Dağıdıcı müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalarda
avtoritar rejim idarəçiliyi artıq mətbuat xidmətlərinə də sirayət etməkdədir. Maraqlıdır
ki, guya ölkədə söz və mətbuat azadlığının pozulduğunu iddia edən "aparıcı müxalifətin liderləri" öz partiyaları
daxilindəki rəhbərlik funksiyalarını özəlləşdirərək, həm təşkilatdaxili nizamnaməyə,
həm də demokratik dəyərlərə kifayət qədər zərbə vurmuş olurlar. Xüsusilə, siyasi
təşkilatların mətbuat xidmətləri, informasiya şöbələri azad şəkildə fəaliyyət göstərməlidirlər
ki, partiya haqqında məlumatlar cəmiyyətə vaxtında və düzgün ötürülsün. Bu baxımdan,
hakimiyyəti qərəzli şəkildə ittiham edən AXCP (i)-Müsavat partiyalarının rəhbərlikləri
şəxsi siyasi dividendləri naminə göstərdikləri gizli fəaliyyətlərini ictimailəşdirməməkdən
ötrü, özlərinə yaxın olan adamlarını mətbuat rəhbəri təyin edirlər. Bu isə söz və
informasiyanın məhdudlaşdırılması anlamını daşıyan faktor kimi başa düşülməlidir.
"Cəbhədə" də həmin vəziyyətdir
Təkcə son illər ərzində AXCP (i)-yə məxsus informasiya şəbəkələrində
- "Azadlıq" qəzetində, partiyanın saytında, eləcə də, "cəbhənin"
informasiya məkanında baş verən hadisələrə nəzər salsaq, görərik ki, oradan nə qədər
insan uzaqlaşdırılıb. Hətta partiya sədri haqqında real həqiqətləri ictimailəşdirən
şəxslərə qarşı müxtəlif çirkin kampaniyalar aparılıb. Buraya Azər Əhmədov, Qan Turalı
olaylarını, məlum Elnur Astanbəyli qiyamını və bu kimi onlarla hadisələri əlavə
etmək mümkündür. Onların hər biri zamanında AXCP (i) sədri Ə.Kərimovun siyasi fırıldaqları
haqqında kifayət qədər məlumatlı olublar. Lakin müəmmalı şəkildə oradan uzaqlaşdırılıblar.
Söz yox ki, bu gün partiya sədri Ə.Kərimovun bilavasitə partiyaya məxsus "Azadlıq"
qəzetinə baş redaktorluğu, onun öz imzasını "informasiya şöbəsi" kimi
təqdim etməsi vurğulanan fikirləri sübuta yetirmiş olur.
Daha bir sübut
Xatırladaq ki, artıq bir neçə gündür ki, Müsavat başqanı İsa
Qəmbərov partiyanın məclis üzvü Leyla İlqarı mətbuat və informasiya şöbəsinin rəhbəri
təyin edib. Qeyd edək ki, indiyə kimi bu funksiyanı mətbuat üzrə müavinlik, daha
dəqiq desək, Mehman Cavadoğlu icra edirdi.Digər maraqlı məqam isə ondan ibarətdir ki, qərar qəbul edilərkən,
M.Cavadoğlunun bundan xəbəri olmayıb. Yəni onun fikri, münasibəti öyrənilmədən məlum
qərar qəbul olunub. Düzdür, İ.Qəmbərova yaxınlığı ilə seçilən L.İlqar faktları təkzib
etməyə cəhd göstərsə də, onun yalan informasiyaları real olaraq qəbul edilmir. Məsələn,
L.İlqar deyir ki, rəhbərlik etdiyi mətbuat və informasiya şöbəsi mətbuat məsələləri
üzrə müavinliklə birgə fəaliyyət göstərəcək: "Həm mətbuat üzrə başqan müavini
Mehman Cavadoğlu, həm də mətbuat və informasiya şöbəsi mətbuatla işləyəcək".Ancaq nədənsə burada "iki qoçun başı bir qazanda qaynamaz"
prinsipinin mövcudluğu unudulub. Əgər M.Cavadoğlunun bundan xəbəri yoxdursa, demək,
onun adı ikinci plana keçib. Bu isə həm də onun partiyadan uzaqlaşdırılması deməkdir.
Xatırladaq ki, M.Cavadoğlu da zaman-zaman İ.Qəmbərovun partiya fəaliyyətini ciddi
tənqid edənlərdən biri olmuşdur, indi də olmaqdadır. Məhz bu baxımdan, onun yenisi
ilə əvəz olunması bütün kartları açıq edir.Eyni zamanda, L.İlqar "Eurovision" ərəfəsində İ.Qəmbərovun
hansı xarici siyasi dairələrdən sifarişlər alması haqqında tam təfsilatla məlumatlı
olan şəxslərdəndir. Bu səbəbdən də Müsavat başqanı gizli fəaliyyətinin ictimaiyyətə
çatdırılmaması üçün onu həmin vəzifəyə təyin edib.M.Cavadoğluya gəlincə isə, demək mümkündür ki, artıq o, işlədilmiş
birdəfəlik əl dəsmalı kimi İ.Qəmbərova lazım deyil.Nəticədə isə, vurğulamaq mümkündür ki, bu gün partiyalarının
informasiya şöbələrinə yiyələnmiş təşkilat rəhbərləri avtoritar rejim idarəçilikləri
ilə həm demokratik dəyərlərə, həm də azad fikrə qarşı embarqolar qoymaqla yanaşı,
əslində, diktatorluq təfəkkürünə nə qədər yaxın olduqlarını nümayiş etdirirlər.
R.NURƏDDİNOĞLU