxtında çıtlayıbdı çiçəyi,
Bu addımı Sülhəddinin gerçəyi,
Rəsulun da bu gedişi lağıdı.
Araz Əlizadə:
Alkaqolik sayılmamış hər içən,
20 ildi yorulmaqda yol keçən,
İsa, Əli vampir kimi qaniçən,
Müsavat, "İP" xalis qan çanağıdı.
Arzu Səmədbəyli:
Sözsüz, şirin su çıxmaz hər quyudan,
Lider olmaz canavardan, ayıdan,
Bizi "İP"-dən, həm İsadan soyudan,
Heç bir şey yox, adi el qınağıdı.
Araz Əlizadə:
Əli dəstək deyib, bosslara mələr,
Hay-harayı, mələrtisi daş dələr,
İsanı da döyməkdədi kütlələr,
Yaralanan həm sol, sağ yanağıdı.
Arzu Səmədbəyli:
Yetkililər "İP"-i ediblər bazar,
Liderlərin qarnını alıb azar,
Yüksək həddə qrant verən boss ki var,
Sosdemlərin sevimli qonağıdı.
Araz Əlizadə:
Xaric artıq doldurmayır hər kasa,
İndi qaçır altlarından həm masa,
Əli, İsa düçar olub iflasa,
"İP", "ACP" bunun son sınağıdı.
Arzu Səmədbəyli:
Heç kəsin yox, indi mənim turumdu,
Sədr olardım, əsəblərim tarımdı,
"Palata"mız nümunəvi qurumdu,
Əli, İsa liderlər qaynağıdı.
Araz Əlizadə:
Meydanlarda yürüşləri yaz anıb,
Bu cür liderləri ancaq qaz anıb,
İsa, Əli uğursuzluq qazanıb,
İflas etmiş "palata" oylağıdı.
Arzu Səmədbəyli:
Bişmiş əti sınıq dişi aşırmır,
Sosdemlər də bişi-düşü aşırmır,
Maliyyəçi artıq işi aşırmır,
Zədələnən Arazın oynağıdı.
MİRZƏ QƏRƏNFİL