PDF Oxu

Müxalifət

  • 48

Radikal müxalifət yenidən Avropadakı qərəzli dairələrə al açır

Radikal müxalifət yenidən Avropadakı qərəzli dairələrə al açır

Artıq uzun illərdir ki, Azərbaycanda "müxalifətçilik" edən radikallar hər bir beynəlxalq əhəmiyyətli tədbirlər, siyasi hadisələr zamanı müxtəlif anti-Azərbaycan dairələrin yardımı ilə hakimiyyətə gəlmək xülyası ilə ölkədə ictima-siyasi sabitliyi pozmağa cəhdlər göstərir. Lakin hər dəfə də bu cəhdləri uğursuz alınan radikallar və onları maliyyələşdirən qərəzli dairələr daha da aqressivləşərək, növbəti çirkin kampaniyalara start verirlər.

Söz yox ki, Azərbaycanda dövlətə qarşı təxribatlar həyata keçirmək istəyən radikalların əsas məqsədi kənar qüvvələrin dəstəyilə hakimiyyətə gəlməkdir. Bu prosesdə, konkret olaraq, nə Əli Kərimovu, nə İsa Qəmbərovu, nə də Rəsul Quliyevi legitimlik problemi düşündürür. Yəni əhalinin dəstəklədiyi siyasətçilər kimi onların hakimiyyətə gəlmək şansları sıfıra bərabərdir. Çünki xalq tərəfindən tarixin arxivinə göndərilmiş bu şəxslər alınlarındakı satqınlıq damğası ilə insanların qarşısına çıxa bilməzlər.

Bu radikalların satqınlığını, xalqın və dövlətin düşməni olduğunu, milli maraqları şəxsi mənafelərinə qurban vermələri "Eurovision-2012" mahnı yarışması ərəfəsində və müsabiqənin keçirildiyi günlərdə də müşahidə etdik. Xarici anti-Azərbaycan qüvvələrinin ölkəmizdəki "beşinci kolon"u funksiyasını yerinə yetirən radikal müxalifət, xüsusilə də, Əli Kərimov və İsa Qəmbərov min bir çirkin planlar qurdu və onları reallaşdırmağa çalışdı. Gah icazəli mitinqlər keçirdilər, bunun nəticəsi olmadıqda isə, icazəsiz piketlərə və saxta aclıq aksiyalarına başladılar, hətta saxta tədbirlər təşkil etdilər, qısır fikirlər yaydılar, şou düzənlədilər. Amma bunların heç birinin əhəmiyyəti olmadı. Radikalların və onların himayədarlarının cəhdlərinin nəticəsiz qalmasının isə bir neçə səbəbi var:

- birincisi, radikal müxalifətin Azərbaycan cəmiyyətində dəstəyi və nüfuzu yoxdur,

- ikincisi, Əli Kərimovun və İsa Qəmbərovun rəhbərlik etdiyi "müxalifət" ibtidai düşüncə səviyyəsindədir və bunu da onların siyasi mübarizə metodları sübut edir,

- üçüncüsü, radikal müxalifət hələ də düşünür ki, Azərbaycan sosiumunda meydan təfəkkürü qalmaqdadır,

- dördüncüsü, radikalların düşüncəsilə Azərbaycan cəmiyyətinin siyasi şüur və siyasi mədəniyyət səviyyəsi arasında böyük uçurum var,

- beşincisi, radikal müxalifətin insanlara vəd verə biləcək sözü yoxdur,

- altıncısı, siyasət insanları inandırmaqdırsa, müxalifət cəmiyyətin inamını çoxdan itirib və s.

Səbəblərin siyahısını uzatmaq olar. Çünki burada siyasi əxlaq və etika, siyasi mentalitet və davranış, ictimai rəy və digər komponentlərin təhlil göstərəcək ki, Əli Kərimov və İsa Qəmbərov Azərbaycan cəmiyyəti üçün keçmiş qara tarixdir.

Onsuz da Azərbaycanda artıq gənc nəsil formalaşır və radikalların bundan sonrakı dağıdıcı fəaliyyəti heç kəsin marağında olmayacaq. Burada onların ata biləcəyi yeganə addım daha çox rəzil olmadan siyasətdən kənarlaşmaqdır. Daha bundan sonra hansısa xarici qərəzli dairəyə əl açıb və xahiş edib Azərbaycana qarşı cəbhə formalaşdırmaq əbəs iş olacaq. Elə radikalların növbəti yalvarışları kimi.

Məlumat üçün bildirək ki, radikal müxalifət bu yaxındarda Avropadakı qərəzli dairələrə yenidən əl açaraq, onlardan Azərbaycana qarşı təzyiqləri artırmağı xahiş ediblər. Adını "ictimai müzakirələr" qoymuş radikallar, görünür, növbəti qarşıdurma planları hazırlayırlar.

Həmçinin, Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt bu gün bir qrup müxalifət partiyasının nümayəndələri ilə görüşüblər. Müxalifət partiyalarının nümayəndələri AŞPA həmməruzəçilərini mövqelərini müəyyənləşdirməyə, Azərbaycanda demokratiya əleyhinə olan addımlara dair hesabat hazırlamağa çağırıblar. Müxalifət təmsilçiləri, eyni zamanda, son illər Avropa Şurasının Azərbaycanda ciddi monitorinq aparmamasını tənqid ediblər. Məruzəçilərin hazırladığı məruzənin mətni də müxalifət təmsilçilərinin tənqidinə tuş gəlib. AŞPA təmsilçilərinə bildirilib ki, onlar öz prinsiplərinə hörmət edərək, Azərbaycanda qanunların pozulmasına haqq qazandırmamalıdırlar. Əks- tərəf isə AŞPA-ya yönələn iradları qəbul etməsə də, qarşı tərəfin mövqelərinə hörmət etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycanın uğurlarına kölgə salmaq üçün erməni lobbisinin təsiri ilə Avropa Parlamenti ölkəmizə qarşı ədalətsiz və əsası olmayan sənəd qəbul etdi. Bu, Azərbaycan cəmiyyətində kəskin etirazla qarşılansa da, sevinən yalnız radikal müxalifətçilər oldular. İndi yenidən yığışaraq, istəyirlər ki, Avropadakı qərəzli dairələrdən eyni məntiqli addımların atılmasını xahiş etsinlər. Lakin düşünürük ki, avropalılar bir daha belə bir səhvə yol verməyəcəklər. Çünki onlar anlayırlar ki, Azərbaycan bu gün Avropa üçün həyati əhəmiyyətə malikdir. Qitənin enerji təhlükəsizliyini məhz Azərbaycan təmin edə bilər. Bu mənada, avropalılar, çox güman ki, Azərbaycandakı əlaltılarının xahişlərini cavabsız qoyacaqlar.


"Səs" Analitik Qrupu

Digər xəbərlər