Məlum olduğu kimi, ABŞ dövlət katibi Hillari Klinton Azərbaycana rəsmi səfəri zamanı, iddiaların əksinə olaraq, qondarma qurum olan "İctimai Palata" təmsilçiləri ilə görüşməkdən imtina etdi. Halbuki hələ səfər ərəfəsi dağıdıcı müxalifət təmsilçiləri iddia edirdilər ki, Hillari Klinton onlarla görüşlər keçirəcək, problem və qayğıları ilə maraqlanacaq. Lakin pozucu müxalifətin bu cür absurd iddiaları özünü doğrulmadı. Bu, bir daha sübut etdi ki, pozucu müxalifət Azərbaycan cəmiyyətində olduğu kimi xarici dairələr tərəfindən də qəbul olunmur. Elə millət vəkili Adil Əliyev və ASDP həmsədri Araz Əlizadə ilə də söhbətimiz bu mövzuda oldu.
Millət vəkili Adil Əliyev:
- ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana bu dəfəki gəlişi ölkəmizin bölgədə liderliyini birbaşa nümayiş etdirməklə bağlıdır. Azərbaycanın Qafqaz dövlətləri arasındakı nüfuzunu nəzərə alıb, Hillari Klintonun müxalifətlə görüşməməsi onu sübut elədi ki, Azərbaycanda, doğurdan da, müxalifət deyilən bir ünsür yoxdur və müxalifətlə görüşməməyin səbəbi də odur ki, müxalifətin qurduğu işlərin hamısı yalan üzərində qurulub. Bu gün müxalifətin mövqeyi Azərbaycan vətəndaşları arasında çox zəifdir. Onların dedikləri ilə bağlı heç bir sübut və dəlil olmadığı üçün xanım Hillari Klinton onlarla görüşmədi. Dövlətimizin Avratlantika məkanında Azərbaycanda gedən ictimai-siyasi prosesləri müşahidə edənlər müstəqil siyasət apardığını görürlər. Qonşuluq münasibətlərini qoruyub saxlayan bir dövlət kimi Azərbaycanda gedən prosesləri hörmətlə izləyən bir dövlətdir.
"İctimai Palata" təmsilçilərinin dedikləri öz təsdiqini tapmır. Onlar nə Nostradamusdurlar, nə də başqa güclü görücülərdir ki, dedikləri və proqnozları öz təsdiqini tapsın. Onların fikirləri öz əsasın tapmır, ümumilikdə, fikirləri yalan üzərində qurulub. Əvvəl onlar deyirdi ki, Hillari Klinton Azərbaycana gəlməyəcək, sonra dedilər ki, o, Azərbaycana müxalifətlə görüşməyə gəlir. Bu gün dünya miqyasında Azərbaycanla müəyyən qüvvələr hesablaşırlar, hətta məsləhətləşmələr də aparırlar.
ASDP-nın həmsədri Araz Əlizadə:
- Müxalifət öz səviyyəsizliyini göstərir. Əgər ABŞ-ın dövlət katibi Azərbaycana gəlirsə, deməli, rəsmi səfərə gəlir. Rəsmi sərəfdə isə ancaq rəsmi məsələlərlə məşğul olurlar. Lazımsız adamlarla görüşmürlər. Bu iddiaları ilə, onlar hamıya demək istəyirlər ki, bizdə varıq. Bizimlə də hesablarşırlar. Lakin "İctimai Palata" liderləri başa düşmürlər ki, onlar heç kəsdilər.
Babək Hacıyev