Azərbaycanda pozucu müxalifətin bütün imkanlarının tükəndiyini məlumdur. Bununla barışmaq istəməyən dağıdıcı müxalifətin həyata keçirdiyi siyasət Azərbaycan ictimaiyyətində olduğu kimi artıq xarici dövlətlərdə də yaxşı qarşılanmır. Baxmayaraq ki, bir sıra xarici dairələr bir zamanlar dağıdıcı müxalifətə qrantlar ayırırdı. Amma Azərbaycan cəmiyyətində qəbul olunmayan pozucu müxalifətə dəstək verən olmadı. Sonradan xarici havadarlardan köməklik uman dağıdıcı müxalifət yenə də çirkin siyasətindən əl çəkmədi. Mütamadı olaraq Azərbaycanda söz azadlığının olmadığını deyən dağıdıcı müxalifətin bütün iftiraları özlərinə qarşı yönəlir. Belə ki, bir müddət öncə, iddia edirdilər ki, ABŞ dövlət katibi Hillari Klinton Azərbaycana gələcək və bu səfər çərçivəsində demokratiyanın olmadığı barədə xanım Hillari Klintona məlumat verəcəklər. Lakin ümumiyyətlə xanım Hillari Klintonun səfəri zamanı dağıdıcı müxalifətlə görüşməməsi onların yalanlarını bir daha ifşa etdi. Azərbaycanın demokratik bir ölkə olduğunu yaxşı bilən ABŞ, bu ölkədə müxalifətin də olmadığı bilir. Bu səbəbdən, ABŞ rəsmisinin belə bir addım atması dağıdıcı müxalifət düşərgəsində narahatçılıq yaradıb. Elə mövzuda millət vəkili Jalə Əliyeva və Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevlə söhbətləşdik.
Millət vəkili Jalə Əliyeva:
- ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə, xüsusilə də, Azərbaycana səfəri müsbət dəyərləndirilməlidir. Əgər xanım Hillari Klinton Azərbaycana səfərə gəlirsə və yüksək qiymət verirsə, bu Azərbaycanın dünyadakı nüfuzundan irəli gəlir. Lakin bu nüfuz bəzi qara yazmaq istəyən insanlarda narahatçılıq yaradır. Xüsusulə də müxalifətdə. Ümumilikdə Azərbaycanın doğru yolda olduğunu təsdiqləyir. ABŞ dövlət katibinin səfəri zamanı müxalifətlə görüşməməsi gözlənilən idi. Xanım Hillari Klintonun bu addımı Azərbaycanda söz azadlığının olmaması, hər hansı demokratik bir prinsipin pozulması kimi halların olmadığını bir daha sübut etdi. Əgər Azərbaycanda söz azadlığı pozulsaydı, elə bu nüfuzlu ölkənin rəsmisi onlarla görüşərdi. Əgər onlarla görüşmədisə, demək, onların bütün danışdıqları cəfəngiyyatdır. ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan dövlətinin başçısı İlham Əliyevlə də görüşdü. Daha sonra mətbuat konfransı da keçirdi. Məlum oldu ki, Azərbaycan demokratik dəyərləri qoruyan və ona hörmətlə yanaşan dövlətdir.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev:
- Əslində, deyim ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana etdiyi səfər və keçirdiyi protokol xarakterli görüşlər özündə bir neçə məqamı ehtiva etdi. Birincisi, aparılan danışıqların və məsləhətləşmələrin gedişatından da bir daha aydın oldu ki, ölkəmiz öz geosiyasi mövqeyini qoruyub saxlaya bilib. Ən önəmlisi isə, Amerikanın bizə olan münasibəti müxalifətin iddia etdiyi kimi dəyişməyib. Əksinə, qarşılıqlı dövlətlərarası münasibətlər və strateji əməkdaşlıq həmin müzakirələrin əsas predmeti olub. Xanım Klintonun cənab Prezidentlə görüşdə ölkəmiz adına söylədiyi bütün fikirlərdəki xüsüsi məmnunluq hissi də dediklərimin bariz sübutudur. Və heç şübhəsiz ki, regiondakı sabitlik Amerika üçün son dərəcə önəm kəsb edən mövzulardandır. Elə bu səbəbdən də, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ciddi məsləhətləşmələrə zaman ayırıldı. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmi dövlət katibi tərəfindən xüsusi vurğulandı. Enerji sahəsindəki perspektivlər barədə fikir mübadiləsi getdi. Amma görün radikal müxalifətinin sahiblik etdiyi nəşrlər nə yazır: "Klintondan Azərbaycana demokratiya tələbi", "Klintondan Azərbaycan hakimiyyətinə sərt mesaj", nə bilim, insan hüquqları belə getdi, söz azadlığı elə gəldi...
Vallah-billah, ayıbdır. Bunların, deyəsən, utanma hissi tamamən tükənib. Fakt budur ki, xanım dövlət katibi Ermənistan və Gürcüstan müxalifəti ilə müzakirələrə ayırdığı vaxtı Azərbaycan müxalifətinə ayırmadı. Vətəndaş cəmiyyətinin üzvləri ilə görüşdü, amma onlarla görüşmədi. Çünki olmayan bir şeylə necə görüşmək olar ki?! Və əslində, başa düşən üçün bu yetərli bir jest idi və bununla da siyasi müxalifətin aylardır apardığı təbliğatın üzərindən qara bir xətt çəkildi. Bir daha da dünyaya mesaj verildi ki, Amerika siyasi güc olaraq, Azərbaycanın mövcud hakimiyyətini tanıyır və qarşılıqlı əməkdaşlıqda maraqlıdır.
BABƏK HACIYEV